“İnformasiya mühitində müasir gəncliyin virtual imkanları və kitabxanaların özünüifadə metodları” mövzusunda treninq
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 oktyabr 2019-cu il tarixdə şəhər və rayon kitabxanalarının aparıcı mütəxəssisləri üçün “İnformasiya mühitində müasir gəncliyin virtual imkanları və kitabxanaların özünüifadə metodları” mövzusunda treninq başlamışdır.
Kitabxananın direktoru Oruc Quliyev treninqi açaraq iştirakçıları salamladı. O, treninqin keçirilməsinin əsas məqsədi və müzakirə olunacaq mövzular haqqında iştirakçılara məlumat verdi. Sonra hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova “Müasir informasiya məkanında texnoloji alətlər”- Kitabxanalarda təbliğat xarakterli vəsaitlərin hazırlanması üçün istifadə olunan proqramlar” mövzularında iştirakçılara məlumat vermiş, sualları cavablandırmışdır.
Treninq müddətində iştirakçılara informasiya mühitinin yeni virtual imkanları, bu virtual aləmdə kitabxanaların və istifadəçilərin davranış mexanizmi, kitabxanalar qarşısında duran yeni vəzifələr haqqında maraqlı məruzələr və təqdimatlar olacaqdır. Qarşılıqlı təcrübə və informasiya mübadiləsi şəraitində keçəcəyi planlaşdırılan treninqdə kitabxananın çap olunan yeni nəşrlərinin təqdimatı da keçiriləcək.
Bakı, Gəncə şəhər, Xaçmaz, Şəki Quba, Qusar, Ağcabədi, Göyçay, Qax, Astara, Ağdaş, Ucar, Zərdab rayon Mərkəzi Kitabxanalarının əməkdaşlarının iştirak etdiyi treninq 18 oktyabr 2019-cu il tarixədək davam edəcəkdir.