İohann Sebastyan Bax
Məşhur musiqiçilər nəslinin davamçısı, dahi alman bəstəkarı İohann Sebastyan Bax polifonik musiqinin nümayəndəsidir. O, bu mürəkkəb bədii üslubun yaradıcılıq imkanlarını xeyli zənginləşdirərək, onu yeni zirvəyə yüksəltmişdir. Bax soyadını daşıyan ailədə musiqiçilik atadan oğula sənət kimi ötürüldüyündən bəzən Almaniyada yarıciddi, yarızarafat hər musiqiçiyə Bax və belə bir soyadı olan hər insana musiqiçi deyərdilər.
Bax valideynlərini itirəndə heç 10 yaşı yox idi. Onun tərbiyəsilə böyük qardaşı İohann Kristof məşğul olur. İlk musiqi savadını da qardaşından alır. Amma qardaşı nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, heç notlara əl vurmağa da ona izn vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş dolabda saxlanırdı. Bir gün gecəyarısı hamı yatandan sonra Sebastyan əlini barmaqlıqlar arasından salıb kitabı rahatca oğurlayır. Çırağı olmadığından bu notları ay işığında köçürməli olur. Yalnız 6 aydan sonra musiqi "şikarı" tam əlinə keçən zaman qardaşı onu "cinayət başında" yaxalayır, həm surəti, həm də orijinalı əlindən alır. Belə cəzadan hiddətlənmiş Bax göz yaşları içində: "Əgər, belədirsə, onda mən özüm musiqi yazaram, bu musiqidən də min dəfə yaxşısını yazaram!", - deyir. Kiçik Bax sözünü havaya tullayanlardan deyildi. Arzuladığı kitabı isə o, yalnız qardaşının ölümündən sonra bir daha əlinə keçirə bildi. Amma taleyin cəzası qardaşının cəzasından da ağır oldu. Gecə qaranlıqda çalışmaqdan Sebastyan gözünün nurunu itirmişdi...
Musiqi tarixinə ən çox əsər bəxş edən Baxın məhsuldarlığı onun təkcə sənət həyatında deyil, ailə həyatında da özünü göstərib. Belə ki, bəstəkarın iki həyat yoldaşından 20 uşağı olub. Amma onlardan təəssüf ki, təkcə 10-u yetkinlik yaşına çata bilib, digərləri ya doğum zamanı, ya da körpə yaşlarında həyatla vidalaşıb.
Dahi bəstəkar əlavə qazanc üçün həm toy, həm də matəm mərasimlərində ifa etmək məqsədilə musiqilər bəstələyirdi. Amma şəhərin camaatı, deyəsən, ölmək fikrində deyildi. Ona görə də Bax ailəsi ehtiyac içində yaşayırdı. Arvadı şikayət edib bir azdan evdə bir tikə çörək tapılmayacağını bildirərkən Bax ona belə cavab vermişdi: "Əzizim, Leypsiqin havası çox yaxşıdır. Burda adamlar ölmək istəmirsə, mən neyləyə bilərəm?"
Şəhər müəllimi kimi geyinib gözdəniraq kilsələrdə peyda olmağı sevən Bax, adətən, kilsəyə uyğun olmayan qeyri-adi musiqilər ifa etməklə insanları qorxuya salırdı. Onlar elə bilirdi ki, kilsəyə iblisin özü gəlib...
Musiqi sədaları altında yuxuya getməyi sevən Bax, yatağa girəndə oğlanları növbəylə onun üçün musiqi çalmalıydı. Uşaqlar bu məcburiyyətdən bezsə də, bir neçə dəqiqədən sonra otağı bürüyən xorultu səsinə çox sevinərdilər.
Gözlərini iki dəfə əməliyyat etdirən Baxın həkimin səriştəsizliyi ucbatından nəinki görmə qabiliyyəti, hətta sağlam canı da dərmanların təsiri ilə sıradan çıxır. Ölümünə 10 gün qalmış gözləri sanki görməyə başlayan 66 yaşlı bəstəkar, sonrakı iflic zərbəsindən artıq ayıla bilmir və "Tanrım, yanına gəlirəm" deyərək həyatla vidalaşır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.