İosif Brodski
"Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir". Bu, sinif rəhbərinin onun haqqında verdiyi xasiyyətnamə idi. Söhbət "tüfeyli şair" adını qazanan, gənc yaşlarında həbsə düşən, psixiatrik xəstəxanada yatan məşhur rus və ingilis şairi İosif Brodskidən gedir...
Şair Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yəhudi əsilli ziyalı ailədə dünyaya göz açıb. Atası - Aleksandr Brodski hərbi fotomüxbir, anası isə mühasib idi. Brodski uşaqlıq illəri haqqında danışmağı sevməzdi, qısaca "adi illər idi", - deyib üstündən keçərdi. Halbuki, bu "adi illər" Leninqradın blokadada olduğu dövrə təsadüf edirdi.
Deyilənə görə, Brodski orta məktəbdə çox pis oxuyub və müəllimlərini bezdirirmiş. Dərs zamanı dəftərini gərəksiz qeydlər və rəsmlərlə doldururmuş. Elə bu səbəbdən bir neçə dəfə məktəb dəyişib. Yeddinci sinfi "2" qiymətlərlə "başa vuran" gələcəyin şairi təhsilini axşam məktəbində davam etdirməli olub. Azad dinləyici kimi universitet mühazirələrində iştirak edib. Sonralar sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilib. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyib, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyub.
16 yaşından şeir yazmağa başlayan şairin yaradıcılığında Anna Axmatovanın böyük rolu olub. 60-cı illərin əvvəllərində onun yaradıcılığına faktiki olaraq qadağa qoyulub. Şairin əleyhinə "tüfeyliliyə görə" cinayət işi qaldırılıb. Məhkəmə onu 5 il azadlıqdan məhrum edib. Sovet məhkəmə sistemini ifşa edən şairin şeirlərinə və fikrinə görə həbs edilməsi o zaman Qərb dövlətlərini şoka salmışdı. Qərbdən dəstək gələnə qədər o dövrün görkəmli mədəniyyət nümayəndələri ayağa qalxmışdılar. Gənc şair məhkəmə sistemini ifşa etməklə yanaşı, həm də ziyalılıların birliyinə nail olmuşdu. Şairin vətənindəki həyatına diqqət edək: o, 15 yaşında orta məktəbi tərk edir, 18 yaşında "tüfeyli" şair adını qazanır, 20 yaşında həbs olunur, 23 yaşında həbsxanada psixiatrik klinikaya salınır, 32 yaşında isə ölkəni məcburi tərk edir.
Arxangelskə sürgün edilən Brodski elə həbsxanada ikən gələcək həyatını poeziyaya həsr etməyi qərara alır. Bir ildən sonra o, azadlığa buraxılır və doğma şəhəri Leninqrada qayıdır. Bu dövrdən başlayaraq Brodski beynəlxalq aləmdə tanınan yaradıcı şəxsiyyətə çevrilir. Şair bir sıra Qərb universitetlərində mühazirələr söyləmək üçün dəvətlər alır və şeirləri Avropada çap olunur. Nəhayət Brodski mühacirət yolunu seçir. Hava limanında sənətkar acı-acı deyir: "Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam".
Şair Arxangelsdə sürgündə olarkən özündən 2 yaş böyük Marianna Bosmanova adlı rəssam xanımla tanış olur. Onların bir oğlu dünyaya gəlir. Brodski mühacirətə gedəndə elə zənn edir ki, onlar üçlükdə gedəcəklər: o, Marianna və oğulları. Amma hər şey əksinə olur. Marianna ondan ayrılır, oğluna da öz soyadını (Bosmanov) verir. Brodski isə hətta mühacirətdən də Mariannaya şeirlər yazırdı: "Biz bir yerdə olmağa məhkumuq, taleyimiz belə deyir. Biz mütləq görüşəcəyik - fevralın 31-ə mərc gəlirəm".
Brodski sonralar keçmiş sevgilisini gah qınayır, gah suçlayır, gah da unutduğunu deyirdi. Uzun illər tək-tənha yaşayan şair yalqızlığını pişiklərlə paylaşırdı. Amerikada dostlarından, doğmalarından uzaqda yaşayanda "ailənin" yeganə üzvü Missipi adlı pişik idi... Şair siqareti çox çəkirdi. Ən sevdiyi siqaret brendi isə "Camel" idi. Viskini də çox içən şair 4 dəfə infarkt keçirmişdi. Həkimlər ona zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etsələr də o buna məhəl qoymamışdı. Həkimlərdən biri ona demişdi: "Siqareti tərgitsəniz, daha 10 il yaşaya bilərsiz, bir həkim kimi sizə zəmanət veririk!" Ölümdən qorxmayan, əksinə onu qaçılmaz və həyatın "redaktoru" sayan Brodski belə cavab vermişdi: "Həyat elə onun üçün gözəldir ki, heç vaxt, heç nəyə zəmanət yoxdur".
Mariya Sotsaniyə aşiq olanda Brodskinin 50 yaşı vardı. Həyatın elə mərhələsindəydi ki, artıq özünün dediyi kimi, mənəvi qanunlar ağır gəlmirdi. Saçları ağarmış şair tələbələrinin arasında rus mənşəli bir italyan gözəlini görür. Mariya Sotsani sanki intibah dövrü rəssamlarının tablolarından zühur etmişdi... Çox keçmir ki, onlar ailə qururlar. İki ildən sonra xoşbəxt valideynlərin mələküzlü qızları-Anna dünyaya gəlir. Dostları deyirdilər ki, Brodskinin Mariya ilə keçirdiyi 5 il onun indiyə qədər yaşadığı 50 ilə dəyərdi. Lakin şairin uzun illər sonra tapdığı xoşbəxtlik çox da uzun sürmür. O, 55 yaşında ürəktutmasından vəfat edir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.