İosif Kobzon
Kreml Sarayı və İttifaqlar Evinin sütunlu salonunu konsert səhnəsinə çevirən, qara kostyumu, ağ köynəyi, boynundakı "kəpənəyi" - dəyişməz imici ilə yaddaşlarda qalan, "qanuni oğru"larla dostluq edən məşhur estrada müğənnisi, SSRİ Xalq artisti, Rusiya Dövlət Dumasının deputatı olmuş İosif Davidoviç Kobzon...
Donetsk vilayətində doğulan müğənninin uşaqlığı çox çətin keçib. Bir neçə dəfə yaşadığı yeri dəyişməyə məcbur olan Kobzon müharibədən əvvəl ailəsi ilə birlikdə Lvova köçüb. Balaca İosifin atası cəbhəyə gedib, anası isə Özbəkistanda yaşamaq məcburiyyətində qalıb. Ona bir daha atasını görmək nəsib olmayıb. Anasının himayəsində böyüyən müğənni müsahibələrində belə deyirdi: "Anam mənim mənəvi yol göstərənim olub". 8-ci sinfi bitirəndən sonra Dnepropetrovskda texnikuma daxil olan İosif təhsil aldığı illərdə boksa maraq göstərir, ancaq ilk aldığı ciddi zədədən sonra idmanın bu təhlükəli növünü tərk etmək qərarını verir və musiqini seçir. Texnikumun səhnəsi bariton səs tembrinə sahib gənc üçün ilk yaradıcılıq meydanına çevrilir.
Kobzon təkcə məharətli ifaları ilə deyil, həm də maraqlı yaşam tərzi, müxtəlif şayiələr və fərziyyələrlə əhatə olunmuş həyatı ilə də yaddaşlarda qalıb. Onunla əlaqəli ən çox müzakirə olunan mövzulardan biri də müğənninin kriminal aləmlə, xüsusən də "qanuni oğru"larla gizli dostluq münasibətləri idi. Birbaşa sübut olunmasa da bir çox mənbə iddia edir ki, Kobzon kriminal aləmin nümayəndələri ilə yaxından dostluq edib. Müğənniyə yaxın olanların sözlərinə görə, Kabzonun "qanuni oğru"larla əlaqələri Rusiyada reketçilik və banditizmin geniş yayıldığı vaxtdan başlamışdı.
Bəzi məlumatlara görə, milyoner Kobzon müxtəlif məsələlərdə ona yardımçı olan və hər cür təhlükəsizliyini təmin edən kriminal avtoritetlərin himayəsindən yararlanırdı. Qarşılıqlı olaraq müğənni öz populyarlığından istifadə edib, istintaq və məhkəmə işlərində hakimiyyət dairələrinin əli ilə onlara müxtəlif formada dəstək olurdu.
O həmin şəxslərlə qarşılıqlı hörmət, dostluq münasibətində qalmaqla bərabər, bu avtoritetlərlə həm də ortaq biznes əlaqələrinə malik idi. Kobzonun kriminal aləmlə münasibətləri hələ də mübahisə mövzusu olaraq qalır. Bəziləri iddia edir ki, müğənni dövrə görə "qanuni oğru"larla ünsiyyət qurmağa məcbur olmuş, bəziləri isə onun özünün kriminala meyilli olduğunu söyləyirlər. Hər halda Kobzonun kriminal aləmlə əlaqəsi inkar edilməyən bir faktdır. Bu əlaqələr onun karyerasında və həyatında zaman-zaman öz rolunu oynamışdır.
İosif Kobzonun adı çəkilərkən məşhur "Nord Ost" hadisəsi yada düşür. Yaşlı nəsil xatırlayar, 2002-ci ilin 23-26 oktyabr tarixlərində Moskva "Nord-Ost" Teatr Mərkəzində çeçen terroristləri tərəfindən bütün tamaşaçılar təxminən 920 nəfər girov götürülmüş, bu qanlı olayda 170 nəfər həlak olmuşdu. Həmin hadisələr ərəfəsində Kobzon kriminal aləmin nüfuzlu şəxsi kimi terrorçularla danışıqlara gedərək girovlardan beş nəfəri xilas etmişdi. O, terrorçulara girovların hamısının buraxılmasını və əvəzində tək onun özünün girov kimi saxlanılmasını təklif etmişdi. Lakin terrorçular onun bu təklifini qəbul etməmişdilər...
Kobzonun şəxsi həyatı estradadakı karyerası kimi o qədər də hamar olmadı. 3 qadın, uğursuz nikahlar... Veronika Kruqlova ilə anasının məsləhəti olmadan evləndi. Anası əzəldən "gözüm bu nikahdan su içmir" desə də, Kobzonun hissləri qəlbinə hakim oldu. İki il sonra cütlük ayrıldı. Veronika başqa bir məşhur ifaçıya - Vadim Mulermana ərə getdi. Bir müddət sonra isə Amerikaya köçdü. Müsahibələrinin birində estrada ulduzu ilə nikahının onu azca da olsa sındırmadığını demişdi. Kobzonun Lyudmila Qurçenko ilə evliliyi isə 3 il sürdü. Sonradan Qurçenko bu izdivacın həyatının ən böyük səhvi olduğunu etiraf etdi. Müğənninin həyatının üçüncü qadını isə 70-ci ildə ailə qurduğu Ninel Mixaylovna oldu. Hamının "gözəl" adlandırdığı Ninel müğənnidən 13 yaş kiçik idi. Nüfuzlu yəhudi ailəsində doğulan bu ağıllı və evdar qız ən əsası şou-biznesdə olmağı arzulamırdı. Baxmayaraq ki, onun bütün kriteriyaları şou-biznesə uyğun gəlirdi. Bu gün hamı onu Nelli Kobzon kimi tanıyır. Müğənninin üçüncü seçimi anasının da xoşuna gəldi və onlar birlikdə 47 il ömür sürdülər.
Müğənni 15 il onkoloji xəstəlikdən əziyyət çəkib. Ağır cərrahi müdaxilələrdən sonra o, uzun müddət xəstəxanalarda müayinə olunub. Xəstə olmasına rəğmən ömrünün sonuna kimi qastrollarından qalmayan Kobzon səhnəsiz yaşaya bilməyib. 81 yaşında illərlə mübarizə apardığı onkoloji xəstəlikdən vəfat edən görkəmli estrada müğənnisi həmişə belə deyirdi: "İstərdim ki, bu cür xatırlasınlar: Belə bir Kobzon vardı".
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.