“İrəvan quberniyasının tarixi” kitabının təqdimatı

18 aprel, 2022
Paylaş:

“İrəvan quberniyasının tarixi” kitabının təqdimatı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 aprel 2022-ci il tarixində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənc Musiqiçilərə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə ETİ-nin şöbə müdiri, tarixçi alim, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabının təqdimatı keçirildi. Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələri əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkilib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğu sübuta yetirilmişdir.

Təqdimat mərasimində respublikanın görkəmli elm və ictimai xadimləri iştirak etdi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabının ərazilərimizin coğrafi mövqeyi mövzusunda  yazılan dəyərli bir monaqrafiya olduğunu, ciddi bir əməyin, gərgin elmi tədqiqatların sayəsində ərsəyə gəldiyini qeyd etdi.  Belə bir tədqiqat əsərinin yetişməkdə olan Azərbaycan gəncliyi üçün öz tarixini, coğrafi mövqelərini tanımasında əhəmiyyətli rol oynayacağına inandığını söylədi.

Tarix elmləri doktoru, prof. Solmaz Rüstəmova Tohidi öz çıxışında İravən quberniyasının ümumi çəkişmələr fonunda uzun illər ərzində mübahisəli ərazi olmasından və bu mövzunun belə dəqiqliklə, hərtərəfli tədqiq edilməsinə ehtiyacın olduğunu qeyd etdi.

BDU-nun dosenti, kitabın rəyçisi Sevinc Qasımova Osmanlı arxivində olan sənədlər əsasında yazılan bu kitabı tarixşünaslıq elmi üçün dəyərli əsər adlandırdı.

Tarix üzrə fəlsəfə doktorları Tahir Şahbazov, Fərhad Cabbarov, AMEA, ETİ-nin şöbə müdiri Elvin Talışinski kitabda, vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatların yer almasını və bunun da öz növbəsində kitabın tarixi əhəmiyyətini artırmasını xususilə vurğuladılar.

Təqdimat iştirakçılarının hər biri kitabın xarici dillərə tərcümə olunması və daha  geniş oxucu kütləsi arasında təbliğ olunması zəruriyyətindən danışdılar. 

Müəllif  Ziyad Əmrahov gərgin tədqiqatlar nəticəsində “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabını 3 il ərzində yazıb, ərsəyə gətirməsi və tezliklə ikinci hissəsi üzərində işlərə başlayacağı haqqında məlumat verdi.  Sonda müəllif tədbirin təşkili üçün kitabxanaya təşəkkürünü bildirdi və “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabından bir neçə nüsxə kitabxanaya hədiyyə etdi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()