Jan Mare
Dünya kinosunun ulduzu, milyonlarla qadının əlçatmaz arzusu olan, "Fantomas" obrazının məşhur ifaçısı, əfsanəvi aktyor Jan Mare... Bütün Fransa qadınları Mareni sevsələr də, onu xanımlara qarşı marağı olmayıb...
Jan Villen Mare Fransanın Şerbur şəhərində anadan olub. Gənc yaşlarından zahiri görünüşü, antik qəhrəmanlara məxsus atletik bədən quruluşu ilə qadınları cəlb edən xarizmatik aktyor bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurmuş. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Amma bütün bu çətinliklərə baxmayaraq, inadından dönməyib, dünyanın ən məşhur aktyorlarından biri olmağı bacarıb.
Mareni daha çox məşhur edən onun "Qraf Monte-Kristo", "Paris sirləri" filmlərindəki rolları və əlbəttə ki, dahi komik Lui de Fineslə çəkildiyi "Fantomas" filmindəki eyniadlı obrazı olub. Çəkildiyi filmlərdə romantik qəhrəman obrazlarını yaradan Mareni haqq və ədalət uğrunda, zəif və kimsəsizləri müdafiə etmək üçün şər qüvvələrə qarşı hər an döyüşə atılmağa hazır olan mərd və cəsarətli cəngavər kimi görürük. At çapmaq, qılınc oynatmaq, qeyri-bərabər qüvvələrlə yumruq davasından geri çəkilməyən aktyor sanki bu cür obrazlar üçün yaranmışdı. Həqiqətən belə rolları oynamaq hər aktyorun işi deyildi. Xüsusi idman hazırlığı olmadan, amma güclü və atletik bədən quruluşuna malik Jan Mare hətta aktyor həyatı üçün təhlükəli olan tryukları da özü yerinə yetirirdi. Baxmayaraq ki, buna etiraz edənlər də olurdu. Qeyd edək ki, bəzi hallarda o bunun cəfasını da çəkirdi. Axı kaskadyorlar üçün nəzərdə tutulan kadrların çəkilişi heç də həmişə ifaçılara xəsarət almadan başa gəlmirdi.
Onun yaradıcı şəxsiyyət kimi yetişməsində şair, dramaturq və rejissor Jan Koktonun böyük təsiri olub. Onların müştərək yaradıcılığı 20 il davam edib. Bu zaman ərzində Jan Koktonun Mare üçün qoyduğu tamaşalar və çəkdiyi filmlər fransız incəsənətinin klassikasına çevrilib. Marenin özü Kokto ilə görüşdüyü günü ikinci doğum günü adlandırıb.
Teatr və kino Jan Mare üçün müqəddəs sənət ocağı olub. Deyirlər, istedadlılar hər sahədə istedadlı olurlar. Bunu gənc və yaşlı nəslin sevimli aktyoru olan Jan Mareyə də aid etmək olar. Mare on yaşından başlayaraq molbert qarşısında durub müxtəlif rəsmlər çəkər, yaratdığı tabloları isə utandığından heç kimə göstərməzdi. Lakin bir dəfə təsadüfən Kokto Marenin çəkdiyi mənzərəni görüb bəyənir. Sonra həmin şəkli ona bağışlamağı xahiş edir. Bir gün Koktonun Madlen meydanında olan mənzilinə qonaq gələn Pikasso həmin şəkli görüb deyir: "Əgər bu mənzərəni hər hansı bir salonda görsəydim, onu mütləq alardım".
Jan Mare gənc yaşlarında dulusçuluqla da məşğul olurdu. Boş vaxtlarında gildən saxsı qablar düzəltməyi sevən aktyor hərdən bir kiçik heykəllər də yaradırdı. Onun bu işlərindən xəbəri olanlar var idi. Bir dəfə Parisin 18-ci rayonunun bələdiyyəsi Maredən yazıçı Marsel Emenin yubileyi münasibətilə onun heykəlini düzəltməyi xahiş edir. İndi həmin heykəl Monmartr meydanında ucalır.
Son müsahibələrinin birində müxbirin -"gənc aktyorlara nəyi məsləhət görərdiniz?" - sualını Mare belə cavablandırmışdı: "İlk növbədə öz işlərinə tənqidi yanaşmağı və qazandığı müvəffəqiyyətlə kifayətlənməməyi. Əgər sənətində irəliləyiş olmasa, deməli, geridə qalacaqsan. Həyatda uğur qazanmaq istəyirsənsə, qarşına böyük məqsəd qoymalısan. Tam xoşbəxt olmaq üçün isə vicdan əzabı çəkmədən yaşamaq lazımdır. Yeri gəlmişkən, bu, təkcə aktyorlara aid deyil".
Dahi aktyor Jan Mare Valoris şəhərində ürək çatışmazlığı səbəbindən 85 yaşında vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.