Janna Dark
Fransanın milli qəhrəmanı, Roma papası tərəfindən müqəddəslər sırasına daxil edilən və “Fransanın müqəddəs hamisi” kimi tanınan bu qız yüzillik müharibə dövründə xalqının müqavimət hərəkatına başçılıq edərək ölkəsini ingilis işğalçılarından müdafiə edib. Orleanda komandanı olduğu fransız ordusuyla ingilisləri məğlubiyyətə uğratdığı vaxt onun cəmi 17 yaşı vardı. Söhbət adını dünya tarixinə qızıl hərflərlə yazdırmış əfsanəvi qəhrəman Janna Darkdan gedir...
Çox qısa bir ömür yaşamış Janna Dark sadə fransız kəndlisinin qızı idi. Bir çox əsərlərin qəhrəmanı olan bu xanımın uşaqlıq illəri Lotaringiya vilayətinin Domremi kəndində keçib. Həmyerlilərinin dediklərinə görə, Janna müəyyən vaxta qədər yaşıdlarından heç nə ilə fərqlənməyib. Onu həmyaşıdlarından fərqləndirən yeganə amil dinə böyük hörmət bəsləməsi və özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırmışdı. Lakin sonralar 14 yaşlı Jannanın psixi durumunda nə isə baş verir. Ən yaxın adamlarına etiraf edir ki, müqəddəslərin səslərini eşidir və hətta bəzən onları görür: “Onlar deyirlər ki, Allah özü ingilisləri torpaqlarımızdan qovub çıxarmağı mənə tapşırır”. Doğmaları onu hər şeyi unudub yaşamağa davam etməyə inandırmağa çalışsalar da, lakin Jannaya heç nə təsir etmir.
Janna Darkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən yüzillik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 16 yaşı tamam olan Janna ingilislərə qarşı vuruşmağa başlayır. Bir sıra qələbə qazanan Dark 19 yaşında ingilislərin müttəfiqi olan burqundlara əsir düşür və onlar gənc qızı ingilislərə satırlar. Janna Darkı cadugar adlandıraraq onu tonqalda diri-diri yanmağa məhkum edirlər. Edamı izləyənlərin ürəyinə onları ömrü boyu təqib edən bir duyğu – gözləri qarşısında günahsız bir insanın diri-diri yandırılması hissi hakim kəsilir. Edam səhnəsini izləyən bir neçə nəfər huşunu itirir. Hətta yerindəcə quruyub qalan bir əsgərin ömürlük dili tutulur. Edama tamaşa edənlərdən biri isə sonralar əlini Bibliyaya basıb and içir ki, güclü alovun içindən qəflətən ağ bir göyərçinin pırıldayıb Fransa tərəfə uçmasının şahidi olub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.