Jül Vern
Elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri, coğrafiyaşünas, macəra ədəbiyyatının klassiki və ən əsası zamanı qabaqlayan fransız yazıçısı--Jül Vern. "Yerin mərkəzinə səyahət" , "Kapitan Qrantın uşaqları", "80 gün dünya ətrafında" kimi romanları ilə dünya şöhrəti qazanan bu yazıçı kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpkili macəraları qələmə alıb. Elə buna görə də, Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib.
Kimin ağlına gələrdi ki, vəkil Pyer Vernin ailəsində anadan olan Jül adlı bir oğlan gələcəkdə milyonların pərəstiş etdiyi böyük yazıçı olacaq? Oğlunun heç vaxt vəkil olmayacağını anlayan ata onu maddi cəhətdən dəstəkləmirdi.
Bütün əsərlərini səyahətlərdə yazan bu dahi şəxsiyyətin, hər səfərdən aldığı ilham, hər gördüyü qəribəlik toxumu onun münbit təxəyyülündə cücərərək oxucularına ecazkar aləmin qəribəliklərini daddırıb.
Yazıçı uşaqlıqda yaşıdlarından heç nə ilə fərqlənməyib. Sadəcə tez-tez limana qaçıb, dünyanın hər yerindən gələn yelkənli gəmilərə tamaşa etməyi çox sevərmiş. Doğrudur, yaşıdları da onun kimi limanda vaxt keçirirdi, amma balaca Jül kimi hərəkət edən az-az tapılardı. Bu hərəkətinə görə atası onu hətta bir dəfə yaxşıca kötəkləmişdi.
Deyilənlərə görə, gənclik illərində xalası qızına dərin duyğular bəsləyən yazıçının ilk məhəbbəti daşa dəyib. Başqa birinə ərə gedən sevgilisini uzun müddət unuda bilməyən Jül, içkiyə qurşanmaqla rahatlıq tapır. Sonralar isə ikiuşaqlı dul bir qadınla evlənir və onun bu evlilikdən bir oğlu olur.
Yazıçı əqli qüsurlu qardaşı oğlunun gülləsinə tuş gələnə qədər, elə bir ciddi xəstəlikdən əziyyət çəkməyib. Yeganə narahatçılığı kolitlə (yoğun bağırsağın iltihabı) bağlı olub. Tapançadan açılan atəş nəticəsində topuq nahiyəsindən yaralanan yazıçının səhhətində yaranan problemlər onun səyahətlərinə son qoyur. Ölümündən bir qədər əvvəl isə görmə qabiliyyətini də itirir. Bütün bunlara baxmayaraq, həmişəki kimi kitablarını diktə edən dahi, ta ki ölümün cəngi boğazına keçənə qədər yaradıcılığına davam edib. 78 yaşında şəkərli diabetdən vəfat edən Jül Vernin məzarı üzərində “Ölümsüzlüyə və əbədi gəncliyə doğru” sözləri yazılmış abidə ucaldılıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.