Kamilla Klodel
Deyirlər eşq bəzən insanı addım-addım fəlakətə sürükləyir. Haqqında söhbət açacağımız fransız heykəltəraşı Kamilla Klodel də belə insanlardandır. Eşqi üzündən ömrünün düz 30 ilini dəlixanada keçirib. "Burada çox sıxılıram... Paul, mənim evə dönməyə heçmi şansım yoxdur?". Bu sözləri o qardaşına yazdığı məktubun sonunda qeyd eləmişdi. Əslinə baxsan verdiyi sualın cavabı aydın idi, onun həyatının sonuna qədər də dəlixanadan çıxmaq şansı yox idi...
Fransanın Aisne bölgəsində çox zəngin bir ailədə doğulan Kamilla Klodelin deyilənə görə, ən sevdiyi oyuncaqları daşlar və çamur olub. Elə bu oyuncaq vasitələri də onun taleyini müəyyənləşdirib. Kamilla heykəltəraş olmaq istəyirdi. Və tezliklə atası onun bu fikri haqqında eşidib ən böyük dəstəkçisi oldu. Anası isə əksinə, onun heykəltəraş olmaq istəyini qəbul etmirdi. Buna baxmayaraq, onlar tezliklə Kamillanın bu sənətlə daha professional şəkildə məşğul ola bilməsi üçün Parisə köçdülər. Gələcəyin məşhur heykəltaraşı, Fransanın ən məşhur sənət ocaqlarından olan "Kolarossi" Akademiyasına daxil oldu və ilk müəllimi Alfred Bokerdən sənət dərslərini öyrənməyə başladı. O illərdə (söhbət XIX əsrin ikinci yarısından gedir) qadınların sənət akademiyalarında təhsil alması qadağan idi, əvəzində qadın tələbələr hər hansı bir böyük sənətkarın şəxsi emalatxanasında təhsil ala bilərdi. Kamilla Rodinlə bax beləcə tanış oldu. Bir qrup gənc qadın dahi heykəltaraş Ogüst Rodinin emalatxanasında heykəltaraşlıq sənətinin sirlərini öyrənməyə başladılar. Kamillanın şəxsi bacarığı və gözəlliyi onu müəlliminin ilham mənbəyinə çevirdi. Tezliklə bu gənc qadın Rodinin sevgilisi və ən böyük rəqibi olacaqdı.
Rodin sonrakı illərdə Kamillanın başına xoşagəlməz bəlalar açıb. Kamillanın həm müəllimi, həm sevgilisi, həm də rəqibi olan Rodin onu qısqanmağa başlayıb. Sənətdə ondan irəli gedən sevgilisini həzm edə bilməyən müəllim onun yollarını kəsib. İddialara görə məşhur "Cəhənnəmin qapıları" adlı əsəri də Kamilla Klodel yaradıb. Lakin bu əsəri Ogüst Rodin öz adına çıxarıb. Başqa bir qadın ilə evli olan Rodin bir yandan da tələbəsi Kamilla ilə sevgili idi. Əsərləri sevgilisi tərəfindən mənimsənilən gənc qadın münasibətdə olduqları dövrdə ondan hamilə qalıb. Lakin keçirdiyi yüngül bir qəza zamanı bətnində övladını itirib. Yaşadığı travmalar onun üçün sonun başlanğıcı olub. Övladını itirdikdən sonra müəllimi Rodinin ona olan münasibəti ortaya çıxmışdı. Olanlar az imiş kimi, buna görə ailəsi onu rədd edib. Bütün bu çətinliklərə baxmayaraq, o, sevgilisi ilə yola davam etmək istəsə də, Rodin Kamillanı yarı yolda qoyub. Sevgilisindən ayrıldıqdan sonra ərsəyə gətirdiyi əsərlər daha çox məşhurlaşıb, Kamilla daha çox tanınmağa başlayıb. Bir neçə il sonra atasının ölüm xəbərini alan Kamilla get-gedə təkliklə üz-üzə qaldığının fərqinə varıb və keçirdiyi əsəb sarsıntısı üzündən bir çox əsərini parçalayıb.
Kamilla bir müddət bu cür davam etdikdən sonra ailəsi və Rodin tərəfindən dəlixanaya yerləşdirildi. Bəzi iddialara görə, isə onu dəlixanaya başqa bir səbəblə sevgilisi Rodin atıb. Kamillanın Rodindən daha bacarıqlı olduğu üçün bunu etdiyi iddia edilir. Kamillaya xəstəxanada belə heykəl hazırlamağa icazə verilmirdi.
Xəstəxanadan gizli şəkildə qardaşına məktub yazan Kamilla bütün bunların Rodinin oyunu olduğunu deyib. Evə dönmək istədiyini deyən, ağlının yerində olduğunu bildirən Kamillaya çox təəssüf ki, ailəsi belə inanmayıb. Oradan çıxmaq üçün çox çalışsa da, o bunu bacarmayıb. Fransız sənətçisi 30 il dəlixanada yaşamağa məhkum olub, 78 yaşında elə orada da təkbaşına vəfat edib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.