07 sentyabr, 2023
Paylaş:

Karl Fridrix Qauss

Görkəmli alman riyaziyyatçısı, astronom və fiziki, bütün dövrlərin ən istedadlı riyaziyyatçılarından biri Yohan Karl Fridrix Qauss... Ədədlər nəzəriyyəsi, riyazi analiz, differensial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misilsiz töhfələr vermiş bu dahi şəxsiyyəti müasirləri "Riyaziyyatçıların şahı" adlandırırlar. Onun əsərlərindən hər gün istifadə edirik - bunları saymaqla bitməz. Məsələn: saniyəni zaman vahidi, qramı kütlə vahidi və santimetri uzunluq vahidi kimi qəbul etməyimiz məhz Qaussun sayəsindədir. Üstəlik, Qauss teleqrafı da ilk kəşf edənlərdəndir.

Dahi riyaziyyatçı kasıb bir alman ailəsində dünyaya gəlib. Anası savadsızlığı səbəbindən oğlunun doğum tarixini yaza bilmədiyindən (yalnız onun Pasxadan 40 gün sonra keçirilən bayramdan, səkkiz gün öncə doğulduğunu xatırlayıb) Qauss bunu özü hesablayıb tapıb.

Hələ 3 yaşında ikən yaşıdlarından seçilən Karl valideynlərinə cürbəcür suallar verirdi. Ata-anası isə səbirlə onun bütün suallarına cavab verməyə çalışırdı, amma sualların ardı-arası kəsilmirdi. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının hesablamalarında səhv də tapmışdı. Onda onun cəmi beş yaşı vardı...

Məktəbdə oxuyanda da Karl hamını öz dərrakəsi və məntiqi ilə heyran etməyi bacarmışdı. O zamanlar məktəblərdə şagirdlərə fiziki cəza verilməsi adi bir hal idi. Uşaqlar əlində qamçı sinifdə gəzən müəllimdən qorxaraq dərslərini səylə oxuyurdular. Bir dəfə müəllim dərsdə uşaqlara 1-dən 100-ə qədər ədədləri toplamağı tapşırır. Həmin dövrdə yazı yazmaq üçün məktəblərdə kağız-qələmdən yox, kiçik taxta lövhələr və tabaşirdən istifadə edirdilər. Hər kəs 1-dən 100-ə qədər ədədləri lövhəyə yazıb toplamalı idi.

Bir neçə dəqiqədən sonra Karl tapşırığı yerinə yetirdiyini və cavabı tapdığını söyləyib lövhəsini müəllimin yazı masasına qoyur. Müəllim şübhə ilə ona baxır, hətta hədələyir: "Səhv olsa...", - başı ilə qamçını göstərir. Uşaq cəsarətlə deyir: "Bağışlayın, cənab müəllim! Mən düz hesablamışam!". Dərsin sonuna qədər bütün şagirdlər tapşırığı yerinə yetirib lövhələrini müəllimə verirlər. Müəllim tapşırığı yoxlayıb heyrətə gəlir: hamının cavabı səhv idi, Karlın cavabından başqa. Onun lövhəsində "5050" yazılmışdı. Müəllim çox təəccüblənir: 10 yaşında uşaq bir neçə dəqiqəyə bu cəmi necə hesablamışdı?

Ağıllı Karl başa düşmüşdü ki, 1-dən 100-ə qədər ədədlər sırasında 1-ci və sonuncu, 2-ci və sonuncudan əvvəlki, yəni kənardan eyni uzaqlıqda olan ədədlərin cəmi eynidir: 1+100=101; 2+99=101, 3+98=101... Beləliklə, o, ədədləri cüt-cüt toplayaraq 50 dənə 101 almış, 50-ni 101-ə vuraraq cavabı asanlıqla tapmışdı: 5050. Bu, balaca istedadın ilk riyazi kəşfi idi.

Riyaziyyatdan əlavə, Qaussun dil qavraması da çox güclü idi. Belə ki, o, bir neçə dili mükəmməl bilməsinə baxmayaraq, Lobaçevskinin əsərlərini daha dərindən tədqiq etmək üçün 62 yaşında rus dilini də öyrənməyi bacarmışdı. 78 yaşında vəfat edən riyaziyyatçı ömrünün sonuna qədər hesablamaların çox hissəsini, vərdiş etdiyi kimi, beynində aparıb. Hətta pərgar və xətkeşin köməyilə düzgün 17 bucaqlını quran Qauss vəfatından sonra heykəlinin də 17 bucaqlı postament üzərində qoyulmasını vəsiyyət edib...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()