12 may, 2025
Paylaş:

  Keçmişdən gələcəyə uzanan yol

 Bu il Azərbacan milli mətbuatı 150 illik şanlı yubileyini qeyd edir. Bu yubiley xalqımızın maariflənməsində, milli özünüdərk və dövlətçilik şüurunun formalaşmasında əvəzsiz rolu olan mətbuata dövlət qayğısının növbəti təzahürüdür. Azərbaycan mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunmuş "Əkinçi" qəzeti ilə qoyulub və bununla başlayan maarifçilik missiyası bu gün də uğurla davam etdirilir.

"Əkinçi" qəzeti milli oyanışın və yeni düşüncə tərzinin carçısı oldu, xalqa maarif işığı verən vasitə kimi çıxış etdi. "Əkinçi" əkin-səpin işləri ilə bağlı yazılarla yanaşı, təhsili, elmi, mədəniyyəti, hüququ təbliği əsas məqsəd kimi qarşıya qoydu. Lakin senzura və maddi çətinliklər səbəbindən qəzet cəmi iki il (1875-1877) fəaliyyət göstərdi. XIX əsrin sonunda yeni qəzetlər, yeni fikirlər ortaya çıxdı. "Əkinçi"nin açdığı yolu "Ziya" (1879), "Ziyayi-Qafqaziyyə" (1880), "Kəşkül" (1883) və "Şərqi-Rus" (1903) kimi nəşrlər davam etdirdi. Ənənəvi təfəkkürü dəyişmək, geriliyə qarşı mübarizə uğrunda mətbuat xalqı öz ardınca aparırdı. 1906-cı ildən etibarən isə milli mətbuatda canlanma dövrü başladı. Rusiyada baş verən inqilabi proseslər Azərbaycan mətbuatına da təsir etdi. Molla Nəsrəddin (1906-1931) jurnalı bu dövrün ən parlaq nəşrlərindən biridir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu satirik jurnal sosial ədalətsizliyə, savadsızlığa, fanatizmə, xürafata qarşı kəskin tənqidi mövqeyi ilə tanındı.

Cümhuriyyət dövründə də mətbuatın inkişafı üçün xeyli səy göstərildi. Mətbuatı millətin çırağı hesab edən M.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yazırdı: "Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun". 1907-ci ildə F.X.Xoyski Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına deputat seçildi. Müsəlman deputatların fraksiyasına qoşulan F.X.Xoyski Duma iclaslarında çar hökumətinin aqrar sahədə apardığı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin etirazlar səsləndirdi. Həmin ilin 18 may tarixində F.X.Xoyskinin də imza atdığı 173 deputat tərəfindən Rusiyada milli və dini fərqlərə əsasən vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair qanun layihəsi Dövlət Dumasına təqdim olundu. Bu layihədə bütün Rusiya vətəndaşları üçün hüquq bərabərliyi, sərbəst yaşayış yeri seçimi, dövlət və ictimai vəzifələrdə bərabər iştirak, həmçinin təhsil almaq hüququ, şəxsi toxunulmazlıq, söz və mətbuat azadlığı tələb edilirdi. Dumanın sədri layihə barədə məlumat verərək onun müzakirəyə çıxarılacağını bildirdi. Lakin II Dövlət Dumasının fəaliyyəti uzun sürmədi - cəmi 103 gün davam etdi. 1907-ci il iyunun 3-də çarın manifesti ilə II Dövlət Duması buraxıldı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) milli mətbuat üçün yeni imkanlar açdı, söz və fikir azadlığı təmin edildi. "Azərbaycan", "İstiqlal", "Məktəb", "Övraqi-Nafisə", "Şərq", "Açıq söz" kimi qəzet və jurnallar nəşr olunmağa başladı. AXC rəhbərləri mətbuatı dövlətin "vicdanı" adlandırır, azad mətbuatı dövlətçiliyin əsas dayaqlarından biri kimi görürdülər.

Sovet illərində mətbuat tabeçilik və dirəniş dövrü yaşadı. 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti altına düşdükdən sonra mətbuat da dövlət nəzarətinə keçdi. "Kommunist", "Bakinski raboçi", "Yeni yol" kimi qəzetlər bolşevik ideologiyasını yayırdı. Lakin buna baxmayaraq, mətbuat öz içində milli ruhu qorumağa çalışırdı. Sərt senzura olsa da, yazıçılar və jurnalistlər bəzən gizli şəkildə xalqın dərdini sətiraltı da olsa, ifadə edirdilər. Cəfər Cabbarlı, Səməd Vurğun kimi ziyalılar yaradıcılıqlarında ictimai-siyasi problemlərə toxunurdular. 1980-ci illərin sonlarında SSRİ-də başlayan "aşkarlıq" və "yenidənqurma" siyasəti Azərbaycanda mətbuata da təsir etdi. "Azərbaycan", "Azadlıq", "Yeni Müsavat", "525-ci qəzet", "Ekspress", "Ayna Zerkalo" kimi qəzetlər yarandı.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də dərin böhran və uğursuzluqlarla yadda qaldı. Cəmiyyətin aynası olan mətbuatın azadlığı ciddi şəkildə boğulur, jurnalistlər isə təqib və təzyiqlərə məruz qalırdılar. Onlar çox vaxt xüsusi sifarişlər əsasında yazmağa məcbur edilirdilər. 1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət daha da sərtləşdirildi, 15 aprel 1993-cü il tarixli sərəncamla isə bütün informasiya resurslarına tam nəzarət tətbiq olundu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə vəziyyət daha da acınacaqlı hal aldı, azad mətbuatdan danışmaq demək olar ki, qeyri-mümkün idi. Ölkə xaos, anarxiya və özbaşınalıq içərisində çabalayırdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mətbuatının üzərindən dövlət senzurası ləğv edildi. Bununla da ölkəmizdə söz və mətbuat azadlığının təməli qoyuldu və mətbuatın inkişafına ciddi təkan verildi. Ulu öndər jurnalist əməyini daim yüksək qiymətləndirir, imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi qanunlarla mətbuatın inkişafını dəstəkləyirdi. Bu çərçivədə qəzetlərə birdəfəlik yardımlar ayrıldı, yeni hüquqi bazalar formalaşdırıldı.

1999-cu ildə qəbul edilən "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun çap mediası üçün əsas tənzimləyici baza rolunu oynadı. Senzura və müdaxilənin qadağan olunması, kütləvi informasiya vasitələrinin qorunması kimi mühüm prinsipləri özündə əks etdirən qanunda, eyni zamanda beynəlxalq standartlar baxımından müəyyən çatışmazlıqlar da var idi. Həm yerli, həm də beynəlxalq ekspertlər bu nöqsanlara diqqət çəkərək müəyyən tənqidlər irəli sürürdülər. Ulu öndərimiz deyirdi: "Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir".

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də azad mətbuat siyasəti davam etdirildi. 2014, 2015 və 2016-cı illərdə "KİV haqqında" qanuna bir sıra əlavələr və dəyişikliklər edildi; xüsusən media platformalarının yaradılması və ləğv edilməsi prosedurlarına dair qanuna əlavə və dəyişikliklər qəbul olundu.

Medianın sürətli inkişafı yeni qanunvericilik islahatlarını zəruri etdi. 2021-ci ildə yaradılan Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanan "Media haqqında" yeni qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin yanvar ayında imzalanaraq qüvvəyə mindi. Qanun çərçivəsində media reyestrinin yaradılması, jurnalistlərin və media qurumlarının qanunun tələblərinə uyğun şəkildə yenidən qeydiyyatdan keçirilməsi, media işçilərinin sosial və maddi rifahının yaxşılaşdırılması istiqamətində şəffaflıq prinsiplərinə əsaslanan mexanizmlər formalaşdırıldı. "Media haqqında" yeni qanunun qüvvəyə minməsi ilə daha əvvəl qüvvədə olan "Kütləvi İnformasiya Vasitələri haqqında" və "Televiziya və Radio Yayımı haqqında" qanunlar ləğv edildi. Yeni qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin informasiya əldə edilməsi, hazırlanması, yayılması və ötürülməsi qaydalarını müəyyən etdi. Bu qanun normativ-hüquqi akt statusuna malikdir. "Media haqqında" qanunun 73.1-ci maddəsinə əsasən Medianın İnkişafı Agentliyinə bütün jurnalistlərin mərkəzləşdirilmiş qaydada qeydiyyatını aparmaq və onlara press-kart vermək səlahiyyəti verildi. Beləliklə, Agentlik nəzdində formalaşdırılan Media Reyestri vahid elektron informasiya bazası kimi fəaliyyətə başladı. Son dövrlər "Media haqqında" qanuna və xüsusilə Media Reyestrinə qarşı müxtəlif səviyyələrdə kampaniyalar aparılır. Bəzi media nümayəndələri reyestri media azadlığına məhdudiyyət kimi təqdim etməyə çalışsalar da, reyestrin məqsəd və prinsipləri araşdırıldıqda aydın olur ki, media subyektləri və jurnalistlərin vahid bazada qeydiyyata alınması informasiya mübadiləsinin sistemləşdirilməsi və pərakəndəliyin aradan qaldırılması baxımından zəruridir. Media Reyestri fəaliyyətə başladığı gündən şəffaflıq və peşəkarlıq prinsiplərinə əsaslanaraq bu tənqidlərə əməli fəaliyyəti ilə cavab verir.

Bu gün Azərbaycan mətbuatı yalnız çap mediası ilə kifayətlənmir. Onlayn informasiya portalları, sosial media platformaları və xəbər agentlikləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) mətbuatın peşəkarlığının artırılması, jurnalistlərin sosial müdafiəsi istiqamətində mühüm layihələr həyata keçirir.

Prezident İlham Əliyev deyib ki, əsası "Əkinçi" ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır. Dövlət başçısı milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək.

Azərbaycan mətbuatı 150 illik inkişaf yolunda maarifçilikdən dövlətçilik təfəkkürünə, ideoloji çərçivədən qlobal informasiya axınına qədər müxtəlif mərhələlərdən keçib, milli şüurun formalaşmasında, ictimai rəyin təşəkkülündə, azad fikir və söz azadlığının təminində mühüm rol oynayıb. Bu gün Azərbaycan mətbuatı qarşısında informasiya müharibələrində doğru və obyektiv mövqe tutmaq, Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə müdafiə etmək, yüksək peşəkarlıqla cəmiyyətin inkişafına töhfə vermək kimi yeni çağırışlar dayanır. Bugünkü və gələcək nəsil jurnalistlər qarşısında duran əsas vəzifə isə bu irsi qorumaq, onu zənginləşdirmək və Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaqdır.

 

                                                                                                      Tacir Sadıqov,

                                                                                                          “Respublika qəzeti”

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()