Kitabxanaçılar üçün təlim
19-21 iyul 2022-ci il tarixində Cəlilabad, Masallı və Yardımlı rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təlimdə olmuşlar. Kitabxana-informasiya sahəsində biliklərinin artırılması, yeniliklərin müzakirəsi, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portallarında saytların idarə olunması prinsipləri, yeni məlumatların əlavə edilməsi, texniki problemlərin aradan qaldırılması yolları”, “ALİSA proqramı – işləmə prinsipi, əməliyyatlar, çətinliklərin müzakirəsi”, “Kitabxanalarda kütləvi tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində təbliği”, “Metodiki vəsaitlərin və multimediya materiallarının hazırlanması prinsipləri, proqram təminatı” mövzularında tədris aparılmışdır. Həmçinin, kitabxana mütəxəssisləri arasında kitabxanaların qarşısında duran yeni vəzifələr, virtual məkana inteqrasiya və s. mövzularda da fikir mübadiləsi olmuşdur.
Təlimin sonuncu günü kitabxananın direktoru Aslan Cəfərov belə təlimlərin keçirilməsi əhəmiyyətindən danışaraq, bu təcrübənin gələcəkdə də davam etməsi zəruriyyətini vurğulamışdır.
Sonda Cəlilabad rayon MKS-nin direktor vəzifəsini icra edən Qənimət İsrafilova iştirakçılar adından kitabxana kollektivinə keçirilən təlimə, maraqlı və faydalı təcrübə mübadiləsinə görə öz təşəkkürünü bildirdi.Təlimin sonunda xatirə şəkli çəkildi.