Klara Setkin
Kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi Klara Setkin... 8 Mart - Qadınlar bayramını tarixə saldıran bu xanımı yəqin ki, tanımayan çətin tapılar. Bəlkə də bəzi kişilərin heç sevmədiyi bu xanımın bütün dünya qadınları xatirəsini əziz tuturlar. Çünki məhz onun hesabına dünyanın zərif nümayəndələri ildə bir gün daha çox diqqət və qayğı ilə əhatə olunurlar...
Kiçik Sakson şəhəri Viderauda kənd müəllimi ailəsində anadan olan Klara, hələ gənc ikən öz həmyaşıdları arasında fərqlənirdi: 9 yaşında o, Höte və Şilleri oxumuşdu, 12 yaşında isə tarixçi Tomas Karleylin "Fransız inqilabının tarixi" əsərindən müəyyən hissələri əzbərdən deyirdi.
Məktəbi bitirdikdən sonra isə Sosial Demokrat Partiyasına qoşulan Klara aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır. Bu hadisədən xəbər tutan, dəhşət içində olan valideynləri, hətta onu ev dustağı da etmək istəmişdilər, lakin qız "ipə-sapa" yatmadı ki, yatmadı...
Həmin dövrlərdə o, Odessadan olan mühacir, bərabərlik və qardaşlıq ideyalarını təlqin edən Osip Setkinin təsiri altına düşmüşdü. Hər ikisi inqilabi mübarizəyə aludə olmuşdu. Onlar sosializm haqqında arzularını bölüşür, gizli toplantılar və mitinqlərə baş çəkirdilər. Əvvəlcə yalnız dostluq onları birləşdirirdi, tezliklə isə Osip ona sevgi etirafı edir. Qısa müddət sonra onlar bir yerdə yaşamağa başlayır və heç vaxt rəsmi nikahda olmasalar da, Klara Osipin soyadını götürür, ondan iki uşaq dünyaya gətirir. Onların maddi vəziyyəti çox ağır idi, ona görə də Klaraya 3 işdə çalışmaq lazım gəlirdi, amma o çətinliklər qarşısında heç vaxt təslim olmadı. Çox keçmir ki, Klara qadın işləri üzrə təşkilat yaradır və bəyan edir: "Bu vaxta qədər qadın ailədə tabeçilikdə idi. Halbuki, kişi və qadın bir-birini qarşılıqlı surətdə zənginləşdirən bərabər hüquqlara malik olmalıdırlar. Ər də, arvad da uşaqların tərbiyəsində eyni cavabdehlik daşıyırlar". Beləliklə, 1910-cu il martın 8-i Klara Setkin Beynəlxalq Qadınlar Gününü təsis etməyi təklif edir.
Klaranın 32 yaşı olanda Osip vərəmdən dünyasını dəyişir və qadın uşaqlarla birlikdə Almaniyaya qayıtmaq qərarına gəlir. Vətənində o, həmcinslərinin hüquqlarının bərabərliyi uğrunda mübarizəsini davam etdirir və qadınlar üçün nəzərdə tutulan sosial-demokrat qəzetinin redaktoru olur. Yeri gəlmişkən qeyd edək ki, o inqilabi ideyaların qorunmasında kompromisə getməməsinə və sərt xasiyyətinə görə "Vəhşi Klara" ləqəbini almışdı.
36 yaşında aktivist xanım 18 yaşlı rəssam Georq Sundellə rastlaşır və ona dəlicəsinə aşiq olur. Onlar evlənirlər və təxminən 20 il birlikdə yaşayırlar. Lakin sonralar Georq qonşu cavan qıza vurularaq Klaranı tərk edir.
Almaniyada kommunist partiyası və onun ideyaları qadağan olunandan sonra isə Klara Setkin SSRİ-yə köçür və ömrünün qalan hissəsini orada keçirir. 76 yaşında dünyasını dəyişən inqilabçı qadının nəşi yandırılır və külü isə Qızıl Meydanda Kreml divarında bir qutuya yerləşdirilir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.