03 iyul, 2023
Paylaş:

Klod Mone

"Rənglər həm sevincim, həm də əzablarımdır". Belə deyərdi  impressionizmin banilərindən olan ustad rəssam Klod Mone... Daim məktəbdən qaçan, yalnız arvadının portretini çəkən, 50  adamın dəfn etdiyi dahi fransız rəssamı...

Oskar Klod Mone  Parisdə dünyaya gəlib. 5 yaşı olanda ailəsi Normandiya sahilindəki kiçik Qavr şəhərinə köçür. Atası baqqal idi, istəyirdi oğlu da onun sənətini davam etdirsin. Hərçənd Kloda çox da güvənmir, ümumiyyətlə, onu anlamaqda çətinlik çəkirdi. Oğlanın qəribə xasiyyəti vardı. Bəzən çox höcət və kobud olur, bəzən isə öz aləminə qapanıb saatlarla dinib-danışmırdı. Bununla belə, dostları onu çox sevirdi.

Hələ kiçik yaşlarından hamı kimi, ümumi qaydalara uyğun yaşamaq istəmirdi. Daxilən azad bir insan olan Kloda məktəb həbsxana kimi görünürdü. Məktəbi heç sevməyən rəssam təbiətlə təmasa daha çox can atır və tez-tez dərsdən qaçırdı. Məktəbdə olduğu zamanlarda isə dərs oxumur, fürsətdən istifadə edib müəllimlərinin karikaturalarını çəkirdi... Onun bu əyləncəli vərdişi yoldaşlarının xoşuna gəlirdi.

Beləcə, Klodun karikaturalar çəkməyə başı elə qarışır ki, özü də fərqinə varmadan əməlli-başlı püxtələşir. Artıq 15 yaşında onu Qavrda məşhur karikaturaçı kimi tanıyırdılar. Sifarişçilərin sayı isə gün-gündən artırdı. Klod tezliklə anlayır ki, bu işdən hətta gəlir də əldə etmək olar. O, hər karikaturaya görə 20 frank alırdı.

İki dəfə ailə həyatı quran  rəssamın birinci xanımı  Kamilla vərəm xəstəliyindən vəfat edib. Bu izdivacdan onun iki oğlu dünyaya gəlib. Daha sonra isə o, Alisa adlı qadınla evlənib. Klod yaradıcılığı boyunca ən çox sevdiyi xanımı Kamillanın  portretini çəkib və  bu portret ona digər əsərlərindən daha çox şöhrət gətirib. Deyilənlərə görə, rəssamın çəkdiyi bütün qadın portretlərində Kamilla təsvir olunub.

72 yaşında ikən  gözlərində katarakta xəstəliyi aşkar olunan rəssam, iki dəfə əməliyyat edilib. Gözləri açılsa da, hər şeyi mavi və bənövşəyi çalarlarda görüb. Dünya onun üçün yalnız bu iki rəngdən ibarət idi. Lakin buna baxmayaraq, rəssam fırçasını yerə qoymur və onun yaradıcılığında yeni bir səhifə açılır. Ömrünün son illərində çəkdiyi rəsmlərdə mavi və bənövşəyi rənglər dominantlıq edir, amma rəssam yenə öz üslubuna sadiq qalır.

86 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən rəssam  vəsiyyət etmişdi ki, dəfn mərasimi mümkün qədər sadə keçsin, ona görə də dahi rəssamla vida mərasimində cəmi əlli adam iştirak edib...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()