Konstantin Çernenko
Sovet liderləri arasında hakimiyyətdə ən az qalan o olub. Məhz onun 13 aydan az hakimiyyəti dövründən sonra Qorbaçovun lider olması ilə SSRİ kimi nəhəng bir dövlətin mövcudluğuna son qoyulub. Söhbət bacısının hesabına qabağa gedən, Brejnevin "Kostya" çağırdığı Baş katib Konstantin Ustinoviç Çernenkodan gedir...
Siyasətçi Krasnoyarskda sadə kəndli ailəsində dünyaya gəlib. Onun siyasi fəaliyyətə başlamasının səbəbkarı böyük bacısı Valentina olub. Kifayət qədər hökmlü qadın olan Valentina Krasnoyarsk Şəhər Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Fəallığı ilə fərqlənən bu xanımın Krasnoyarsk Şəhər Partiya Komitəsinin birinci katibi Oleq Aristovla xidməti münasibətlərdən savayı, çox isti və gizli sevgi münasibətləri də olub. Qardaşı hərbi xidmətdən qayıtdıqdan sonra məhz Valentinanın xahişi ilə Aristov gənc Konstantini Ali Partiya məktəbinə təhsil almağa göndərib. Çernenko həmin məktəbi bitirdikdən sonra da Aristovun himayədarlığı ilə partiya sistemində müxtəlif vəzifələrlə təmin olunub.
Partiya vəzifələrində sürətli keçidlər edən Çernenko qısa müddətdən sonra Penza Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunub. Onun gələcək siyasi karyerasında moldaviyadakı fəaliyyəti çox mühüm rol oynayıb. Çünki həmin dövrdə Moldoviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnevlə Çernenko mehriban münasibət yaratmağa nail olub. Məhz həmin dövrdən sonra Çernenko Brejnevin himayədarlığı ilə yüksək siyasi zirvələri fəth edib.
Mülayim xarakterli, ancaq işində ciddi, tələbkar və məsuliyyətli olan Çernenko hələ 70-ci illərdə Kreml məmurları tərəfindən gələcəkdə "birinci" kürsüdə əyləşəcək siyasətçi kimi qəbul olunub. Brejnev bir çox partiya məsələlərini Mərkəzi Komitənin təşkilat şöbəsi vəzifəsində çalışan Çernenkoya etibar edib. Çernenko Kremldə yeganə adam olub ki, Brejnev onu qısa adı ilə, Kostya deyə çağırıb. Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Çernenko bütün aparatı özünə tabe etməyi bacarıb. O, daha çox hər şeyi kağız üstündə tələb edən məmur kimi yadda qalıb. Kreml məmurları bir çox hallarda yazılı hesabat, arayış, məruzələrdən bezdiklərini açıq şəkildə göstərməsələr də, narazılıqlarını büruzə veriblər.
Çernenko Brejnevin vəfatından sonra özünü Baş katib kürsüsündə görmək istəsə də, buna nail ola bilməyib. SSRİ-nin müdafiə naziri Ustinov ona tələsməməyi məsləhət görüb və Siyasi Büro Andropovun Baş katib olmasına "xeyir-dua" verib. Ancaq Çernenkonu da narazı salmayıblar, onu Lenin mükafatına layiq görüblər. Siyasətçi öz növbəti şansını çox da gözləməyib. Cəmi 15 aydan sonra Andropov həyatla vidalaşanda nəhayət Çernenko illərlə gözlədiyi arzusuna çatıb, Baş katib kürsüsünə sahib olub. Ancaq həmin dövrdə Çernenko bir çox xəstəliklərdən əziyyət çəkib. Xüsusilə astma, qaraciyər və ürək xəstəlikləri Baş katibə gözü dolusu kabinetində əyləşməyə imkan verməyib. Mərkəzi Komitənin və Siyasi Büronun bir çox iclasları Kreml xəstəxanasında, Çernenkonun yatdığı palatada keçirilib. Bütün xəstəlikləri ilə yanaşı, Baş katibin yay fəslində, avqust ayında hisə verilmiş balıqdan zəhərlənməsi onun sağlamlığında böyük problem yaradıb.
Konstantin Çernekonun Baş katib olduğu dövr cəmi bir neçə hadisə ilə tarixə düşüb. Onun ilk gördüyü işlərdən biri "brilyant iş"in istintaqının dayandırılması və Qalina Brejnevanın ev dustaqlığından azad edilməsi olub. 1 sentyabrın "Bilik günü" kimi qeyd edilməsi də Çernenkonun adı ilə bağlıdır. O, musiqi sahəsindəki "islahatları" ilə də yadda qalıb. O, bəzi rok və estrada qruplarına qarşı amansız mübarizə aparıb. Belə qrupların fəaliyyətini Baş katib sovet əxlaq normalarına zidd sayıb. "Bravo", "Kino", "Akvarium" kimi qruplar Çernenko hakimiyyətinin amansız təzyiqlərinə məruz qalıb. Janna Aquzarova isə Baş katibin qəzəbinə tuş gələrək türməyə göndərilib.
Hələ gənclik illərindən idman oyunlarını həvəslə izləyən Çernenko "Spartak" futbol komandasının azarkeşi olub. Bu komandanın ölkə çempionu olması üçün bütün imkanlardan istifadə edib. Ən yaxşı oyunçuları bu komandaya cəlb edib, onların sosial-məişət problemləri ilə ciddi məşğul olub və nəhayət arzusuna çatıb. Komanda bu qayğının müqabilində öz avtoqraf və şəkilləri ilə düzəldilmiş kubok-suveniri Çernenkoya bəxş edəndə özünü çox xoşbəxt sayaraq deyib ki, "bu mənimçün ən böyük hədiyyədir".
Əxlaq normalarına ciddi diqqət yetirən, sadə həyat tərzi sürməyə üstünlük verən, ölümündən sonra adı heç bir "qara işlər"də hallanmayan Çernenko iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Faina Vasilyevna ilə nikahları çox da uzun sürməyib. Bu nikahdan onların bir qızı və bir oğlu olub.
Sonrakı evliliyindən isə üç övladı dünyaya gəlib.
Konstantin Çernenko 73 yaşında vəfat edib. O, Kremlin divarlarında dəfn olunan sonuncu sovet lideri olub. Baş katibin vəfatı ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.