“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır”

25 sentyabr, 2025
Paylaş:

“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır”

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya suverenlik və müstəqillliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə “Hüquq və insan haqları İnstitutu” publik hüquqi şəxslərin Hüquq tədqiqat şöbəsinin hüquqi tədqiqatçısı Araz Abdullasoy, AMEA-nın Folklor İnstitutunun “Gənc alim və mütəxəssislər” şurasının sədri Səadət İbrahimli, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Texniki Universitetin, İlahiyyat İnstitutunun və digər ali təhsil müəssisələrinin, müxtəlif  tələbə-gənclər təşkilatlarının nümayəndələri iştirak edirdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbirdə Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova Azərbaycan xalqının dövlət suverenliyinin, dövlətçilik ənənələrinin qorunması və ərazi bütövlüyü uğrunda apardığı mübarizə yolundan danışaraq, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı qanunvericilik islahatların əsasını təşkil etdiyini bildirdi. O, həmçinin öz çıxışında Respublika Gənclər Kitabxanasında “Konstitusiya və suverenlik İli” çərçivəsində görülən işlər, hazırlanan materiallar -  elektron məlumat bazası, biblioqrafik vəsaitlər, multimediya məhsulları haqqında da geniş məlumat verdi.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna  Ağayeva qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin istər yerli, istərsə də beynəlxalq aləmdə qazandığı nailiyyətləri, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan şərəfli, əlamətdar bir tarixi hadisədir. Prezident İlham Əliyev tərəfindən verilən bu qərar müstəqil Azərbaycanın qüdrətini, gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin bariz nümunəsidir.

 “Konstitusiya-gənclərin dövlətçilik təfəkkürünün mənbəyi” mövzusunda çıxış edən hüquqşünas Araz Abdullasoy tarixə nəzər salaraq Azərbaycanın ali qanunvericilik aktı, əsas qanunu olan Konstitusiyanın Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını təşkil etdiyini, təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ideyalarının rəmzi olduğunu bildirdi. Bu sənədin Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, siyasi qətiyyətinin və dövlətçilik düşüncələrinin sayəsində ərsəyə gəldiyini söylədi.

Səadət İbrahimli “Ədalət günəşi altında müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, xalqın rifahının, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali məqsədlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası roluna malik olduğunu bildirdi. Sonda gənclərə müraciət edərək bu gün dünya arenasında öz mənafeyini qoruyan, beynəlxalq səviyyədə yüksək nüfuza sahib olan suveren, müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, uzun illər düşmən əsarətində olan əzəli və əbədi torpaqlarının geri qaytarılmasında canını fəda etmiş qəhrəman oğullarımızın həyat hekayəsinin, keçdiyi şərəfli qəhrəmanlıq yolunun hər bir azərbaycanlı üçün nümunə olduğunu və onların əziz xatirəsinin qəlblərdə daim yaşayacağını söylədi.

Tədbirdə Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Dövlətçilik və suverenlik dəyərlərinin qorunması - Müasir dövlət quruculuğu” adlı videomaterial nümayiş etdirilmişdir.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()