18 iyul, 2024
Paylaş:

Leyla Bədirbəyli

Azərbaycan səhnəsinin gözəllik pərisi, teatr sənətinə, milli kinoya işıq və əlvanlıq, məlahət gətirən məşhur aktrisa Leyla Bədirbəyli...Üzeyir bəy, Səməd Vurğun, Əliağa Vahid, Stalinin ağlını başından alan qadın...

Aktrisa Bakıda dünyaya gəlib. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.

Leyla Bədirbəyli məktəb illərindən rəqslə məşğul olub. On altı yaşı olanda o, Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu dünyaya gəlir. Çox gənc yaşda ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir. İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixçəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olsa da rəqs etməyi xoşlayırmış. Elə Leylanı da rəqs klubunda görüb bəyənib. Bir gün Leyla anasını da götürüb diş həkiminə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: "Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim".

"Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarılırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.

"Arşın mal alan" qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli "Stalin mükafatı"na layiq görülür. Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Sonralar isə şayiələr yayılır ki, guya Leyla xanımın sovet dövlətinin rəhbəri ilə isti münasibətləri olub.

Aktrisanın pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya şeirlər həsr etdiyi də deyilir. Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir. Çoxları bilmir ki, Xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib. Bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib.

Leyla Bədirbəyli çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikər, üzərinə iplə toxunmuş bəzəkli güllərdən naxış salarmış. Çox dadlı şirniyyatlar, gözəl tortlar bişirməyi bacarırmış. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar da gətizdirir. Halvanı, şəkərburanı o qədər dadlı bişirərmiş ki, adamlar bunları onun özünün hazırladığına inanmırlarmış.

Antik əşyalar, heykəllər satın almağı çox sevib. Xırda heykəlciklərdən ibarət kolleksiyası olub. Xaricə gedəndə məşhur ustaların əl işlərini alıb gətirərmiş.

Tanrı bu xanımdan heç nəyi əsirgəməmişdi. Həm çox gözəl, həm də çox istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. Həyat yoldaşı aktrisanı həddindən çox sevirmiş. Aktrisanın nəvəsi müsahibələrinin birində belə deyir: "Babam ata qızına necə baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. Babam 3-4 gündən bir evə qızıl güllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi yerinə təzə güllər qoyulurdu".

Bir gün həyat yoldaşı ona "sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm" deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, "neyniyirsən yeni maşını, mənə bu da bəsdir" deyir. Kamil "o maşın daha sənə yaraşmır" cavabını verir və səhəri gün əlində biletlə evə gəlir, Almaniyaya yola düşür. O, maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gətiriləndə Leyla xanım şoka düşür. Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu il yanvar ayının 1-də prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin il noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()