Mariya Küri
Tarixdə elə elm adamları olub ki, bəşəriyyəti daha irəliyə aparmaq üçün özlərini peşələrinə fəda ediblər. Belə alimlərdən biri də Polşa əsilli fransız alimi Mariya Küridir. Həm fizika, həm də kimya üzrə ilk Nobel mükafatını alan bu xanıma əbəs yerə "elm üçün ölən qadın" deməyiblər...
Beş uşaqlı ailənin sonuncu övladı olan Mariya hələ uşaq yaşlarından kimya elminə böyük maraq göstərirdi. Anasını və bacılarından birini çox erkən yaşda itirən Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı, güclü zehni və təfəkkürü ilə həmyaşıdlarından fərqlənirdi.
Tanınmış rus kimyaçısı, elementlərin dövri sisteminin yaradıcısı Dmitri Mendeleyev onun atasının dostu idi. Günlərin birində laboratoriyada Mariyanı iş başında müşahidə edən Mendeleyev, ona bu cür səylə davam etsə parlaq gələcəyi olacağını demiş və xeyir-dua vermişdi. Və doğrudan da belə oldu...
Tələbəlik illərində yoxsul həyat tərzi keçirən alim kirayələdiyi evin çardağında yaşamış, təhsilini davam etdirə bilmək üçün isə laboratoriyadakı ocaqxanaya nəzarət etməklə yanaşı, təcrübə şüşələrini yuyub təmizləməklə pul qazanırmış. İki il çox çətin şərtlər altında oxuyan Mariya həftələrlə pendir-çörək yemək məcburiyyətində qalırmış. Elə bu ərəfələrdə də gələcək əri - elm adamı Pyer Küri ilə tanış olmuşdur. Bu tanışlıq qısa müddətdən sonra sevgiyə çevrilmiş və evliliklə nəticələnmişdir. Onların bu izdivacdan iki qız övladı dünyaya gəlmişdir.
Arvadının uğurlarına sevinən Pyer
onu çox həvəslə izləyər, tədqiqatın gedişinə mane olmadan öz məsləhət və qeydləri ilə daim Mariyaya kömək edərdi. Lakin onların xoşbəxt ailə həyatı çox da uzun sürmür. Mariya Kürinin həyatında gözlənilməz bir faciə baş verir. Belə ki, yağışlı bir gündə Pyer Küri mühazirədən çıxıb evə gələrkən yolda ayağı sürüşür və at arabasının altına düşür. Atın boynundan sarılıb xilas olmağa cəhd göstərsə də alınmır. Altı tonluq arabanın altında qalan qırx beş yaşlı fizik canını tapşırır.
Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə olur. Bu faciəyə mətanətlə dözməyə çalışan alim dərdini unutmaq üçün bütün günü təcrübə otağında keçirir. Bir ay sonra isə o, Sorbonna Universitetində ərinin yerinə işləməyə başlayır və onun yarımçıq qalan işlərini tamamlayır. Və həmin universitetdə mühazirə deyən ilk qadın müəllimə olur.
Mariya Kürini tanıyanlar onu çox mehriban və təvazökar qadın kimi xarakterizə edirlər. O, elmə hər zaman gözəllik kimi baxdığını vurğulayırdı. Laboratoriyasında özünü təbiətin sirli hadisələri ilə üz-üzə dayanan uşaq kimi hiss etdiyini deyərmiş. Hardan bilərdi ki, bir gün gecə-gündüz demədən çalışaraq kəşf etdiyi bir element ona "xəyanət" edəcək...
Alim laboratoriyada işləyərkən daim radium təhlükəsi ilə üz-üzə qalırmış. Maraqlıdır ki, o, nədənsə buna qarşı heç bir müdafiə tədbiri görməyib. Ən pisi isə üstəlik bu elementin olduğu ampulanı - zəhərli radiumu üzərində talisman kimi gəzdirib. Belə ki, radioaktiv maddə olan, zəif mavi işıq saçan kiçik ampulaya hər zaman Mariyanın əlində, ya da boynunda asılı olarmış. Məhz bu kəşfi də 66 yaşlı alimin ölümünə səbəb olur...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.