02 iyun, 2025
Paylaş:

Marlon Brando

"Xaç atası" ("The Godfather") filmindəki Don Karleone obrazına görə "Oskar" mükafatı qazanan və bundan imtina edən, Merlin Monro ilə eşq yaşayan, Hollivudun "vəhşi" ləqəbli aktyoru Marlon Brando...

Aktyor Amerikanın Nebraska ştatının Omax şəhərində dünyaya gəlib. Atası Marlon Brando kimyəvi yem istehsalı ilə məşğul olan mütəxəssis, anası Doroto Culiya Brando isə Amerikada qızıl idxal edən məşhur Pennibeyker nəslinin nümayəndəsi idi. Culya çox erkən yaşlarda özünü aktrisa kimi də sınamışdı. Hətta məşhur Amerika aktyoru Henri Fondla bir neçə dəfə eyni səhnəni paylaşmışdı. Atasından heç bir qayğı görməyən kiçik Marlonun yeganə məşğuliyyəti anasının pianoda ifa etdiyi musiqiləri dinləməkdən ibarət idi. Gələcək aktyorun altı yaşı olanda ailə Çikaqo şəhərinə köçməli olur. Ailə başçısının vəzifəsi ilə əlaqədar olan bu yerdəyişmə Marlonun anasını teatrdan ayırır. O, bu vəziyyətlə barışa bilmir və bir müddət sonra spirtli içki aludəçisinə çevrilir. Doğulduğu şəhərdən və dostlarından ayrılmaq Marlonun da ürəyincə olmur. Lakin oğlanın əhvalını onlara qulluqçu kimi işə düzəlmiş Ermi adlı gözəl qız yaxşılaşdıra bilirdi. Çünki Marlon həmin qulluqcuya dəlicəsinə aşiq olmuşdu. Ermi Marlon üçün dadlı xörəklər bişirir, onunla kart oynayırdı. Hətta Marlon yuxuya gedənə qədər onun yanında uzanırdı. Aradan bir müddət keçəndən sonra Ermi bir neçə həftəlik başqa şəhərə dincəlməyə gedəcəyini bildirir. Marlon ilk məhəbbətinin yolunu xeyli gözləsə də sonda başa düşür ki, Ermi heç vaxt qayıtmayacaq. Marlon əlli yaşında həmin günləri belə xatırlayır: "Anamın içkiyə qurşanmasından sonra məni təsəlli edəcək yeganə qadın da çıxıb getmişdi. Özümü atılmış və tərkedilmiş hiss edirdim".

Gənc yaşlarında idmanla müntəzəm məşğul olan Brando bu sahədə xeyli uğur əldə edir. Musiqi sahəsində də xeyli üstünlük əldə edən Marlon bir müddət sonra teatr məktəbinə yazılır. İlk rolunu isə "Mən anamı xatırlayıram" tamaşasında oynayır. 70-ci illərin əvvəlində isə o şöhrətin zirvəsinə ucalır. Onu bu zirvəyə aparan Frensis Koppolanın ekranlaşdırdığı "Xaç atası" filmi olur. Fitri istedadı sayəsində İtalya mafiya başçısı rolunu canlandlran Marlon Don Karleone obrazı ilə karyerasının, eləcə də Amerika kinomatoqrafiyasının ən çətin rollarından birini yaradır. "Xaç atası" filmindən sonra aktyor ikinci "Oskar" mükafatını qazanır. Ancaq Brando bu mükafatdan imtina edir. Buna səbəb o dövrdə Amerika hökumətinin hindulara qarşı apardığı siyasət idi. Məhz buna görə Brando mərasimə qatılmır. Etirazını daha da çox göstərmək üçün öz yerinə hindu xanımı göndərir.

Marlon Brando üç dəfə ailə həyatı qurub. Bu evliliklərdən onun yeddi övladı doğulub. Aktyorun birinci arvadı aktrisa Anna Kaşfi olub. Onlar iki il birlikdə yaşayıblar. Cütlüyün Kristian adlı oğlu dünyaya gəlib. Bir müddət sonra Marlon Annadan ayrılıb aktrisa Movita Kastanda ilə evlənib. Movita ilə Brandonun iki övladı doğulub. Lakin bu izdivac da boşanma ilə nəticələnib. Dünyaşöhrətli aktyorun növbəti həyat yoldaşı aktrisa Tarita Teriipiya idi. Onlar on il birlikdə yaşayıblar. Evlilikləri boyunca cütlük Taita adasının sahilindəki villada yaşayıb. Həmin dövrlərdə aktyor Amerikadakı qaradərili insanların haqlarının təmin olunmasına qarşı aktiv siyasi fəaliyyət göstərib. Bu səbəbdən də özünə çoxlu düşmən qazanıb. Bundan başqa, Brando avtobioqrafiyasını yazarkən aktrisa Merlin Monro ilə də eşq yaşadığını bildirib. Hətta o, özündən on altı yaş böyük olan aktrisa Anna Manyaninin də ona vurulduğunu qeyd edib. Lakin aktrisadan heç vaxt xoşu gəlmədiyini söyləyib. Bir çox avtoqraflar Marlon Brandonun biseksual olduğunu ehtimal ediblər. Hətta onun digər məşhur Hollivud aktyoru Keri Qrantla yaxın münasibətlərinin olduğuna dair mətbuatda fikirlər də səslənib.

Marlonun qanuni olaraq doğulan və onun soyadını daşıyan övladlarının aqibəti də o qədər yaxşı olmaylb. Bir qızı intihar edib. Böyük oğlu isə qatil kimi cinayət məsuliyyətinə cəlb olunub. Marlon Brando Amerikada yetişən gənc nəsil aktyorların heç biri ilə ünsiyyıət qurmayıb. Onun yeganə qiymət verdiyi və əlaqə yaratdığı aktyor Conni Depp olub. Ömrünün son illərində aktyor köklükdən əziyyət çəkir. Belə ki, onun çəkisi 136 kiloya yaxın olur. Şəkər xəstəsi olan Brando üstəlik qaraciyərindən də şikayət edir. Lakin heç bir müalicə üsulunu özünə yaxın buraxmır. Buna səbəb bəlkə də küllü miqdarda borclarının olması idi. Deyilənə görə, ölməzdən əvvəl borcu on bir milyon dollara çatıbmış. Aktyor 80 yaşında ağciyər fibrozu nəticəsində yaranan tənəffüs çatışmazlığından tamamilə yoxsul və kimsəsiz vəziyyətdə dünyasını dəyişib. Onun vəsiyyətinə əsasən nəşi yandırılaraq külü Taita adasına səpilib. Ölümündən sonra ən yaxın dostu olan aktyor Cek Nikolson onun haqqında bu sözləri deyib: "Onun ölümüylə hər şey kəskin dəyişdi".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()