Marqaret Mitçell
Amerikanın məşhur yazıçısı Marqaret Mitçell... Bütün zamanların ən məşhur əsərlərindən olan "Küləklə sovrulanlar" romanı ilə tanınan bu xanıma tale məşhurluğun dadını çıxarmağa imkan vermədi... Gözlənilməz uğur və yarımçıq qalan ömür...
Əslən amerikalı olan yazıçı adlı-sanlı bir ailənin övladı olub. Atası Yucino Mitçell tanınmış vəkil, anası isə feminist və Atlantanın birinci ledisi hesab olunan fransız əsilli Meri İzabella Stivins idi. Marqaretin anası dövrünün məşhur xanımı olmaqla yanaşı, həm də modanı, incəsənəti yaxından izləyən, onların yenilənməsinə təsir edən qadınlardan biri olmuşdur. Marqaret ailənin üçüncü övladı idi. Onun özündən böyük iki qardaşı olsa da, onlardan ortancılı hələ uşaq ikən dünyasını dəyişmişdi.
Hələ uşaq yaşlarından Marqaret dostlarını valehedici nağıl danışmaq qabiliyyəti ilə heyrətləndirirdi. Həddindən artıq inadcıl və çox böyük yumor hissinə sahib olan gələcəyin yazıçısı elmə barmaqarası yanaşarmış. İpə-sapa yatmayan balaca qızcığaz dərslərini "rüşvətlə" oxuyarmış. Belə ki, anası inadcıl qızında oxumağa maraq oyatmaq üçün ona kiçik məbləğdə pul mükafatları verir, təhsilin vacib olduğuna inandırmağa çalışırdı.
İllər ötür, Marqaret 11 yaşına çatır. O, nəinki ədəbiyyatı bilməklə yaşıdlarını arxada qoyur, hətta özü hekayə və pyeslər də yazır. Oğlan doğulmadığı üçün həmişə təəssüflənən Marqaret şalvarda gəzər, ponidə çapar, ağaclara dırmaşar, çox gözəl rəqs edərdi.
Orta məktəb təhsilini bitirdikdən sonra gözəlliyi ilə bir çoxlarının qəlbini fəth etmiş gənc Marqaret Klifford Henri adlı leytenanta vurulur. Qısa vaxt ərzində bu iki gənc bir-birilərinə bağlansa da, bir neçə aydan sonra Marqaret gənc leytenantın ölüm xəbərini alır. Kliffordun ölümü Marqaretin qəlbinə ağır zərbə vurur. O, uzun müddət öz leytenantını unuda bilmir. Ömrünün sonlarına qədər isə Kliffordun doğum günlərində onun qəbrini ziyarət edir.
Sevgilisinin ölümündən sonra Marqaretə daha ağır, ikinci bir zərbə isə anasının ölümü olur. Uzun müddət ərə getmək haqqında düşünməyən yazıçı "mən sevməyi bacarmıram" deyərək pərəstişkarlarını özündən kənarlaşdırır. Deyilənlərə inansaq, həddi-büluğa çatmış Marqaretin həmin dövrdə qırxa yaxın heyranı varmış.
Lakin günlərin birində pərəstişkarlarından Berrien Apoş adlı gənclə ailə qurmağa qərar verir. Sərxoşluğu ilə həddindən artıq məşhur olan Berrien yazıçının həyatını cəhənnəmə çevirir. O, Marqareti təhqir edir, döyüb alçaldır. Bütün bunlardan bezən Marqaret ağır depressiyaya düşür. Əsəbləri tamamilə sıradan çıxır. O, uzun müddət nevroloji və psixoloji müalicə almalı olur. Deyilənlərə görə, kölgə kimi daima onu izləyən Con Marşın köməkliyi olmasa Marqaret daha dərin uçuruma yuvarlana bilərdi. Yalnız Conun həqiqi məhəbbəti və qayğısı onu düşdüyü çətinlikdən xilas edir. Bu səbəbdən də Marqaret ərindən ayrılaraq Conla ailə həyatı qurmağa qərar verir.
Qayğısız, xoşbəxt həyata başlayan yazıçı ona dünya şöhrəti gətirən "Küləklə sovrulanlar" romanını da məhz bu ərəfədə yazır. Nə az, nə çox, düz on il müddətinə yazılan bu roman əsasında çəkilmiş film isə onu daha da məşhurlaşdırır. Lakin bu roman şöhrətin sevincini doyunca dada bilməyən yazıçının son əsəri olur. Atasının və ərinin xəstəliyi ucbatından başını itirən 48 yaşlı yazıçı avtomobil qəzası nəticəsində həyatla vidalaşır...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.