21 sentyabr, 2022
Paylaş:

Marqaret Tetçer

Kimin üçünsə eqoizmə bürünmüş ifritə, kiminə görə qadın qüdrətinin rəmzi, nəhayət, “dəmir ledi” ləqəbinin ilk sahibi Marqaret Tetçer... Böyük Britaniyanın ən uzun müddət vəzifədə qalmış bu baş nazirinin siyasəti birmənalı qarşılanmırdı...

Deyilənə görə, satıcı qızı olan Marqaretin dili uşaq ikən də ağlı qədər iti olub. Bu özəlliyinə görə sinif yoldaşları onu “diş təmizləyən Meggi” çağırırdılar. Hələ ibtidai sinifdən otüstü xokkeylə məşğul olan, piano, üzgüçülük dərsləri alan, natiqlik mədəniyyətini mənimsəyən “Meggi” Oksfordun hüquq fakültəsini bitirdikdən sonra hakimiyyətin zirvəsinə pillə-pillə qalxmışdı.

Gələcək həyat yoldaşı, həyatını kökündən dəyişən kişi ilə də dövlət tədbirlərinin birində tanış olmuşdu Marqaret. Gənc iş adamı Denis Roberts Tetçer ilk baxışdan iddialı Meggiyə vurulmuşdu. Miss Marqaretlə nikah Denisin ikinci evliliyi idi. Təsadüfə baxın ki, onun ilk xanımının da adı Marqaret olmuşdu. Meggi bu nikaha bir şərtlə razılıq verir ki, ərinin birinci ailəsindən heç kim xəbər tutmayacaq. Cütlük sözünün üzərində durur. Marqaretin valideynləri ölənədək bu sirri öyrənmirlər. Əkiz övladları Mark və Kerrol isə atalarının keçmişindən 18 yaşları tamam olanda xəbər tuturlar.

Cütlüyün ittifaqını alovlu məhəbbət adlandırmaq doğru olmazdı. Ümumiyyətlə, Tetçerlərin nikahı məntiq evliliyi idi. Çox güman ki, Denis olmasaydı, ”dəmir ledi” həqiqətən günü mətbəxdə keçən evdar bir xanım olardı. “Mən dəmir filan deyiləm, sadəcə qadınam” - deyərdi xanım siyasətçi.

Karyerasının ilk illərində “satıcı qız” ləqəbi Meggiyə əməlli-başlı mane olsa da, ona məmurlar arasında seçilmək üstünlüyü qazandırdı. Meggi hər şeydə birinciliyə can atırdı.

Britaniyaya 11 ildən çox başçılıq edən bu xanım əsas diqqətini xarici siyasətə yönəltmişdi. Ən böyük arzularından biri də SSRİ-ni süquta uğratmaq idi. Bu yolda ən yaxın məslək yoldaşı Mixail Qorbaçov idi.

Hələ Qorbaçov baş katib vəzifəsinə təyin olunmazdan öncə Böyük Britaniyaya dəvət olunur. “Dəmir ledi” kral ziyafətinə dəvət etdiyi Qorbaçovu müxtəlif üsullarla öz tərəfinə çəkməyi bacarır. Daha sonralar Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə də münasibətləri isti saxlamaq üçün bütün yollara əl atmışdı. Daha bir maraqlı fakt da odur ki, Mixailin dünyaya səs salan “Qorbi” təxəllüsünü də ona Tetçer verib.

Nə qədər qəribə səslənsə də, ”dəmir ledi” təxəllüsünü Tetçerə sovet jurnalistlərindən biri vermişdi. “Qırmızı ulduz” qəzetinin növbəti saylarından birində Tetçer haqda maraqlı məqalə dərc olunur. Müəllif Yuri Qavrilov öz yazısında SSRİ-yə qarşı sərt münasibətinə görə xanım Tetçerə “железная дама” deyə müraciət edir. Məqalə tərcümə edilib ingilis qəzetlərində də dərc olunur. “Железная дама” “dəmir ledi” ilə əvəzlənir. Britaniyalılar Tetçerə “tank”  təxəllüsü də vermişdir. Ona verilən adlar xanım Marqareti heç də narahat etmirdi. Əkisinə “Şəxsi iradlara həmişə sevinirəm. Bu o deməkdir ki, rəqibimin mənə qarşı siyasi arqumenti yoxdur”, -  deyirdi.

 Həyatının son illərində demensiya xəstəliyindən əziyyət çəkən xanım siyasətçi 88 yaşında insult səbəbi ilə dünyadan köçmüşdür.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()