Marsel Prust
Böyük fransız yazıçısı Marsel Prustun "İtirilmiş zamanın axtarışında" adlı məşhur əsərinin birinci cümləsi belə başlanır: "Çoxdan erkən yatmağa öyrəncəliyəm". Qəribə müəllifin qəribə romanı... Şotlandiyanın müasir yazıçısı Endryü Krumi "Mister Mi" əsərində yazır ki, Prust yuxusuzluqdan və astmadan əziyyət çəkib...
Paris ətrafındakı qəsəbələrin birində doğulan Marselin atası məşhur həkim olub, anası Janna Veyl isə varlı yəhudi maliyyəçilərinin nəslindən çıxıb. Yazıçı ana tərəfdən Karl Marksın qohumu olub. Deyilənlərə görə, o uşaq vaxtı heç də yaxşı oxumayıb. Düzdür, ədəbi əsərləri çox mütaliə etsə də, məktəbdə həmişə danlanarmış. Universitetin hüquq fakültəsinə daxil olsa da, sonralar təhsilini yarımçıq qoyub. Bunu etməsinin günahını isə yaxşı mənada filosof Anri Berqsonda görüb. Belə ki, o, hüquq fakültəsində oxuyarkən tez-tez Berqsonun mühazirələrinə qulaq asmağa tələsər, kitabxanalara gedərmiş. Elə bu səbəbdən də ilk iş yerini kitabxanada tapıb. 9 yaşından ömrünün sonuna kimi astma xəstəliyindən əzab çəkən yazıçı xəstəliyinə görə uzunmüddətli bülleten açdıraraq yeni iş yerindən uzaqlaşıb, şəhərdə gəzib, günlərini ədəbiyyat adamlarının arasında keçirib. Sual oluna bilər ki, bəs Marsel necə dolanıb? Onun üçün bu problem deyildi? Ailəsi varlı olduğundan yazıçı kitabxana məvacibinə qalmamışdı. Onun üçün əsas mənəviyyatını zənginləşdirmək idi.
İlk yazılarını oçerk və novellalar təşkil edib. Sonra tərcümə işinə girişib. Daha sonra isə siyasətə qoşulub. Varlı ailənin oğlu bilmirdi nə ilə məşğul olsun ki, içindəki boşluğu doldura bilsin. Getdikcə irihəcmli əsərlər yazmağa özündə baza tapıb. Hiss edib ki, bildikləri romanlar yazmasına əsas verir. Ancaq ağır-ağır yazıb. Anasının vəfatından sonra isə əzablı günləri başlayıb. Heç olmasa valideynləri sağ ikən astma tutmaları zamanı yardım edərdilər. Əlbəttə, varlı Prust həkim və tibb bacılarını evə çağırıb lazımi tibbi məsləhətləri yerinə yetirər, həblərini atardı. Ancaq valideynləri ona mənəvi dəstək olardılar. Prust mənəvi istiliyi həkimlərdən ala bilmirdi. Digər əzabverici məqam isə anasının arzusunu yerinə yetirə bilməməsi idi. Anası həmişə onu böyük yazıçı kimi görmək istəyirdi. Öləndə oğlunu hələ də hekayə və esseler yazan ortabab yazıçı kimi gördü. Məhz bu səbəbdən Marsel özünü bağışlaya bilmirdi. Ancaq özündə güc tapdı, söz verdi ki, böyük yazıçı olmaqla anasının ruhunu sevindirəcək. Veyil-veyil gəzməyinə ara verdi, mühazirələrə qatılmadı, masa arxasına keçib gecə-gündüz elə hey yazmağa başladı. Həmin günlərdə yazıçı barədə qəribə söz-söhbət gəzirdi. Fransada danışırdılar ki, xəstə yazıçı ikiotaqlı mənzil kirayəyə götürüb. Divarları palıd ağacından olan bu otaqları ona görə seçib ki, çöldəki səs içəri girməsin, rahat yazsın. Pəncərənin pərdəsi isə heç vaxt açıq olmaz, günəşin şəfəqi düşməzmiş. Günortalar yatar, gecələr yazarmış, sobada kartof qaynadıb yeyər, hər tərəfi bağlı avtomobillə şəhərə gedərək müşahidələr apararmış. Bəlkə də bu şayiələrdə həqiqət izi vardı, bəlkə də yox... Ancaq məlum olan bircə odur ki, Prust "İtirilmiş zamanın axtarışında" adlı ik cildlik romanını yazıb bitirə bildi və bununla da şöhrət qazandı. Lakin məşhurluğun dadını doyunca yaşaya bilməyən 51 yaşlı yazıçı tanınandan 3 il sonra ağrı və əzablar içərisində ağciyər iltihabından vəfat etdi. O ölərkən yanında heç bir qadın olmadı. Çünki həyatı boyu evlənməyən yazıçı anasından savayı heç bir qadını sevmədi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.