“Mədəni kəsişmə: Mədəniyyətlərin dialoqu” adlı görüş

30 aprel, 2026
Paylaş:

“Mədəni kəsişmə: Mədəniyyətlərin dialoqu” adlı görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə Qazaxıstan Respublikasının İbray Altınsarin adına Uşaq və Gənclər Kitabxanası arasında “Mədəni kəsişmə: Mədəniyyətlərin dialoqu” adlı onlayn görüş keçirilib. Tədbir tolerantlığın təbliği, mədəni əlaqələrin gücləndirilməsi və iştirakçı ölkələrin milli adət-ənənələrinin müzakirəsi məqsədilə təşkil edilib. Telekörpüdə Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri - “Birlik” Etnomədəni Birliyinin sədri Rafael Hacıbalayev, gənclər təşkilatının lideri Leyla Kərimova,  Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Məshəti Məmmədova, tələbə - gənclər iştirak edirdi.

Qazaxıstan Respublikasının İbray Altınsarin adına Uşaq və Gənclər Kitabxanasının direktoru Nadejda Tiplakova çıxış edərək belə görüşlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür təşəbbüslər iki ölkənin kitabxanaları və gəncləri arasında mədəni körpü rolunu oynayır və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir.

Telekörpüdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova çıxış edərək kitabxananın fəaliyyəti haqqında geniş məlumat verib. O, kitabxananın həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər vasitəsilə Azərbaycan gəncliyinin maarifləndirilməsi və mədəni dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində ardıcıl işlər gördüyünü diqqətə çatdırıb.

Tədbirdə Respublika Gənclər Kitabxanası tərəfindən iki geniş video təqdimat nümayiş etdirilib. Müasir texnologiyaların -  süni intellekt vasitələrinin tətbiqi ilə hazırlanan birinci təqdimatda Novruz bayramının keçirilməsi qaydaları, milli-mənəvi ruhu, gələcək nəsillər üçün daşıdığı dəyərlər geniş şəkildə əks etdirilib.

İkinci təqdimat isə Respublika Gənclər Kitabxanasının və  Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə təşkil etdiyi Novruz bayramına həsr olunan tədbirlərin fraqmentlərindən hazırlanıb. Bu təqdimat vasitəsilə kitabxananın ictimai-mədəni fəaliyyəti, gənclərlə iş istiqamətində həyata keçirdiyi layihələr və bayram tədbirlərinin rəngarəngliyi nümayiş etdirilib.

Tədbirin bədii hissəsində  Qazaxıstan tərəfindən “Uzundərə” milli rəqs nömrəsi təqdim olunub.

Görüş interaktiv formatda davam edib, tərəflər arasında canlı ünsiyyət qurulub, qarşılıqlı suallar cavablandırılıb. Müzakirələr zamanı mədəni irsin qorunması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()