Mədəniyyət tarlamızın fədakar Əkinçisi - Azərbaycan mətbuatı-150(ll-ci hissə)
On altı ilin ayrılığından sonra 1896-cı ildə Bakıya qayıdan Həsən bəy təəccüb və heyrətinə rəğmən, təkcə şəhərin deyil, insanların da dəyişdiyini görmüşdü. Hənifə xanımın yazdığı kimi, "gənc ictimai xadimlərin bütöv bir nəsli yetişmişdi, artıq əla pedaqoq kimi şöhrət qazanmış müəllimlər vardı, dəmirçinin oğlu bütün şəhərdə tanınan məşhur həkim olmuşdu və s."
Deməli, günəş şüasının çətinliklə işıqlandırdığı torpağa atılan toxumlar da cücərmişdi. Əkinçinin və "Əkinçi"nin zəhməti hədər getməmişdi...
Zərdabi yenə də əvvəlki həvəs və enerji ilə çalışırdı. Üstəlik də, indi tək deyildi. Ətrafında yetirmələri, onun çağırışı ilə təhsil alıb cəmiyyətdə yer tutan keçmiş şagirdləri vardı. Tezliklə şəhər dumasına iki çağırış qlasnı seçilmişdi, Kürəkəni, ideya dostu Ə.Topçubaşovun redaktorluğu ilə çıxan "Kaspi'nin daimi əməkdaşlarından biri, daha doğrusu, redaksiyanın ikinci adamı kimi çalışırdı. Yenidən əvvəlki stixiyasına qovuşmuş, hadisələrlə dolu coşqun həyat yaşamağa başlamışdı. Köhnə qəzetçi Həsən bəy bütün varlığı ilə işinə bağlanmışdı. Həmkarlarından birinin xatırladığı kimi, "onun redaksiyadakı masasının qarşısında həmişə cəmiyyətin müxtəlif təbəqələrindən olan, kömək, yaxud məsləhət istəyən, məlumat almağa, yaxud sadəcə dostcasına söhbət etməyə gələn adamların uzun bir növbəsi dayanırdı". Digər qələm yoldaşları ilə bir sırada həm də Həsən bəyin zəhməti sayəsində qəzet az vaxtda "müsəlman "Kaspi"si kimi şöhrətlənmiş, hələlik "öz" mətbuatı olmayan milli ziyalıların tribunasına çevrilmişdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının çətinliklə də olsa, etnik, mədəni və maliyyə-iqtisadi baxımdan Azərbaycan şəhərinə çevrilməsində Həsən bəyin xidmətləri danılmaz idi. Onun səyi nəticəsində Bakı Dumasına seçilən azərbaycanlı üzvlərin sayı qanunvericiliyin tələblərinə uyğun artırılmışdı. Şəhərə içməli su gətirilməsi, konka əvəzinə tramvay xətti çəkilməsi, yeni təhsil və səhiyyə ocaqlarının açılması, abadlıq işlərinin, sanitariya tədbirlərinin görülməsi və bir çox məsələlərdə Həsən bəy həmişə fəal vətəndaş mövqeyindən, Bakının yoxsul, imkansız sakinlərinin maraq və mənafelərdən çıxış etmişdi. Müasirlərindən birinin yazdığı kimi, "O, şəhər işlərinə elə can yandırırdı, şəhərin mənafeyini elə canı-dildən müdafiə edirdi ki, sanki bütün şəhər şəxsi mülkiyyəti idi". Öz "mülkiyyətinə", doğma "evinə" sahib çıxdığına, bu hissi soydaşlarına da aşılamağa çalışdığına görə velikorus şovinistlərinin və çar məmurları ilə sıx əlaqələrə malik erməni mafiyasının timsalında özünə xeyli düşmən qazanmışdı. Amma hədə və təqiblərə baxmayaraq, onu tutduğu yoldan çəkindirmək mümkün olmamışdı. Həsən bəy başladığı hər işə bütün qüvvə və enerjisini, ürəyinin hərarətini qoyurdu. Konkret fərd yox, bütün Azərbaycanı təmsil edən şəxs kimi hər yerdə nümunəvi olmağa çalışırdı. Bir örnək: bəzi qlasnılar Bakı Dumasının iclaslarına seyrək gəldikləri üçün intizamı pozanların siyahısını tutmaq qərara alınmışdı. Və bu zaman məlum olmuşdu ki, Həsən bəy qlasnı olduğu yeddi il ərzində bir iclas da buraxmayıb...
"Yeddi il mən Həsən bəyi şəhər Dumasının iclas zalında, qlasnılar kürsüsündə görmüşəm, yeddi il onun nitqlərini dinləmişəm və tam qətiyyətlə deyə bilərəm ki, bütün bu müddət ərzində qlasnılar arasında onun kimi ikinci namuslu, sabit adam görməmişəm" - qəzetçi həmkarlarından biri Həsən bəyin əleyhdarları üzərində necə bir mənəvi üstünlüyə malik olmasından heyranlıqla bəhs etmişdi.
O, heç vaxt özü üçün yaşamamışdı. Şəxsi rahatlığı haqda düşünməmişdi. Milli mətbuatımızın patriarxı ömrünün son illərini xüsusilə yorucu, gərgin şəraitdə, xəstəliklərlə və insanların unutqanlığı ilə mübarizədə keçirmişdi. Amma yenə də əli işdən soyumamışdı. "Əkinçi" ənənələrini davamçısı "Həyat" qəzetinə məqalələr yazmış, atalar sözləri və zərb-məsəlləri toplamış, xalq nəğmələri məcmuəsi tərtib etmiş, məktəb proqramları üzərində işləmiş, Azərbaycan müəllimlərinin ilk qurultayının təşkilinə çalışmış, qurultayın sədri olmuşdu. Və bunları edərkən yalnız bir prinsipə əsaslanırdı: "İşinə qiymət - yəni mükafat umma. Xalq üçün çalış, onda o özü ardınca gedəcək və səni qiymətləndirəcək".
1907-ci ilin soyuq noyabr günlərində Zərdabinin vəfatının ümumxalq matəminə çevrilməsi, dəfnində Bakının fərqli din və millətlərə mənsub minlərlə sakininin iştirak etməsinin sirri nədə idi? Təbii ki, Həsən bəyin namuslu həyatı, fədakar əməyi, təmənnasız xidməti ona heç vaxt ardınca qaçmadığı ən yüksək mükafatı - ümumxalq sevgisini qazandırmışdı.
Zərdabinin vəfatının tək azərbaycanlılar deyil, türk xalqları arasında yaratdığı müştərək itki hissi bizi sovet tarix dərsliklərindən beynimizə yeridildiyi kimi Stolıpinin yox, daha çox Stalinin hakimiyyəti illərində itirilən, məqsədli şəkildə məhv olunan mədəni-mənəvi birliyimiz haqda düşünməyə vadar edir.
Stolıpin irticası dövründə (təbii ki, belə irticanın olmadığını iddia etmək fikrindən çox uzağam; "Sizə böyük sarsıntılar lazımdır, bizə isə böyük Rusiya!" prinsipi ilə hərəkət edən çar satrapı "böyük Rusiyanı" yaşatmaq üçün inqilabçıları deyil, bütöv xalqları əzməyə hazır idi və əzirdi) "Molla Nəsrəddin" və "Füyuzat" çap olunurdu, Azərbaycan oğulları Arazın o biri tayındakı qan qardaşlarının - Məşrutə, hürriyyət və bərabərlik bayrağı qaldırmış Səttarxan ordusunun köməyinə tələsir, türk-islam birliyinə cəsarətli çağırışlar edirdilər.
Stalin irticası illərində isə Azərbaycan ziyalılığının seçmə nümayəndələri məhv edilmiş, xalqımıza qarşı "sürüşkən genosid siyasəti" həyata keçirilmişdi. Pişəvəri hərəkatı beynəlxalq imperializmlə iş birliyi şəraitində qan gölündə boğulmuşdu. Azərbaycan xalqının, tariximizin və mədəniyyətimizin, dilimizin və əlifbamızın başına olmazın oyunlar açılmışdı.
Soruşula bilər ki, bütün bunların Zərdabiyə nə dəxli var?
Təbii ki, var.
İnsaf naminə deyək ki, Stolıpin irticasının tüğyan etdiyi dövrdə Bakıda Zərdabinin xalqın güc və birlik nümayişinə çevrilən, milli iradəni əks etdirən dəfn mərasimin qarşısını heç kim almamışdı.
37-ci il vakxanaliyasında türk əsilli xalqa, islam dininə mənsubluq az qala cinayət sayıldığından otuz il əvvəl sonsuz sayğı ilə Vətən torpağına tapşırılan Zərdabinin son mənzili də ona çox görülmüşdü. Barəsində heç bir cinayət işi açılmasa da, digər böyük azərbaycanlı - Nəriman Nərimanov kimi mənəvi terrora uğramış, adı və əməlləri zorla unutdurulmuşdu.
Təsadüfi deyil ki, 1937-ci ildə anadan olmasının 100 illiyini (həmin dövrdə Həsən bəyin 1837-ci ildə doğulduğu düşünülürdü) qeyd etmək heç kəsin yadına düşməmişdi. Eyni ildə böyük oğlu, Almaniyada mühəndislik təhsili almış Midhət Məlikovu "xalq düşməni" və "alman casusu" kimi həbs edib gedər-gəlməzə göndərmişdilər. 1950-ci ildə isə "Əkinçi"nin ilk sayının çapdan çıxmasının - yəni Azərbaycan mətbuatının 75 illiyini qeyd edilməsi "unudulmuşdu". O da təsadüfi deyil ki, amansız təzyiqlərə dözməyib həyatına intiharla son qoyan akademik Heydər Hüseynovun başı bəlalı "XIX əsr Azərbaycan fəlsəfəsi və ictimai fikri tarixindən" kitabının bir fəsli Zərdabiyə həsr olunmuşdu.
Hələ bədnam "yenidənqurma" illərindən başlayaraq keçmiş sovet respublikalarının hamısında olduğu kimi, biz də "unudulmuşlar", xalqın ədəbiyyat və mədəniyyət tarixindəki "ağ ləkələr" haqda çox danışılıb. Zərdabi şəxsiyyəti və irsinin öyrənilməsi, əsərlərinin nəşri istiqamətində görülmüş işlərin əhəmiyyətini əsla azaltmadan hərdən mənə elə gəlir ki, son illər bütün həyatı ilə xalqa xidmət örnəyi olan "Böyük Əkinçi" də sanki "unudulmaqdadır". Bunun belə olmadığını sübut etmək üçün Cəlil Məmmədquluzadənin Mirzə Fətəli haqqındakı məşhur sözləri ilə desəm, Həsən bəy barəsində "çox yazmaq və yaxşı yazmaq lazımdır".
lll
Kiyev universitetindəki azərbaycanlı tələbələr 1911-ci ildə bir araya gəlib nəşriyyat quranda ilk növbədə Zərdabinin əsərlərini çap etmişdilər. Bu, Ustada ehtiramla yanaşı, həm də, onun irsinin, fikir və ideyalarının xalqa çatdırılmasının vacibliyindən irəli gəlirdi. Tələbələr inanırdılar ki, soydaşlarına Həsən bəyin sözü ilə müraciət etsələr, səsləri daha tez eşidilər. Üstəlik də, insanlar gündəlik həyat və məişətləri ilə bağlı gərəkli, praktiki kitablar əldə etmiş olarlar.
Aradan keçən onilliklər Zərdabinin bir əsr yarım bundan əvvəl toxunduğu həyəcanlı mətləblərin, Vətənin və torpağın, dilin və mədəniyyətin taleyi ilə bağlı əndişələrinin bir çox məqamlarda hələ də qüvvədə qaldığını göstərir. Onun toxunduğu, tənqidi münasibət bildirdiyi məsələlərin hamısını tam həll etdiyimizi söyləmək inandırıcı görünmür. Həmin məsələlər yüz əlli il əvvəlki "Əkinçi" və Əkinçinin sərgilədiyi hərarətli, yanğılı vətəndaş yanaşması tələb edir. Bu baxımdan aradan keçən onilliklər bir çox məqamlarda Həsən bəyi bizə yaxınlaşdırır. Həqiqət axtarışlarımızda, doğru yol seçimimizdə onun yenə də öz xalqının müdrik yol göstərənlərindən biri olduğunu hiss edirik.
Zərdabi tam əsasla bioqrafiyası ilə mübarizələri, şəxsiyyəti ilə əməlləri arasında bərabərlik işarəsi qoyula bilən ictimai fikir və mədəniyyət korifeyi idi. Çətinlik və əzabların, ümid və aldanışların müşayiəti ilə keçdiyimiz millət olmaq yolunun Bələdçisi, Mədəniyyət Tarlamızın yorulmaz Əkinçisi idi...
Vilayət Quliyev,
“525-ci qəzet”