24 iyul, 2024
Paylaş:

Məhəmməd Əli

"Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür". Bu fikirlərin müəllifi əfsanəvi boksçu Məhəmməd Əli özünün idman karyerasında mümkün olmayanları mümkün edib... Bütün zamanların ən böyük boksçusu olaraq qəbul edilən, ağır çəkidə çıxış edən Məhəmməd Əli tək rinqdəki performansı ilə deyil, şəxsi həyatı ilə də insanların yaddaşında iz salıb...

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu ABŞ-ın Kentukki əyalətində anadan olub. İslam dinini qəbul etdikdən sonra dünyada Məhəmməd Əli adı ilə məşhurlaşıb. Onun atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Məhəmməd Əlinin boksa başlamasının çox maraqlı tarixçəsi var. Belə ki, 12 yaşında velosipedi oğurlanan Əli polisə müraciət edir və həmin oğrunu tutacağına söz verir. Bundan sonra Martin adlı həmin polis ona boksu öyrətməyə başlayır və zamanla daha da özünü təkmilləşdirən Məhəmməd Əli 22 yaşı olarkən Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür. Qələbə ilə vətənə dönən boksçu özünü göstərmək məqsədilə ağ adamlar üçün nəzərdə tutulan kafelərin birinə gedir. Boynunda qızıl medal, qürur və şəstlə sifariş vermək istəyəndə xidmətçi qəbul etməyib: "Biz zəncilərə xidmət etmirik". Məhəmməd Əli isə cavabında "Axı mən dilənçi deyiləm" deyib. Xidmətçi ilə arasında söhbət alınmayıb və qızıl medallı çempion kafeni tərk edib. Bu hadisədən böyük sarsıntı keçirən Məhəmməd Əli Ohayo çayının sahilinə gəlib və qızıl medalını çaya atıb.

1967-ci ildə Məhəmməd Əli Amerika ordusunda hərbi xidmətə çağırılıb. O, orduda xidmət etməkdən imtina edib. Boks kralı Amerika Birləşmiş Ştatlarının Vyetnama qarşı başladığı müharibəni qətiyyətlə pisləyərək bəyan edib ki, müqəddəs Qurana görə ölkəsi bu mübarizədə haqsızdır. Bu bəyanatdan sonra ABŞ-ın Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alıb və onu üç il müddətinə boksdan uzaqlaşdırıb.

Məhəmməd Əli 1981-ci ildə boksu tərk edib. Bunu rəsmi elan etdikdən bir müddət sonra jurnalistlərdən biri ondan soruşub: "Sizcə müasir boksda nə çatışmır? "Məhəmməd Əli gülümsəyərək cavab verib: "Sualı bir az dəqiq versəydiniz daha yaxşı olardı. Bu sualı belə qoymaq lazım idi ki, boksda kim çatışmır? Mən isə böyük məmnuniyyətlə cavab verərdim ki, Məhəmməd Əli".

Məhəmməd Əli rinqləri dəyişdiyi kimi, həyat yoldaşlarını da tez-tez dəyişib, dörd dəfə ailə həyatı qurub. Onun uğursuz evliliklərinin səbəbi bütün dünyaya məlumdur. Hərçənd ki, o, çox sevimli və yaxşı ata olub, bunu onun övladları da hər zaman deyir. Həyat yoldaşlarına qarşı da hər zaman qayğı və sevgi ilə yanaşıb. Məhz qadınlara olan düşkünlüyü səbəbindən onun evlilikləri hər dəfə uğursuzluqla nəticələnirdi. Boksçunun üçüncü xanımı Amerika gözəli olan Veronika Porşe də 4 il davam edən evlilikləri haqda bu sözləri demişdi: "Məhəmməd Əli ilə olan hər bir gün sehrli nağıla bənzəyirdi, onunla həyat həqiqətən də çox gözəldir. Lakin vaxt keçdikcə Əli ilə yaşamaq çətinləşirdi, bunu əslində hər kəs bilir ki, Əli nə qədər möhtəşəm və əsrarəngiz insan olsa da həyat yoldaşı olaraq sadiq deyildi. Bu səbəbdən də biz ayrılmalı olduq, lakin mən hər zaman onu sevmişəm. Məhəmməd Əli mənim üçün sevgi deməkdir...".

Məhəmməd Əli bir çox sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də olduqca istedadlı biri idi. O, əsasən müxalifət, din və s. mövzularda şeirlər yazmışdır. Hətta onun fərqli tərzdə ifası da bir çoxlarının ürəyini fəth edə bilmişdi. Belə albomlardan biri də "I Am the Greatest" albomudur.

Boksçu uzun illər Parkinson xəstəliyindən əziyyət çəkib. Bu onun yaddaşında və danışığında böyük problemlər yaradıb. Məhəmməd Əli 74 yaşında ağciyər çatışmazlığı səbəbindən vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()