Məktəblilər Gənclər Kitabxanasında qonaq oldular
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin VI sinif şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova təhsil mərkəzinin nümayəndələrinin rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, kitabxanada təşkil edilən ekskursiyaların, balaca məktəblilərin kitabxanaya qonaq gəlmələrinin elm, mütaliə, kitab məbədinə olan marağın və sevginin göstəricisi olduğunu söylədi. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışaraq, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara çox kömək olduqlarını bildirdi.
Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri, rəsmi saytı haqqında geniş məlumat verərək, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər.
Şagirdlər kitabxanada təşkil olunan ”Ulu Öndər Heydər Əliyev”, “Vətən şəhidləri”, “Tarixi qələbə - Zəfər günü”, “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa”, “Yeni kitablar” sərgiləri ilə tanış oldular, sərgilənən materialların hansı meyarlar əsasında tərtib olunması haqqında məlumatlandırıldılar. Sonradan mütaliə, dünya və yerli kitabxanaları, kitabxanalardan istifadə qaydaları, son dövrlərdə çap olunan uşaq ədəbiyyatı mövzusunda müzakirələr aparıldı, kitabxana əməkdaşları gənc oxucuların suallarını cavablandırdılar.






