Məktəblilər Kitabxanada qonaq oldular
Yasamal rayonu 176 saylı tam orta məktəbin VI sinif şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəbin nümayəndələrinin rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onların gəlişinin mütaliəyə olan həvəsin artırılması, asüdə vaxtlarının səmərəli keçirilməsi, onları kitabxanaya cəlb etmək məqsədilə təşkil edildiyini bildirdi.
Məktəblilər üçün kitabxanaya səyahət Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsi ilə başladı. Uşaqlar “kitabxana” sözünün nə demək olduğunu öyrəndilər, “abunə”, “oxu zalı”, “sərgi” anlayışları ilə tanış oldular, kitabxanaçı peşəsinin əsas məqsəd və vəzifələri haqqında məlumat aldılar. Kitabxananın əməkdaşları məktəbliləri rəngarəng uşaq kitabları və jurnalları ilə tanış etdilər, kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışdılar. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışaraq, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara çox kömək olduqlarını bildirdilər.
Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri, rəsmi saytı haqqında geniş məlumat verərək, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər. Balaca məktəblilərə onların marağına səbəb olacaq ədəbiyyat nümunələri tövsiyə etdilər.
Məktəblilər kitabxanın Musiqi bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri və məktəblilərin böyük marağına səbəb olan Brayl əlifbası ilə nəşr edilən “Qurani - kərim” kitabı haqqında məlumat aldılar. Şagirdlər “Qədim diyar Naxçıvan - 100”, “Tarixi qələbə, Zəfər günü”, və “Vətən şəhidləri” adlı sərgilər ilə tanış oldular.
Görüşdə Bakı şəhəri Yasamal rayonu 176 saylı tam orta məktəbin kitabxana müdiri Kəmalə Məmmədova belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirdi.
Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olundu.









