05 dekabr, 2022
Paylaş:

Migel de Servantes

Bəşər tarixinin yetişdirdiyi dühalardan biri… Bütün zamanların və bütün insanların böyük şairi, yazıçısı və dramaturqu… Dünya ədəbiyyatına "Don Kixot" kimi əfsanə romanı bəxş edən Migel de Servantes Saavedranın talantının miqyasını, universallığını ancaq Karl Marks, Viktor Hüqo, Şekspir kimi nəhənglərlə müqayisə etmək olar. İspaniyanın ən tanınmış şairi, yazıçısı və dramaturqlarından olan bu dahi, elə məşhur romanı da həbsxanada yazıbmış…

Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində həkim Rodriqo de Servantesin ailəsində dünyaya göz açan Migel de Servantesin anası Donya Leonor de Kortina isə zadəgan nəslindən olub. Ailədə 7 uşaqdan dördüncüsü olan Migelin uşaqlıq illəri haqqında məlumat çox azdır. Bəzi bioqrafları onun Salamanki Universitetində oxuduğunu yazırlar, amma bu məlumatlar təsdiqini tapmır.

Yazıçı ömrünün çox hissəsini ailəsi ilə birlikdə şəhərləri dolaşaraq keçirib. Elə həmin illərdə də Cozefina adlı gənc bir qadınla tanış olub və bir-birlərini seviblər. Lakin Cozefinanın atası onların görüşmələrinə icazə verməyib.

Sonralar İtaliyadan köçən Servantesin Kastiliyanı tərketmə səbəbləri naməlumdur. Amma bəzi mənbələrdə onun bu addımı sevdiyi qızla əlaqələndirilir. Gələcək yazıçı uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş və türklərə qarşı döyüşmüşdür.

Hətta o və qardaşı Rodriqo gəmi ilə Neapoldan Barselonaya qayıdarkən əlcəzairli dəniz quldurları tərəfindən də əsir alınıb. Təsdiq olunmuş məlumatlara görə, qul kimi satılıb və təxminən 5 il Əlcəzairdə əsirlikdə qalıb. Əsirlikdən qaçmağa bir neçə dəfə cəhd göstərsə də, Migel sol qolundan yaralanıb və şikəst qalıb. Atası böyük çətinliklə, pul verməklə hər iki oğlunu əsirlikdən xilas edib. Əsirlikdən sonra isə hər iki qardaş Portuqaliyada xidmət etməli olub.

Sonralar dövlət xəzinəsinin mənimsənilməsi səbəbi ilə həbsə atılan Servantes, dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan "Don Kixot"u yazmağa başlayıb. Həbsxana həyatı uzun olmasa da, yazıçı klassik Qərb və dünya ədəbiyyatının ən məşhur romanını elə orada bitirməyə müvəffəq olub.

36 yaşında ancaq tanınmağa başlayan yazıçı, başına gələnlərdən sonra öz doğma vətəninə - Madridə qayıdaraq Katalina Palesios de Salasar adlı xanımla ailə həyatı qurub. Madriddə yaşayıb, yaradan yazıçı 68 yaşında qaraciyər serrozu səbəbindən elə orada da vəfat edib. Yazıçının yoxa çıxan cəsədinin qalıqları yalnız beş yüz ildən sonra, 2015-ci ildə Trinitarias monastrından tapılıb və yenidən dəfn edilib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()