Mikayıl Müşfiq
Repressiya dövrü qurbanları deyəndə ilk ağlagələn onun adı olur. Yəqin çox az adam tapılar ki, onun "Yenə o bağ olaydı" şeirini ömründə heç olmasa bircə dəfə eşitməmiş olsun. Söhbət Azərbaycanın poeziya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran, bəxtinə 29 il ömür düşən, elçiliyini Səməd Vurğun edən, oğlunu qundaqda ikən itirən görkəmli şairimiz Mikayıl Müşfiqdən gedir...
Mikayıl Əbdülqədir oğlu İsmayılzadə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. O, altı aylıq olanda anası Züleyxanı, altı yaşı olanda isə atası Mirzə Əbdülqədiri itirib. İbtidai təhsilini rus-tatar məktəbində alan şair Ali Pedaqoji İnstitutuna daxil olub və uzun müddət müəllim kimi fəaliyyət göstərib.
Şair həm huşsuz, həm də nadir hafizəyə sahib olub. Yəqin deyəcəksiniz bu necə olur? Deyilənə görə, şair hafizəsinə arxayın olduğundan çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməzmiş. Öz şeirləri ilə yanaşı, bir çox klassik şairlərin əsərlərini də əzbər bilirmiş. Hətta bir dəfə məktəbdə oxuyanda müəllim Tofiq Fikrətin həyatından bəhs edən dərsi keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi təxirə salmaq istəyib. Müşfiq müəllimə Tofiq Fikrətin bütün şeirlərini əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib. Lakin buna baxmayaraq, onun həyatda, məişətdə yaddaşı çox zəif olub. Deyilənə görə, bir dəfə o, papağını itirir və tapmaq üçün hər yeri axtarır. Birdən baxıb görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq S.Y.Marşakın "Huşsuza bax huşsuza" əsərini dilimizə tərcümə edəndə deyib: "Şair lap mənim obrazımı yaradıb ki!".
Şair çox mehriban və təvazökar insan olub. Bunu dərs dediyi şagirdləri də təsdiqləyir. Şagirdlərindən biri sevimli müəllimlərini belə xatırlayır: "Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardılar. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq Müşfiq müəllimə bu sözlər çox yaraşırdı".
Şair həyat yoldaşı Dilbər xanımla dillərə dastan eşq macərası yaşayıb. Gəncləri Müşfiqin əmisi arvadı tanış edib. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib.
Deyilənə görə, Dilbər xanım dərs ilini bitirdikdən sonra yay mövsümündə Gəncəyə gedəcəyini bildirəndə şair elə oradaca "Ayrılıq" şeirini yazıb. "İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?", - deyən Dilbər xanıma şair belə cavab verib:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!..
Sən Müşfiqin yanında, qalginən, sənə qurban,
İstəsən bu canımı, alginən, sənə qurban.
Dilbər xanım getdikdən sonra Müşfiq Səməd Vurğunla Gəncəyə qonaq gəlir. Səməd Vurğun üzünü Dilbər xanıma tutub deyir: "Dilbər bacı, bizim bu dağlara gəlməyimizin bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik".
Dilbər xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl ona elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirir. Səməd Vurğunun elçiliyi ilə baş tutan izdivacdan cütlüyün bir oğlu dünyaya gəlir. Müşfiq onun adını Yalçın qoyur. Sevinci yerə-göyə sığmayan şair sanki qanad açır. Təəssüflər olsun ki, onun sevinci çox çəkmir. Uşaq iki aylıq olanda bərk xəstələnir, hərarəti yüksək olduğundan süst düşür və gözlərini əbədi olaraq yumur. Oğlunun ölümündən sonra böyük sarsıntı keçirən şairə həmin ilin sonlarında sevdiyi həmyerlisi Cəfər Cabbarlının ölümü də ağır zərbə olur. Şairin ürəyini bu sıxıntılardan başqa, ona qarşı yönələn haqsız tənqidlər də sıxır. Qara buludlar getdikcə gənc şairə də yaxınlaşır. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olur. Yazıçıların növbəti plenumunda Müşfiqə əks-inqilabçı damğası vurulur və qısa müddət sonra o, evində həbs edilir. O, əks-inqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilir. Qısa müddət sonra isə SSRİ Ali Məhkəməsi Müşfiqin barəsində güllələnmə qərarı verir.
Deyirlər, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, həbsxanada son görüşlərində Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: "Sən narahat olma. Əvvəl-axır, tez, ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb...".
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.