22 iyun, 2022
Paylaş:

Milli istiqlalın böyük tərənnümçüsü

Bakı, 22 iyun, 525-ci qəzet

Möhtərəm prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim, dövlət himnimizin sözlərinin müəllifi, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş Əhməd Cavadın 130 illik yubileyi respublikamızda təntənə ilə qeyd olunmaqdadır.

İllər keçməsinə baxmayaraq azadlıq aşiqi kimi əbədi və ictimai aləmdə özünəməxsus iz qoymuş şairin poeziyasına, ümumiyyətlə isə həyat və yaradıcılığına məhəbbətlə yanaşılır, böyük ədibə olan xalq sevgisi bitib tükənmir.

“Nə qədər ki, hakimlik var, məhkumluq var, mən də varam!” – deyən böyük istiqlal şairi Əhməd Cavad ömrünün son günlərinə kimi millətinə, milli dövlətçiliyə xidmət etmiş, xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda canını fəda etməkdən çəkinməmiş, bütün qəlbi ilə xalqına, millətinə bağlı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlq səhifəsi kimi qarşılayan, bu sevinc hisslərilə müstəqil dövlətimizin himnini yazan Əhməd Cavad yaradıcılığının əsasını milli kimlik motivləri təşkil edir. Şairin üç rəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisini “Bayrağım” şeirində də görmək mümkündür:

                                                     Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngli əksini Quzğun dənizdən

Ərməğan yollasın sana, bayrağım!

            Milli istiqlal şairi Əhməd Cavad yalnız Azərbaycanın deyil, türk dünyasının taleyini düşünən, türk xalqlarının birliyini arzulayan, ömrü boyu türkçülük, turançılıq ruhu ilə yaşayan, vətənsevər və milli ruhlu bir şair kimi tanınır və sevilir. O, fikir, əqidə azadlığı uğrunda həm qələmilə, həm də bir əsgər kimi döyüşmüş, Türkiyə ordusunda savaşmaq arzusu ilə Qafqaz könüllü dəstəsinə yazılmış, Balkan müharibəsində iştirak etmiş, cəsur ruhlu, cəsur ürəkli vətənsevdalısı kimi adını tarixin qızıl səhifələrinə yazdıra bilmişdir.

Əhməd Cavad Turan dünyasının şairidir. Türk millətinə sonsuz məhəbbəti, türk xalqlarına dərin sevgisi onun yaradıcılığının əsas ideyasını təşkil etmiş, bütüntürklüyə sevgisini “Çırpınırdı Qara dəniz” şeirində də əks etdirə bilmişdir:

      Çırpınırdı Qara dəniz

      Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdim, heç ölməzd

Düşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!

“Yol ver Türkün bayrağına!” – deyərək bütün dünyaya hayqıran şair Şəmkirdə doğulub. Həyatının 29 ilini Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə müqəddəs müəllimlik peşəsinə həsr edib.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edən Əhməd Cavadhaqqında Məhəmməd Əmin Rəsulzadə yazırdı: “ O, şeirləriilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”.

45 il ömür sürmüş Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan M. Ə. Rəsulzadə ilə dost olmuş, məhz onun təklifi ilə AXC Parlamentinə üzv və onun katibi seçilmişdir. O, AXC-nin Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görmüşdür.

Onun öz əqidəsindən, məsləkindən dönməzliyi, ən böyük türkçü olması, ədəbi-mədəni və ictimai həyatda fəallığı şair və şəxsiyyət kimi ona böyük şöhrət qazandırmışdır. Təkcə Azərbaycanda deyil, Türkiyədə də tanınan və sevilən Əhməd Cavad poeziyamızın milli istiqlal şairlərindən biri kimi tarixdə əbədi yaşamaq hüququ qazanmışdır. “Göy-göl” şeirinə görə, eləcə də şairin bədxahlarının, gözügötürməyənlərin güdazına gedən Əhməd Cavadın “Göy-göl”şeirini bir nəfər oxuyaraq sevinc və fərəh içində demişdir: “Kim deyə bilər ki, Azərbaycanda Puşkin yoxdur?” – şairə verilən bu böyük dəyərdən sonra bədxah qələm yoldaşlarından üç nəfər yuxarılara bu səpkidə donos yazmağa başlayırlar: “O, musavat bayrağını tərifləyir, görmürsünüzmü, aydan, ulduzdan danışır?” – və bununla da şairin qələminin qırılması yönündə işlər aparır...

Əhməd Cavad ruh oxşayan şeirlərilə XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinininkişaf etməsində misilsiz xidmətlər göstərmiş, xalqını, millətini, onun ədəbiyyatını, elminiyüksəklərə qaldıran böyük şəxsiyyətlərdən, həm də doğma xalqının yolunda pərvanə kimi yanangörkəmli ziyalılardan biri olmuşdur. Pantürkizm damğası ilə ölümə məhkum edilən şairin “günahı” xalqını, millətini sevməsi, Türkiyə ilə, türk ədəbiyyatı və türk mədəniyyəti ilə maraqlanması, Türkiyədən gətirilmiş kitabları oxuması, üç rəngli, ay-ulduzlu bayrağımıza şeir yazması idi.

Repressiya illərinin tüğyan etdiyi vaxtlarda işsiz qalsa da, cəmiyyətdən bir növ təcrid olunsa da, fiziki repressiyadan əvvəl, psixoloji repressiyaya məruz qalsa da Əhməd Cavad sınmır, qorxunc M.C. Bağırov hakimiyyəti önündə əyilmir, alovlu istiqlal şairi və alovlu vətənpərvər kimi şəxsiyyətinin ucalığını ləyaqətlə qoruyub saxlayır.

Yaradıcılığının və ədəbi-ictimai fəaliyyətinin çiçəkləndiyi bir vaxtda günahsız yerə güllələnən Əhməd Cavadın ömür kitabı bağlansa da, unudulmaz şair bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin dünya birliyində daha layiqli yerini tutmasında, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında, Turan dünyasının qurulmasında bizim müasirimiz kimi yaxından iştirak edir. O, yenə də mədəniyyətin yüksəlişi uğrunda çalışır, xalqının azadlıq təşnəsi ilə yanan ziyalılardan, Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri kimi üç rəngli bayrağımızın ay-ulduzunda, “Çırpınırdı Qara dəniz”, “Göy-göl”, “Susmaram” və s. şeirlərində və xalqımızın qəlbində əbədi məskən salaraq yaşayır və həmişə yaşayacaqdır.

                                                                                                                                

                                                                                                                      Aslan Cəfərov,

                                                                                                      C. Cabbarlı adına Respublika

                                                                                                    Gənclər Kitabxanasının direktoru

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()