Milli mətbuatımızın 150 illiyi: Tarixi irs və azad fikir ənənələri
Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyi böyük təntənə ilə qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəddə yubiley tədbirlərinin yüksək səviyyədə təşkili üçün konkret tapşırıqlar verilib. Sənəd həm də dövlətin informasiya siyasətinə strateji yanaşmasının əyani göstəricisi kimi qiymətləndirilməlidir. Sərəncamın əsaslandırıcı mətni forma və məzmun baxımından olduqca yüksək səviyyədə tərtib olunub. Burada milli mətbuatın 149 illik inkişaf yolu geniş şəkildə təhlil olunur, klassik dövr jurnalistikasının, müasir mərhələdə əldə edilən nailiyyətlərin obyektiv qiymətləndirilməsi aparılır. Bu yanaşma göstərir ki, dövlət səviyyəsində medianın tarixi-mədəni rolu dərindən dərk edilir və onun ictimai funksiyası prinsipial şəkildə tanınır. Sərəncam gələcəyə yönəlmiş aydın konsepsiyadır. Başqa sözlə desək, medianın azad, peşəkar və sosial cəhətdən təmin olunmuş fəaliyyət mühiti milli maraqların qorunmasında və ictimai sabitliyin möhkəmləndirilməsində mühüm alət kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin indiyədək atdığı addımlar və verdiyi siyasi ismarışlar da davamlı və ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə müxtəlif dövrlərdə medianın institutlaşması və sosial cəhətdən gücləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Son sərəncam da bu siyasətin məntiqi davamıdır. Sərəncam jurnalistlərə və media cameəsinə ünvanlanmaqla real sosial müdafiə mexanizmlərinin işə salınması baxımından mühüm əhəmiyyət daşıyır. Burada dövlətin söz azadlığına və mətbuatın inkişafına verdiyi önəm aydın şəkildə ifadə olunub. Eyni zamanda cəmiyyətin informasiya təhlükəsizliyini və düzgün informasiya mühitinin formalaşmasını təmin etməyə yönəlmiş kompleks yanaşmanın bir hissəsidir. Gələcək perspektivdə sərəncamın icrası ilə formalaşan yeni mexanizmlər və əlavə təşəbbüslər jurnalistlərin sosial rifahının daha da yaxşılaşmasına, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə və nəticə etibarilə Azərbaycan mediasının beynəlxalq rəqabətliliyə doğru bir addım da irəliləməsinə səbəb olacaq. Mətbuatın 150 illiyi ərəfəsində bəzi media mütəxəssisləri ilə həmsöhbət olduq.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli qeyd etdi ki, "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək qiymətləndirilir: "Sənəddə jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib. Prezidentin sərəncamındakı bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Həm də bu Sərəncam Azərbaycan mediasının təkcə keçmiş fəaliyyətini qiymətləndirmir, eyni zamanda jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir. Azərbaycan media məkanında 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir. Məlumat üçün qeyd edək ki, beynəlxalq mərkəzlər ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə diqqət yetirirlər. Media qanunvericiliyinə, KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət, etik standartların tətbiqi imkanlarına kompleks şəkildə yanaşılmasını zəruri sayırlar. Media mühitinin normal olması üçün bu istiqamətlərdən hər birinin normativlərə uyğun gəlməsi vacibdir.
Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı "Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında" Fərmanı bu prinsiplərin hər birini özündə cəmləşdirir. Fərman ayrı-ayrı istiqamətlərin deyil, ümumilikdə media mühitinin yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır. Son islahatların nəticəsi olaraq Azərbaycan informasiya məkanı həm də struktur tərtibatı baxımından yenilənir. Dəyişiklik dövlətin kommunikasiya işinə cavabdeh olan müvafiq strukturlarından başlayaraq, medianın özünütənzimləmə qurumlarına qədər ən geniş spektri əhatə edir. Prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanına əsasən 2021-ci ildə Medianın İnkişafı Agentliyi yaradılıb, 2022-ci ildə isə Audiovizual Şura yeni tərtibatda formalaşdırılıb. Bu dönəmdə həm də Azərbaycan Mətbuat Şurasının qurultayı keçirilib. Şuranın tərkibi yeniləşdirilib, əlavə missiyalar elan edilib. Bəllidir ki, adıçəkilən təsisatların hər biri özlərindən əvvəl mövcud olmuş müvafiq qurumların bazasında, yeni adlar altında formalaşdırılıb. Amma dəyişiklik təkcə adlarla məhdudlaşmayıb. Səlahiyyət, məsuliyyət, öhdəlik, informasiya işinə yanaşma, media mühitinə baxış fərqlidir. Belə fərqlilik Medianın İnkişafı Agentliyi ilə yanaşı, yenidən qurulmuş digər təsisatlar üçün də xarakterikdir. İslahatlar fonunda yeniləşdirilmiş bu qurumlar çevik funksionallıq mexanizmlərinə malikdirlər. Proseslərə, tendensiyalara, problemlərə reaksiyalar operativdir. KİV-lərdə, sosial media platformalarında müzakirə olunan istənilən məsələyə, məlumatlara çevik reaksiya verə bilirlər".
M.Ələsgərli, həmçinin "Media haqqında" Qanunun peşəkar medianı təhdidlərdən qoruduğunu da vurğulayıb. Onun sözlərinə görə, "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmana uyğun olaraq, bu sahəni tənzimləyən qanun dəyişdirilib. 2022-ci ildə qüvvəyə minmiş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu dövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri də budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. Çap, onlayn, audiovizual media subyektlərinin, informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsini müəyyənləşdirir, rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin də statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir ki, bu da yeni media alətlərinin inkişaf etdiyi bir dövrdə son dərəcə zəruridir. Analitik mərkəzlər qeyd edirlər ki, hazırda dünya əhalisinin yarıdan çoxu sosial media istifadəçisidir. "Statista.com"un hesablamalarında bu göstərici təqribən 5.7 milyard nəfərlə ifadə olunur. Dünya əhalisinin 62,6 faizi sosial şəbəkə platformaları üzərindən xəbər alır və yayır. Yəni xəbər istehsalçısı rolunda çıxış edir. Azərbaycan seqmentində də mənzərə oxşardır. Son məlumatlara əsasən ölkə əhalisi arasında sosial media istifadəçilərinin sayı 50 faizi ötüb. Bu dinamika bir tərəfdən alternativ informasiya mənbələrinə çıxış imkanlarını artırmaqla fayda verirsə, digər yandan xəbərin keyfiyyətinə təsir göstərir. Əsas xəbərin kəmiyyətini azaldır, "feyk xəbər"in sayını çoxaldır. Bu, öz növbəsində, peşəkar xəbər istehsalçısı olan jurnalistlərin vəziyyətinə də ciddi təsir göstərir. Onların hüquq və səlahiyyətlərinin qorunması üçün tədbirlər görülməsini zərurətə çevirir. Mövzu beynəlxalq jurnalist təşkilatlarının gündəmində yer tutur. Peşəkar medianın qorunub saxlanılması, jurnalistlərin hüquq və səlahiyyətlərinin dəqiq müəyyən edilməsi üçün təkliflər hazırlanır. Keyfiyyətli Jurnalistika Uğrunda Beynəlxalq Hərəkat (KJUBH) da bu səbəbdən təsis edilib. KJUBH jurnalistikanı sosial medianın yaratdığı təhdidlərdən qorumağa çalışır. Bu tendensiyalar kontekstindən yanaşsaq, "Media haqqında" yeni Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Eyni zamanda peşəkar jurnalistikanı yaşatmaq istəyən dünya ölkələri üçün bir örnəkdir. Yeni qanun sosial media istifadəçiləri, həvəskar xəbər istehsalçıları ilə peşəkar jurnalistlər arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirir, jurnalistlərin hüquq və səlahiyyətlərini qoruyur, inkişaf etdirir. Bir cümlə ilə ifadə etsək, "Media haqqında" Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir.
Sərhədlərin müəyyənləşməsi peşəkar media üçün güzəştlərin və imtiyazların tətbiq olunmasına şərait yaradır. Təsadüfi deyil ki, "Media haqqında" Qanun imzalandığı gün - 8 fevral 2022-ci il tarixdə Prezident İlham Əliyev həm də İpoteka qanunvericiliyi üzrə dəyişiklikləri də təsdiqləyib. Jurnalistlərə dövlət təminatlı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilib. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində isə Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. 2021-ci ilin sonlarından etibarən medianın müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi üçün sistemli addımlar atılır. Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün dövlət dəstəyinin həcmi artırılıb. 2009-2020-ci illər aralığında ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə - qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə də aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla, ümumilikdə, il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Bu, ölkədə KİV qollarının paralel inkişafını təmin edir. O cümlədən onlayn media subyektlərinin qurulmasını, inkişafını və peşəkarlaşmasını stimullaşdırır.
Son islahatlar fonunda qəbul edilmiş "Media haqqında" Qanunun gətirdiyi yeniliklərdən biri də budur ki, yeni qanun onlayn media subyektlərinin statuslarını tanıyır. 1999-cu ildə qəbul edilmiş "KİV haqqında qanun"da bu sahədə boşluq olub. Düzdür, Qanunun 3-cü maddəsində "İnternet informasiya ehtiyatları" da "kütləvi informasiya xidməti" kimi təsbit edilmişdi. Amma bu müddəa sonrakı bəndlərdə inkişaf etdirilməmişdi. Xəbər portallarının, internet TV-lərin statusları tanınmırdı. İnternet KİV-lərin standartları barədə aydın təsəvvür yaradılmırdı. 2022-ci ildən qüvvəyə minmiş "Media haqqında" Qanun isə qeyd edilən boşluğu aradan qaldırır, internet media resurslarının strukturunu və statusunu müəyyən edir. 14 oktyabr 2022-ci ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Media Reyestri ölkənin bütün ciddi media resursları kimi, onlayn media subyektlərini də uçota alır. Media Reyestrində qeydə götürülmək üçün xəbər saytları qarşısında orijinal məzmun yaradıcılığı tələbinin qoyulması bu seqmentdə keyfiyyət göstəricilərini xeyli dərəcədə yüksəldir. Saytlar keyfiyyətli, etimadlı, məzmun müxtəlifliyi olan xəbərlər yaymaq üçün daha çox çalışırlar və nəticədə peşəkarlaşırlar. Media Agentliyinin qurduğu monitorinq sistemi real dataları (orijinal kontent, istinad sayları) ortaya qoyur və bunun nəticəsində sayt vitrini yenilənir. Onlayn mediaya dövlət dəstəyi bu platformada qeyri-şəffaflıq meyillərini də azaldır. Milli media məkanında baş vermiş bu dəyişikliklər Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinə həssas yanaşmasının, həmçinin milli informasiya resurslarının inkişafı üçün ciddi dəstək verməsinin nəticəsidir. Son 4 il müddətində sistemli dəstəyə uyğun olaraq, Azərbaycanın milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyaraq, xarici mediada və beynəlxalq hesabatlarda istinad mənbəyinə çevriliblər.
Əməkdar jurnalist Tofiq Abbasov hesab edir ki, bəzən insanalar tarixə təsir edən nəticələri gördükdə istər keçmişin, istərsə də yeni dövrə xas reallıqların mahiyyətinə varmırlar: "Yetər ki, predmet ətrafında səbəblə nəticə arasındakı əlaqəyə təhlili baxışla yanaşılsın. Belə olduqda bir daha əminlik yaranır ki, mübarizə olmadan qalibiyyətdən danışmaq yersizdir. Milli mətbuatımızın 150 illik yubileyi tarixi qələbəmizin nəticəsidir. Məsələnin kökünə varsaq, mətbuatımızın yaşı daha çoxdur, biz daha böyüyük. Axı "Əkinçi" birdən-birə yaranmayıb. 1875-ci il iyulun 22-dək qeyrətli, təəssübkeş sələflərimiz yazıb-yaradıb, çətin sınaqlardan keçiblər. Mübarizədə formalaşaraq böyük maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsünə qoşulub həqiqət anını yaradıblar. Ziyalılar o məqama qədər də yaradacılıqla məşğul olublar, dəfələrlə cəhdlər ediblər ki, mənfur senzuranın ağır basqısını aşsınlar. Bir də ki, Həsən bəy Zərdabi obrazlı desək, milli yazarlar ordumuza komandanlıq edən sərkərdə idi. "Əkinçi" qəzetinin çoxsaylı heyəti var idi. Azərbaycan mətbuatının təməlinin qoyulmasında xeyli vicdanlı mütəfəkkir, milli şüurun formalaşmasında fədakarlıq göstərmiş maarifçilər olub. Onların hər birinin xidmətini özündə birləşdirən, ictimai-siyasi təfəkkürün zühurunu təmin edənlərin birgə əməyini və qeyrətini təcəssüm etdirən tarixi qəzet "Əkinçi" oldu. Bu gün biz mətbuatımızın ilk qaranquşunun yaşını qeyd edərək həm də müqtədir ziyalılarımızın ruhunu yaşadırıq. O insanlar milli təfəkkürümüzün, Şərq maarifçi ənənəsinin, türk demokratik ruhunun daşıyıcıları və qoruyucuları olublar. Müasir jurnalistikamızı bu gün tərənnüm edən hər bir savadlı və vicdanlı təmsilçi bani-ataların xələfləri olaraq gərək müqəddəs vəsiyyəti yerinə yetirməklə peşə kodeksinə sadiq olsun.
Şərəfli yolun əvvəlini klassiklərimiz qoydu, amma bu yolun sonu yoxdur və hər şərti mərhələni keçdikcə milli məktəbin müdavimləri bilməlidirlər ki, vacib və bitməyən missiyaya xidmət edirlər. Bu şərəfli missiyanı ləyaqətlə daşımağın özü böyük məsuliyyətdir. Çar Rusiyasının milli azlıqlar üçün ağır olan şəraitində yaşayan ziyalılarımız senzura və təzyiqlərə baxmayaraq, sözün əsl mənasında, görünməmiş dönməzlik nümayiş etdiriblər. "Ziya", "Kəşkül", "Şərqi-Rus", "İrşad", "Açıq söz", "Azərbaycan" kimi nəşrlər tarixdə silinməz izlər qoyub, xalq arasında maarifçilik ideyalarını yayıblar. Sonrakı sovet dövründə mətbuatımız ideoloji vasitə kimi çıxış etsə də, o mərhələdə də peşəkar jurnalistika ənənələri formalaşıb, istedadlı qələm sahibləri yetişib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə mətbuat tariximizdə yeni dönəm başladı. 1990-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi, söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm islahatlar aparıldı. Milli mətbuatın inkişafındakı dönüş nöqtəsi yeni dövrə təsadüf edir. Bu, həm də yeni milli düşüncəyə malik peşəkar kadrların formalaşması ilə müşayiət olundu. Tarix yenidən yazıldı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün informasiya cəmiyyətinin qurulması, medianın gücləndirilməsi, jurnalistlərin sosial rifahının yüksəldilməsi sahəsində vacib işlər həyata keçirilir. Zamanın tələblərinə uyğun institusional quruculuq davam edir. Fəaliyyətə başlamış Medianın İnkişafı Agentliyi ölkədə mətbuat və media sahəsində dövlət siyasətinin icrasını təmin edir. Azərbaycan mətbuatı milli maraqların müdafiəsində, informasiya müharibəsində, cəmiyyətin maariflənməsində və ictimai fikrin inkişafında missiyasını davam etdirir. Vətən müharibəsi dövründə media nümayəndələrinin informasiya cəbhəsində göstərdikləri mübarizlik və əyilməzlik qələm, söz sahiblərinin yüksək peşəkarlığını, vətənpərvərliyini bir daha sübut etdi. Hər yerdə və hər zaman yaxşını görə bilmək bacarığını, mənfiliklərlə barışmamaq əzmini daşıyan milli mətbuatımız bu gün də bizə doğru yol göstərmiş patriarxların nəsihətini uca tutub yeni hədəflərə doğru hərəkət edir. Yol həmişə olduğu kimi, asan deyil, amma yazıb-yaratmaq eşqi, peşə təəssübü media mənsublarını daim çevik və sürətli olmağa, işıqlı məqsədlərlə doğru irəliləməyə sövq edir. Yolumuza davam!".
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikrincə, bu mühüm yubiley ölkənin jurnalistika tarixində önəmli bir mərhələnin və bu sahədə görülən işlərin qiymətləndirilməsi üçün əlamətdardır: "Əkinçi" qəzeti ilk dəfə işıq üzü görəndə onun məqsədi xalqın maarifləndirilməsi, kənd təsərrüfatı və ictimai problemlərin işıqlandırılması idi. Həsən bəy Zərdabi mətbuatı xalqla ziyalılar arasında körpü kimi görürdü. Onun təşəbbüsü ilə başlanan bu hərəkat sonradan digər qəzet və jurnalların nəşrinə yol açdı. Bu mətbuat orqanları Azərbaycan xalqının milli oyanışında, maarifçilik ideyalarının yayılmasında və ictimai fikrin formalaşmasında mühüm rol oynadı. Xüsusilə "Molla Nəsrəddin" jurnalı satirik tərzi ilə ictimai problemləri üzə çıxararaq oxucular arasında geniş rəğbət qazandı. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı ciddi senzura və ideoloji nəzarət altında fəaliyyət göstərsə də, bu dövrdə peşəkar jurnalistika məktəbi formalaşdı. "Kommunist", "Azərbaycan", "Bakinskiy Raboçiy" kimi qəzetlər və çoxsaylı jurnallar dövlət ideologiyasını yaymaqla yanaşı, ölkənin iqtisadi, mədəni və ictimai həyatını da əks etdirirdi.
1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan mətbuatı tamamilə yeni mərhələyə qədəm qoydu. Söz və mətbuat azadlığı özəl mətbuat orqanlarının yaradılması, elektron media və internet jurnalistikasının inkişafına yeni imkanlar açdı. Onlarla qəzet, jurnal, xəbər agentliyi və onlayn media resursu fəaliyyətə başladı. Bu dövrdə jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığın artırılması və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək sahəsində mühüm addımlar atıldı. Eyni zamanda müstəqil medianın maliyyə çətinlikləri, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi çağırışlar da ortaya çıxdı: "Bugünkü Azərbaycan mətbuatı cəmiyyətin güzgüsüdür. Jurnalistlər ictimai rəyə təsir edən, insanları məlumatlandıran və dövlətlə vətəndaş arasında körpü rolu oynayan əsas qüvvələrdən biridir. Eyni zamanda yeni media - sosial şəbəkələr, onlayn platformalar, bloqlar və podkastlar mətbuatın ənənəvi strukturunu dəyişir və jurnalistikanın gələcəyini yenidən formalaşdırır. Azərbaycan mətbuatının 150 illik tarixi yalnız keçmişə nəzər salmaq deyil, eyni zamanda gələcək üçün də dərs və ilham mənbəyidir.
Bu yubiley milli jurnalistikanın dəyərlərinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Mətbuat cəmiyyətin aynası, onun vicdanı və səsidir. Bu yolda çalışan hər bir jurnalist və media qurumu Azərbaycanın maarifçilik və azad fikir ənənələrini yaşatmalıdır".
Nəzrin Eldarqızı,
“Respublika” qəzeti