13 may, 2024
Paylaş:

Mixail Saltıkov-Şedrin

Mixail Yevqrafoviç Saltıkov-Şedrin Moskva vilayətinin Taldom rayonunda anadan olmuş, orta məktəbi qurtardıqdan sonra bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. Natural məktəb ruhunda yazılmış ilk povestlərinə ("Ziddiyyətlər" 1847, "Dolaşıq iş" 1848) görə həbs olunmuş və sonradan Vyatkaya sürgün edilmişdir. Sürgündən Peterburqa qayıdaraq, ədəbi fəaliyyətini davam etdirmişdir. "Quberniya oçerkləri"ndə təhkimçilik quruluşuna nifrət, təhkimçi kəndlilərə rəğbət motivləri geniş əks olunmuşdur.

Bir sıra yüksək quberniya vəzifələrində çalışan Saltıkov onlarla cinayətkar mülkədarı məhkəməyə cəlb etmiş, çoxlu rüşvətxor məmur xidmətdən çıxarılmışdır. 1862-ci ilin əvvəllərində, ehtimal ki, "yuxarıların" təkidi ilə o istefaya göndərilmişdir.

Qeyd etmək lazımdır ki, əyalətdə yaşayıb-işləmək yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. "Mənsur satiralar" kitabındakı oçerk və hekayələrdə təhkimçi mütləqiyyət üsul-idarəsinin tarixən ölümə məhkumluğu fiziki əksini tapmışdır. Dövlət xidmətindən uzaqlaşdırıldıqdan sonra "Russkaya pravda" jurnalını nəşr etmək fikrinə düşdü, lakin hökumət buna icazə vermədi. N.A.Nekrasovun dəvəti ilə "Sovremennik" jurnalının redaksiyasına işə girdi. Onun burada dərc edilmiş "İctimai həyatımız" aylıq şərhləri həmin illər rus publisistikası və ədəbi tənqidinin görkəmli nümunələrindən sayılır.

1864-cü ildə Saltıkov dövlət xidmətinə qayıtsa da, rus tənqidi realizm ənənələrinə sadiq qaldı. 1868-ci ildə çarın göstərişi ilə Saltıkov birdəfəlik ehtiyata buraxıldı və ona hər hansı bir dövlət vəzifəsi tutmaq qadağan edildi. Həmin vaxtdan Saltıkov "Oteçestvennıye zapiski" jurnalında işləmiş, Nekrasovun vəfatından sonra isə onun baş redaktoru olmuşdur.

Bədii yaradıcılığının zirvəsi olan "Bir şəhərin tarixi", "Nəcib nitqlər", "Müasir idilliya", "Xalacığaza məktublar" əsərlərində mütləqiyyət və təhkimçilik quruluşu kəskin satira atəşinə tutulur, o dövr rus cəmiyyətinin sosial ziddiyyətləri, kapitalist münasibətlərinin yaranması göstərilir. Saltıkov ömrünün son illərində "Nağıllar", "Həyatın təfərrüatı" və s. kimi bədii sənət inciləri yaratmışdır. Onun bədii və publisistik əsərləri rus ədəbiyyatında tənqidi realizmi daha da inkişaf etdirmişdir. Ezop üslubu Saltıkov satirasının başlıca xüsusiyyətlərindəndir. Yazıçı 63 yaşında Sankt-Peterburqda vəfat etmişdir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()