21 yanvar, 2025
Paylaş:

Möhsün Sənani

Fəhləlik edən, xalq düşməni kimi işdən çıxarılan, sürgün qorxusu ilə yaşayan, gəlinini iş yoldaşına qısqanan Xalq artisti, böyük sənətkar, səhnəmizin "Qoçu Əsgər"i Möhsün Sənani... "Bəxtiyar", "Sehrli xalat", "O olmasın, bu olsun", "Dağlarda döyüş", "Bir məhəllədən iki nəfər", "Bizim küçə", "Fətəli xan" kimi filmlərdə məharətlə oynadığı rolları ilə yadda qalan aktyor həyatın ağır sınaqlarından keçməli olub...

Möhsün Sənani Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Əsl soyadı Cəfərovdur, Sənani təxəllüsünü sonradan götürüb. 5 yaşında ikən valideynlərini itirən Möhsün həyatın bir çox çətinliklərindən keçib. O, nənəsinin himayəsində qalıb. Nənəsi dünyadan köçdükdən sonra isə xalası ilə yaşayıb. Xalası Zinyət xanım kasıb olduğu üçün kiçikyaşlı Möhsün Şeytanbazarda gürcü dostunun atasının "Vano dayı" adlı tramvay parkında fəhləlik edib. İlk dəfə on dörd yaşında səhnəyə çıxıb. 15 yaşında Tiflisdəki Azərbaycan truppası ilə birgə iki dəfə İstanbula qastrola gedib. Möhsün Sənani Çəmbərəkənddə yaşayıb. Aktyorun evinə yaxın olan dayanacağa xalq arasında "Möhsün Sənani ostanovkası" deyirmişlər. Sənətkarın həm də çox gözəl səsi olub. Xalq mahnılarını, muğamları oxumağı çox sevərmiş. Hətta rejissorların etirazlarına baxmayaraq, səhnədə muğamlar ifa edərmiş.

1937-ci ilin ən pis vaxtlarında teatrda iclas keçirilir, Möhsün Sənani, Mirzəağa Əliyev və Şəmsi Bədəlbəylini xalq düşməni kimi işdən azad edirlər. Güllələnmək və Sibirə sürgün olunmaq qorxusu ilə yaşayan aktyor növbə ilə qohumlarının evində gecələməli olur. Lakin bir neçə aydan sonra iclas çağırılır və hər üç nəfər təmiz adam kimi işə yenidən qəbul edilir. Möhsün Sənani həmin günlərin xofunu bütün həyatı boyu yaşadığını və unutmadığını deyirmiş.

Deyilənə görə, aktyor həddindən artıq qısqanc olub. Həyat yoldaşı bir yana, hətta gəlinini belə qısqanırmış. Belə ki, "Dağlarda döyüş" filminə Möhsün Sənaninin gəlini diktor Ofeliya Sənani də çəkilib. Film Nalçikdə çəkilən zaman gəlini ilə yanaşı otaqda qalan aktyor Ofeliyanı onunla tərəf müqabili olan Şahmar Ələkbərova qısqanırmış. Ofeliya Sənaniyə tapşırırmış ki, onun icazəsi olmadan, o, çəkiliş meydançasına dəvət etmədən otağından bayıra çıxmasın. Çəkiliş meydançasında isə Şahmar Ələkbərovla Ofeliya Sənani olan kadrlar çəkiləndə onların əl-ələ tutmasını görüb əsəbiləşib. Şahmar Ələkbərova deyib ki, olmaz ki, sən onun əlindən tutmayasan, qaça-qaça gələsiniz.

Aktyorun qızı müsahibələrinin birində deyir ki, qadınlar atamı çox sevirdilər, atam da qadınları. Ona tez-tez qızlar zəng vururdular. Bir dəfə qızlar dəstəyi anama (Qüdrət xanım) veriblər. Anam da atam üçün mahnı oxumağa başlayıb. O zamanlar anam filarmoniyanın solisti idi. Ondan sonra bu zənglər çoxalmağa başlayır. Amma atam anamın kim olduğunu bilmir. Bir dəfə atam konsertə gedəndə, anam səhnəyə çıxıb oxumağa başlayır. Atam anamı səsindən tanıyır. Konsert bitəndən sonra anamı gözləyib, onunla tanış olur. Sonralar onlar tez-tez görüşməyə başlayırlar. O, əvvəlcədən görüşəcəyi küçəyə gedər, orada dayanan insanlara pul verib deyərmiş ki, yarım saatlıq bu küçəni boşaldın, istəklimlə görüşəcəm. Deyilənə görə, Qüdrət xanımın anası aktyorun elçilərini iki dəfə geri qaytarıb deyib ki, aktyordan ailə saxlayan olmaz. Sonradan aktyor Sidqi Ruhullanı, Mustafa Mərdanovu Qüdrət xanımgilə elçi yollayıb. Yalnız bundan sonra "hə" alınıb.

Möhsün Sənanidən sonra onun rollarını Yaşar Nuri ifa edirmiş. Deyirlər, bu səbəbdən onun Yaşar Nuriyə qarşı müəyyən qısqanclığı da olub. Hətta bir dəfə "Göz həkimi" tamaşasından sonra Yaşar Nurini yanına çağıran Sənani ona deyib. "Sən bu rolu yaxşı ifa etdin, amma mənim kimi yox".

"Darıxma, ana" tamaşası zamanı səhnə tərtibatında əşyaların yeri səhv qoyulur. Aktyor isə bilmədən, həm də gözləri zəif gördüyündən həmin əşyalardan birinə toxunaraq büdrəyir. Tamaşa bitəndən sonra evinə gedən Möhsün Sənani ailə üzvlərinə deyir: Mən artıq səhnə həyatımın nöqtəsini qoydum. Daha heç vaxt istəmərəm ki, tamaşaçı məni səhnədə büdrəyən görsün.

Dahi sənətkar 80 yaşında Bakıda vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()