Müəmmar Qəddafi
"Mən sizin atanızam, övladlarım; məni öldürməyin, haramdır"... Bu sözlər öldürülməzdən əvvəl Müəmmər Qəddafinin dediyi son sözləri idi... Özünü Afrika krallarının kralı adlandıran, ən əzazil diktatorlardan biri kimi tarixə düşən, insanlara qan udduran, 42 il Liviyanı idarə edən bu şəxs ərəb hökmdarları arasında ən çox hakimiyyətdə qalan lider olub...
Müəmmər Qəddafi Sirtdə çoban ailəsində dünyaya gəlib. Əl-Qəddaf qəbiləsindən olan diktator Liviyada mövcud olan quruluşun devrilməsini hələ uşaq yaşlarında planlaşdırmağa başlayıb. Hökumət əleyhinə nümayişlər təşkil etdiyi üçün məktəbdən qovulub. Hətta məktəb illərindən müstəmləkə siyasətinə qarşı İtaliyada fəaliyyət göstərən gizli təşkilatların üzvlərindən olub. Qəddafi Benqazidəki hərbi kolleci bitirərək leytenant rütbəsi alıb. Daha sonra təhsilini və hazırlıq səviyyəsini artırmaq üçün Böyük Britaniyada Hərbi Akademiyaya daxil olub. Elə ilk populyarlığını həmin ərəfədə qazanıb, bütün ərəb dünyasında məşhurlaşıb. Qərb ölkələri tərəfindən diktator kimi qəbul olunan Qəddafi hakimiyyətinin ilk illərində bir dəfə də olsun edam cəzasının tətbiq olunmasına baxmayaraq, ona qarşı çıxan adamlardan istər ölkə daxilində, istərsə də xaricdə qisas almış, dünyada böyük əks-səda yaradan qətllər törətmiş və bu haqda hətta açıq bəyanatlar verməkdən də çəkinməmişdir: "Mənim xalqım düşmənini öz ölkəsində olduğu kimi, xaricdə də cəzalandırmağa qadirdir. Hətta günün gündüz çağında da".
Dövlət lideri iki dəfə ailəli olub. Birinci dəfə Fəthiyə Nuri Xalidlə evlənib. Bu nikahdan oğlu Məhəmməd dünyaya gəlib. Ancaq bu izdivac uzun sürməyib. İkinci dəfə isə tibb bacısı işləyən Səfiyə Farkaşla nikaha girib. Bu evlilikdən isə beş oğlu, bir qızı dünyaya gəlib.
Ədəbiyyata xüsusi maraq göstərən Qəddafi Tolstoyun əsərlərinə tez-tez müraciət etmişdir. Geyiminə böyük diqqətlə yanaşan Qəddafi yaraşıqlı görünmək üçün hətta kosmetikadan da istifadə edib. Xüsusilə, müxtəlif hərbi libaslarda tez-tez görünən Qəddafi İslam dininin bütün qaydalarına ciddi riayət edib. Siqaret və spitli içki kimi zərərli vərdişlərdən uzaq olub. Müsəlman olan prezidentin hakimiyyətə gələndən sonra atdığı ilk addımlarından biri təqvim islahatı olub: orada ilin aylarının adları dəyişdirilib, hicri tarix isə Məhəmməd peyğəmbərin vəfat etdiyi ildən aparılmağa başlanıb.
Diktatorun vazkeçilməz qidası dəvə südü idi. Hər gün 1 litr bu süddən içirdi. Səhər yeməyi zamanı süfrəsində qızğın qumda bişmiş çörək və yumurta olurdu. Qəddafi də italyan yeməklərinə heyran olan diktatorlar sırasındadır. O bir dəfə makaronu nə qədər çox sevdiyini bu sözlərə ifadə edib: "Hər gün makaron yesəm, yenə bezmərəm". Makarondan hazırlanan "Mbekbka" adlı yeməyi çox xoşlayırdı. O yeməklərində təkcə zeytun yağından istifadə edilməsini istəyirdi. Hər yeməkdən sonra mütləq yaşıl çay içirdi.
Hündürlüyü sevməyən Müəmmər Qəddafi ömür boyu çadırda yaşayıb. Maraqlısı budur ki, o, xarici dövlətlərdə rəsmi səfərlərdə olanda da ona cadır qurulub. Qəddafi həyatına edilən bir neçə sui-qəsd cəhdlərindən sağ çıxıb. Lakin 69 yaşında ölümün cəngindən qurtula bilməyib. Deyilənə görə, 2011-ci ildə Sirt şəhəri yaxınlığında oğlu Mötəsimlə birlikdə qətlə yetirilib. Onun mühasirəyə alınmış avtomobil karvanı NATO-nun hava hücumuna məruz qalıb.
Yaralı Qəddafi drenaj qurğusunda gizlənib, ancaq Liviyanın Milli Keçid Şurasının (MKŞ) dəstələrindən biri onu taparaq əsir götürüb. Diktatorun necə ələ keçirildiyi və kim tərəfindən vurularaq öldürüldüyünə dair bir necə versiya irəli sürülür. Qəddafini vuranların öz qorumaları olduğu da ehtimal edilir. Son anına qədər dəbdəbəli həyat sürən Qəddafi tutularkən də üzərində qızıl bir tapança varmış.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.