"Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmə
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Azərbaycan Ədəbiyyat Fondu" və "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmə təşkil edilib.
Tədbirdə ədəbiyyat, mədəniyyət və mətbuat sahəsinin nümayəndələri, müharibə veteranlarının ailə üzvləri, kitabxana əməkdaşları, tələbə-gənclər və başqaları iştirak edib.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev tədbir iştirakçılarını salamyaraq, müharibə mövzusunda istər dünya ədəbiyyatında, istər milli ədəbiyyatımızda, o cümlədən, folklorumuzda olduqca maraqlı və dəyərli nümunələrin olduğunu bildirdi. Bu gün Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan “Hərb və sülh”, “Ali və Nino” kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirdi.
“Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin Sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü, Mirzə Nəzrulla bəy Əmirovun nəvəsi Nigar Helmi Abbasbəyli illərlə erməni təcavüzünə məruz qalan, xüsusi amansızlıqla məhv edilən Azərbaycan mədəniyyətinin, tarixinin dəyərli nümunələri, abidələri haqqında danışaraq, təsisçisi olduğu “Qarabağın mirası” sərgisini məhz bu amansızlığı geniş ictimaiyyətə təqdim etmək məqsədilə təşkil etdiyini bildirdi. Bu gün mədəniyyət, ədəbiyyat nümayəndələrinin qalib Azərbaycanın Zəfər Tarixini geniş platformalarda təbliğ etməli olduğunu, bu mövzuda kitabların yazılmasının, rəsmlərin, ekran əsərlərinin çəkilməsinin Vətən qarşısında mənəvi bir borc olduğunu söylədi.
Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Mir Cəlalın hekayə janrında qələmə aldığı “Vətən yaraları” əsəri haqqında danışaraq, əsərin əsas ideyasının müharibənin amansızlığına, yüzlərlə insanların həyatına son qoymasına baxmayaraq, bu insanlar haqqında xatirələrin silinməməsi, daim yaşaması və beləliklə, xatirələrin ölməməsi olduğunu bildirdi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı- publisist Şərəf Cəlili Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan, Fizuli, Cəbrayıl, Laçın, Xocavənd və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanımız Əsgər Abbas Qasımov haqqında danışaraq, bü gün müharibə ədəbiyyatının əsas obrazlarının qəhrəman oğullar və onların mərd iradəli, məğrur analarının olduğunu bildirdi.
Tanınmış yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz yaradıcılığının böyük əksəriyyətinin tarixi, müharibə mövzusunda olduğunu bildirək, bugünki günümüzdə vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması ilə kifayətlənməməli olduğumuzu, kinomatoqrafiyanın bu mövzuya müraciət etməsi əhəmiyyətindən danışaraq, “Dolu”, “Fərhad” kimi filmlərin Zəfər motivləri əsasında ikinci hissələrinin çəkilməsi əhəmiyyətini vurğuladı.
Kitabxananın direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışdı. Cənab Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şuarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği yönümündə atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söylədi. Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələrinin toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz dərslik olacağını qeyd etdi.
Filologiya elmlər doktoru, Ədəbi Turan Fondunun təhsisçisi və rəhbəri "Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa" kitabının müəllifi Esmira Fuad müasir oxucu tələbatını nəzərə alaraq tarixi əhəmiyyətli əsərlərin audio versiyalarının yaradılması əhəmiyyətindən danışdı. “Xatirələr həmişə canlıdır” fikrini səsləndirərək, bu cür əsərlərin tarixi əhəmiyyətinin illər ötdükcə daha aydın hiss ediləcəyini söylədi.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Dövlət Qulluğu Müşaviri, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist, 1ci və 2ci Qarabağ müharibəsi ilə bağlı çox saylı kitabların, eyni zamanda "44 günlük savaşın 444 cəngavəri" 2 cildliyinin müəllifi Əntiqə Qonaq, Tanınmış tele-jurnalist, "Xəzərin sahilində" layihəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsi şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, “Zəfər” təşkilatının İdarə Heyətinin üzvü, Səbail rayon Mərkəzi Kitabxanasının direktoru, şəhid polkovnik - leytenant Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova, tanınmış jurnalist, Qarabağ müharibəsi şəhidləri barədə bir neçə kitabın müəllifi Aida Eyvazlı Azərbaycanın Zəfər tarixi mövzusunda qələmə alınan kitabların aktuallığından, əhəmiyyətindən danışaraq bu gözəl təşəbbüsün adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan qəhrəman oğulların hər birinə şamil edilməli olduğunu bildirdilər. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında ədəbiyyatın, təbliğatın böyük rolu olduğunu vurğuladılar.
Tədbir boyunca qonaqlar Vətən, Zəfər tarixi mövzusunda qələmə alınan şeirləri səsləndirdilər.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.




















































