Müstəqil Azərbaycanın dövlət quruculuğunun bərpası prosesi Naxçıvandan başlandı
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarıldı
Ötən əsrin sonlarında bir çox respublikaları öz hakimiyyəti altında saxlayan Sovetlər İttifaqı həm iqtisadi, həm də siyasi, ideoloji cəhətdən məhvə məhkum oldu. Xalqlar, millətlər, hətta dövlətlər arasında belə ayrı-seçkilik siyasəti yürüdən imperiyanın dağılması nəticəsində bütün müttəfiq respublikalar kimi, ölkəmiz də müstəqilliyinə qovuşdu.
Lakin rəsmi Moskva bütün dünyada zəngin yeraltı, yerüstü sərvətləri ilə tanınan respublikamızı əldən vermək istəmir, daxildəki satqınların əli ilə ölkə daxilində çaxnaşmalar yaradır, bir tərəfdən də tarix boyu azərbaycanlılara qarşı düşmənçilik, kin-küdurət bəsləyən ermənilərin işğalçılıq siyasətinə dəstək verir, Qarabağ torpaqlarını zəbt etmələrinə, etnik təmizləmə siyasəti həyata keçirmələrinə şərait yaradırdı. Himayədarlarına arxalanan ermənilər vəhşiliklər törədir, əzəli yurd yerləri olan İrəvanda yaşayan soydaşlarımızın başına min cür müsibətlər gətirirdilər. 1988-ci ildə azğın ermənilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf ərazilərə qarşı iddiaları xalq arasında hakimiyyətə qarşı inamsızlıq yaratmışdı. Respublikada xaos, özbaşınalıq hökm sürür, əhali çətin şəraitdə yaşayırdı. İqtisadiyyatı çökmüş, dövlətçiliyi təhlükə altına düşmüş Azərbaycan M.Qorbaçovun əli ilə uçuruma sürüklənirdi. Həmin dövrdə ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən uzaqlaşdırılmışdı.
Dinc azərbaycanlıların qətliamlara, faciələrə məruz qalmalarına, yerindən-yurdundan zorla çıxarılan soydaşlarımızın ölkəmizin ayrı-ayrı bölgələrində məcburi köçkün kimi yaşamalarına etirazını bildirən xalq ayağa qalxaraq ermənilərin bu əməllərinin qarşısının alınmasını tələb edirdi. Ermənistana havadarlıq edən Moskva bu haqlı tələblərə qarşı sərt tədbirlər gördü. Belə ki, 1990-cı il yanvarın 20-də Ermənistanın işğalçılıq siyasətinə öz etirazını bildirərək küçələrə axışan əliyalın insanlar sovet əsgərlərinin silahlarına tuş gəldi. Qadın, uşaq, qoca demədən qarşısına çıxan hər kəsi odlu silahdan atəşə tutdular, xalqımızın qan yaddaşına qara bir səhifə yazıldı: 1990-cı ilin 20 Yanvar günü...
Həmin vaxt Moskvda yaşayan ümummilli lider Heydər Əliyev qadağalara baxmayaraq, ölkəmizin daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı törədilən qanlı hadisəyə kəskin etirazını bəyan etdi, sovet ordusunun Bakıdakı görünməmiş vəhşiliklərini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pislədi, mərkəzi hakimiyyət orqanlarını günahlandıraraq baş verən hadisələrdə məhz onların məsuliyyət daşıdıqlarını bildirdi. Həyatını böyük risk altında qoyan ulu öndərin vətənpərvərliyi, doğma xalqına, elinə-obasına bağlılığı erməni havadarlarını həm qorxuya salmış, həm də hiddətləndirmişdi, onun artıq Moskvada yaşaması qeyri-mümkün idi. Bu hadisələrdən qısa müddət sonra dünyaşöhrətli siyasi xadim, müdrik siyasətçi Heydər Əliyev 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana qayıtdı. Sonralar ulu öndər həmin illəri belə xatırlayırdı: "Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş".
Keçmiş SSRİ tərəfindən Qarabağda erməni separatizminə qarşı lazımi tədbirlər görülmədiyindən ermənilər Naxçıvana da hücum etməyə başlamışdılar. Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanla Naxçıvan arasında quru yol əlaqəsi tamamilə kəsilmiş, bu qədim diyar blokadaya salınmışdı. İşıq, qaz təchizatı yox dərəcəsində olan muxtar respublikada əhali səfalət içində yaşasa da, Ermənistanın təcavüzkarlığına qarşı mərdlik, mətanət nümayiş etdirirdi. Ümummilli liderin doğma vətəninə qayıdışı isə naxçıvanlılara bu çətin günlərdə ümid oldu. Dahi lideri böyük sevgi, dərin hörmətlə qarşılayan Naxçıvan camaatı bu çətin günlərdən qurtulmağın yeganə yolunu Heydər Əliyevdə görürdü və bu ümidlə 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə ümummilli lideri Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçdilər. Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan ulu öndərin sayəsində muxtar respublikada acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. 1990-1993-cü illər - siyasi fəaliyyətinin Naxçıvan mərhələsində Heydər Əliyev təkcə muxtar respublikanın deyil, bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən, müasir tariximizin parlaq səhifələrindən olan mühüm qərarlar qəbul etdi. Bu cəsarətli addımlar respublikada gedən siyasi proseslərə müsbət təsir göstərdi və qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesi Naxçıvandan başlandı.
1990-cı il noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması barədə vəsatət qaldırıldı. Sovetlər Birliyinin hələ mövcud olduğu zamanda Heydər Əliyevin cəsarətinin, sarsılmaz azərbaycançılıq idealının, böyük uzaqgörənliyinin nəticəsində Naxçıvan MSSR-in adından "sovet sosialist" sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası adlandırıldı. Sessiyada, həmçinin Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar yekdilliklə qəbul olundu. Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli ilk sessiyasında qəbul edilmiş siyasi qərarlar dahi lider, müdrik, uzaqgörən siyasətçi Heydər Əliyevin canından artıq sevdiyi xalqı, milləti və bütün ömrünü həsr etdiyi dövləti qarşısında misilsiz xidmətidir.
Bütün bu taleyüklü qərarları verərkən Heydər Əliyev ona etimad göstərən, ən çətin günlərində onu ümid yeri bilən xalqına arxalanır, ondan güc alırdı. Böyük strateq bu hadisələri belə xatırlayırdı: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".
Bəli, bu gün o müqəddəs, ucadan-uca bayrağımız bütövləşmiş Azərbaycanın suveren ərazilərinin hər bölgəsində qürurla dalğalanır. Dalğalandıqca dövlət müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını bütün dünyaya nümayiş etdirir.
Mehparə Əliyeva
"Respublika" qəzeti