Müstəqillik Günü

27 may, 2022
Paylaş:

Müstəqillik Günü

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. Azərbaycanın ilk Parlamentinin, dövlət aparatının təşkil edildiyi, ölkənin sərhədlərinin  müəyyənləşdirildiyi, bayrağı, himni və gerbinin yaradıldığı, türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili kimi elan edildiyi bu dövr  tariximizin ən şanlı və parlaq səhifələrindəndir.

Respublika Gənclər Kitabxanasında 28 May Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 27 may tarixində kitabxanada Müstəqillik Gününə həsr edilmiş tədbir təşkil edildi. Tədbirdə  kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Qənirə Əliyeva, Günay Həsənova və başqaları çıxış etdilər.

Aslan Cəfərov çıxışında xalqımızın istiqlal arzusunun nümunəsi olan  Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verdi. 70 il sonra 1990-cı ildə  ümummilli lider heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk öncə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsis edildiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mayın 28-nin “Müstəqillik Günü” kimi təsis edildiyini vurğuladı.

Tədbir iştirakçıları öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədilər, bu dövrdə bir çox ilklərə imza atıldığını – Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini vurğuladılar.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən videomaterial və virtual kitab sərgisi nümayiş olundu. Hazırlanan materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilmişdir. Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapmışdır, cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında məlumat verilmişdir. Materiallarda ümummillli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi  və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər yer almışdır. Virtual kitab sərgisində Xalq Cümhuriyyətindən bəhs edən ondan çox kitab, son beş ilin dövrü mətbuat nümunələri əks olunmuşdur.

Kitabxanada “28 May Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil olunmuşdur.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()