Müstəqillik və suverenlik xalqımızın ən dəyərli nailiyyətidir
Müstəqillik və suverenlik hər bir xalqın, millətin ən müqəddəs arzusudur. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
1918-ci ilin mayın 28-də müstəqillik qazanmış Azərbaycan xalqı müəyyən səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürmüşdür. Milli hökumət 1920-ci ilin aprelində bolşeviklər tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur. Cümhuriyyətin süqutundan sonra 70 ilə yaxın Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı müstəqillik arzusunu daim ürəyində yaşatmış, bu arzuya qovuşmaq üçün min bir əziyyətlərə düçar olmuşdur. Bu istək 1988-ci ildən yenidən alovlanmış, xalqın azadlıq və suverenlik arzusu Kremli silkələmiş və o vaxtkı SSRİ rəhbərliyi respublikamızın istiqlaliyyəti uğrunda mübarizə aparan oğul və qızlarımızı susdurmaq üçün qanlı cinayətə əl atmışdır. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət hadisəsi 1990-cı il 20 yanvarda özünü açıq şəkildə büruzə vermişdir. Bu qanlı hadisə Azərbaycan xalqının azadlığa gedən yolda ən böyük sınağı idi. Ölkəsini müstəqil, suveren, azad görmək istəyən mərd övladlarımız İmperiya ordusunun silahları qarşısına sinələrini sipər edərək şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda şəhid olmuş oğul və qızlarını heç vaxt unutmur.
20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. Həmin dövrdə çətin şəraitdə yaşayan və Naxçıvanda fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev xalqımızın müstəqillik, azadlıq, suverenlik yolunda mübarizəsinə yol göstərən işıq oldu. Ümummilli lider Heydər Əliyev o çətin və məşəqqətli dövrdə müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. Dahi şəxsiyyət Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Ulu öndər həmin vaxt öz cəsarətli və qətiyyətli əməlləri ilə beynəlxalq aləmin diqqət mərkəzində oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamenti Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında tarixi qərarlar qəbul etdi. Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, habelə bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqındakı tarixi qərarlar müstəqillik yolunda atılan qətiyyətli addımlar idi. Bu qərarların qəbul edilməsi ilə Azərbaycanın müstəqilliyinin əsası qoyuldu.
Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı. Bununla yanaşı, 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası müstəqillik, suverenlik uğurunda mübarizə aparan mərd oğul və qızlarımızın tələbləri qarşısında aciz qaldı və demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq olundu.
Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Bununla da xalqımızın tarixində yeni dövr başlandı. Azərbaycan Respublikası Ali Sovetin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan parlamentinin sədri olarkən qəbul edilən qərarların, ümummilli liderin cəsarətinin, xalqımızın müstəqillik, suverenlik istəyinin reallaşdırılması yolunda atdığı qətiyyətli addımların nəticəsi idi.
Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, formal xarakter daşımışdır. Çünki respublikamız yenə də sovet qanunları ilə idarə olunur, həmin vaxt hakimiyyətdə olanların keçmiş İttifaqdan əl çəkə bilmirdilər. Həmin vaxt ölkədə qarşıdurma, özbaşınalıq, xaos, anarxiya baş alıb gedirdi. Müstəqil Azərbaycanın öz qanunları yox idi və respublikaya rəhbərlik edənlər bu barədə düşünmək belə istəmirdilər. Müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyət davası respublikamızı tədricən uçuruma yaxınlaşdırırdı. Bir tərəfdən də Ermənistan xarici himayədarlarının köməyi ilə torpaqlarımızı işğal edirdi. Belə bir ağır vəziyyətdə xalqımızı ardınca apara biləcək, müstəqilliyimizi qoruyub saxlaya biləcək dövlət idarəçiliyində təcrübəsi olan bir liderə ehtiyac yaranmışdı. Həmin vaxt respublikamızı düçar olduğu bəladan yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Xalq ümummilli liderə müraciət etdi. Müraciətdə deyilirdi ki, Azərbaycanı bu bəladan, mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizi yalnız Siz xilas edə bilərsiniz.
Belə ki, ötən əsrin 70-ci illərində Azərbaycanda siyasi hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. İlk növbədə, respublikada ciddi nizam-intizam yaratmağa nail olmuşdur. Dahi öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Həyatı boyu xalqımızın və millətimizin dar günündə arxa-dayağı olmuş Ulu Öndər bu dəfə də Azərbaycana siyasi rəhbərliyə gəlməyə razılıq verdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı fundamental mahiyyət kəsb etməyə başlamış, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda qətiyyətli addımlar atılmışdır. Müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın müstəqilliyini yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir".
Dahi lider deyirdi ki, hər bir müstəqil ölkə özünün qanunları, Konstitusiyası ilə idarə olunmalıdır. Ona görə də mütləq müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmalıdır. Dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları, vəzifələri, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, dövlət quruluşu, mülkiyyət formaları və dövlət həyatının digər bu kimi məsələləri Konstitusiya ilə müəyyənləşdirilməlidir. Ona görə də Əsas Qanunun qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlanmış, dəfələrlə müzakirələr aparıldıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.
Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, demokratik, sivil və hüquqi inkişafın keyfiyyətcə yeni mərhələsinin əsası qoyulmuşdur. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir.
Demokratik cəmiyyətin qurulması, fəaliyyəti və inkişafı üçün bütün müddəaları özündə əks etdirən yeni Konstitusiya Azərbaycanda hüquqi dövlətin təməlini qoymaqla yanaşı, hüquqi islahatların ikinci mərhələsinin aparılmasına etibarlı zəmin yaradırdı. Konstitusiyada müəyyən edilmiş norma və prinsiplərə uyğun hüquqi sistemin formalaşmasına hədəflənən islahatların ikinci mərhələsi məzmun baxımından iki istiqaməti əhatə edirdi. Onlardan birincisi, insan hüquq və azadlıqlarının, qanunçuluq və hüquq qaydasının səmərəli müdafiəsi üçün zəruri olan təsisatların, ikincisi isə həmin təsisatların işini effektiv edəcək qanunvericilik bazasının yaradılması idi.
1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Hüquqi İslahatlar Komissiyasının yaradılması islahatların ikinci mərhələsini uğurla həyata keçirməyə imkan verir. Bununla da ölkəmizin hüquq sistemində Sovet İttifaqından miras qalmış prinsip, norma və institutlar aradan qaldırıldı, mütərəqqi inkişafa və beynəlxalq aləmə hüquqi inteqrasiya prosesi daha da gücləndirildi.
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirdi. Qeyd etmək istərdim ki, Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Arxada qalan illər ərzində Azərbaycan Prokurorluğu olduqca çətin və şərəfli yol keçmişdir. 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlamışdır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiqlənmişdir. Lakin 1920-ci ilin aprelində AXC süquta uğradıqdan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilmişdir. 1922-ci il iyulun 11-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında" dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra digər dövlət təsisatları kimi, Azərbaycan Prokurorluğu da müstəqil dövlət qurumu kimi öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun formalaşdırmalı idi. Belə ki, prokurorluğun funksiyaları, hüquq və vəzifələri keyfiyyətcə yenilənməli, o, fəaliyyətini demokratik cəmiyyət, siyasi plüralizm və bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyətin tələbatı ilə uzlaşdırmağa məcbur idi. Ümummilli lider Heydər Əliyev bütün digər dövlət orqanlarının əməkdaşlarına olduğu kimi, prokurorluğa da daim yüksək diqqət və qayğı göstərmiş, prokurorluğun çətin və şərəfli peşə olduğunu bildirmişdr. Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da əsaslı islahatlara start verildi. Həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu tədricən milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildi.
Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları bu gün də özünü büruzə verməkdədir. Ulu Öndərin siyasi kursunu bütün sahələr üzrə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə yüksəlmişdir. "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. "Normativ-hüquqi aktlar haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarının, qəbul edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addım oldu.
Ümummilli liderin imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar qəbul edildi.
"Konstitusiya Məhkəməsi haqqında" qanun ölkəmizin məhkəmə sistemində tamamilə yeni bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili və fəaliyyəti üçün mühüm hüquqi baza oldu. Bu qanunlar məhkəmə sisteminin qurulmasına və işə başlamasına şərait yaratdı, həmçinin 1995-ci il Konstitusiyasının əsas institutlarından biri kimi konstitusiya nəzarəti institutunu işlək mexanizmə çevirdi.
Son iyirmi iki ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Cənab Prezidentin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi hər bir kəsdə qürur hissi yaradıb. Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyün tanıyır, Ermənistan üzərindəki tarixi Qələbəmizi haqq-ədalətin bərpası kimi qəbul edir. Bu gün dünya ictimaiyyəti də "Qarabağ Azərbaycandır!" reallığını tam qəbul edir.
Hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma, bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi, hərbi və siyasi qüdrətini bir daha dünyaya nümayiş etdirir.
Əsas Qanunumuzun bəyan etdiyi niyyətlərdən biri kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında olmasının məntiqi nəticəsidir.
İsmayıl Abiyev,
“Respublika” qəzeti