“Narkomaniya bəşəriyyətin faciəsidir” adlı disput

01 aprel, 2024
Paylaş:

“Narkomaniya bəşəriyyətin faciəsidir” adlı disput

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri gənc oxucuların iştirakı ilə "Narkomaniya bəşəriyyətin faciəsidir" adlı disput təşkil edilib.

Tədbirin aparıcısı - “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbəsi Həşimzadə Nərgiz disputun keçirilməsində əsas məqsədin gəncləri narkomaniyanın acı nəticələrinə,  onun insana, bütövlükdə cəmiyyətə vurduğu faciəvi zərər və ona qarşı mübarizə üsullarına dair  maarifləndirməkdən ibarət olduğunu bildirdi.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin mühüm əhəmiyyətə malik olduğunu bildirərək, bu istiqamətdə yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu bildirdi. Prezident İlham Əliyevin  imzaladığı  sərəncam ilə qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini qeyd edərək, kitabxanada təşkil  edilən mədəni-kütləvi tədbirlərdən, sosial aksiyalardan, hazırlanan materiallardan və onların müstəsna əhəmiyyətindən danışdı,  kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan ədəbiyyat nümunələri haqqında geniş məlumat verdi.

Tədbirdə “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri Kərimova Aysun “Narkomaniya gələcəyimiz üçün böyük təhlükədir”, Əskərov Rəvan “Reablitasiya mərkəzlərində narkotik istifadəçilərinə göstərilən qayğı”, Məmmədova Nigar “Sağlam gənclik, sağlam nəsil naminə narkomaniyaya yox deyək”, Gülməmmədli İslam “Narkomaniyaya qarşı həyata keçirilən tədbirlər” mövzusunda çıxış etdilər.

Kitabxananın Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söylədi. Müasir gəncliyi pis vərdişlərdən - narkotik vasitələrdən istifadədən çəkinməyi, sağlam həyat tərzinə, elmə, maarifə, mütaliəyə meyl etmələrini tövsiyə gördü.

Tədbirdə narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və ətrafın məsələyə  məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular müzakirə edildi.

Tədbirdə “Narkomaniya - geri dönüşü olmayan yol” adlı videomaterial nümayiş etdirildi. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()