NAXÇIVAN: 5000 illik tarix, 100 illik muxtariyyət -TƏHLİL
9 fevral beşminillik tarixin ərmağanı olan qədim Naxçıvanın 100 il öncə muxtariyyət statusu aldığı gündür. Artıq 100 ildir ki, Naxçıvan muxtar respublika kimi yaşayır. Doğma Naxçıvanımızın muxtariyyətindən söhbət açılanda möhtəşəm tariximizin səhifələri vərəqlənir, naxçıvanlıların bu səhifələrin hər birinə həkk etdikləri misilsiz torpaq sevgisi, yurda sahiblik hissi qürur yaradır. Bu səhifələrdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də bu diyarda yaranan gərgin vəziyyət, tarixin bütün dönəmlərində olduğu kimi, yenə də erməni daşnaklarının min bir hiyləsinə qarşı mübarizələr apararaq Naxçıvanı qoruyub saxlamaq kimi əzmkarlıq salnamələşib. Bu səhifələrdə 1918-ci ilin noyabrında yaradılan, paytaxtı Naxçıvan olan Araz-Türk Respublikası yer alır. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq Araz-Türk Respublikası.
Bu səhifələrdə 70 illik imperiyanın ilk addımı olaraq yenicə əsarəti altına saldığı ölkələrdən biri kimi Azərbaycandan Zəngəzuru qoparıb ermənilərə verməsi, bununla da Naxçıvanı mənsub olduğu vətəndən ayırması, diyarımız üçün muxtariyyətdən başqa yol qoymaması yer alır. Nəhayət, 1918-1924-cü illər arasında cərəyan edən siyasi hadisələr, Gümrü, Moskva, Qars müqavilələri, referendumlar 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Naxçıvan MSSR-in yaradılması haqqında qərar verməsi ilə nəticələndi. Elə muxtariyyət tarixinin ən şanlı səhifəsini də mənfur düşmənin Naxçıvanı Azərbaycandan qopara bilməməsi təşkil edir. Çünki naxçıvanlılar Naxçıvanı hər zaman göz bəbəyi, bir ata-ananın övladını qoruması tək qorumuşlar.
Prezident İlham Əliyev: Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Naxçıvan həmişə düşmənin niyyəti olub
100 illik muxtariyyət tarixinə nəzər salarkən ayrı-ayrı dönəmlərdə hər an Naxçıvana uzanan əllər, bu qədim torpağın həmişə düşmənin pis niyyəti olduğu görünür. Naxçıvan iştahasında olub bu qədim diyara sahiblənmək istəyən mənfur qonşumuz arzusundan vaz keçmir, bu istəklərini qərinədən-qərinəyə, əsrdən-əsrə daşıyır.
100 ilin son 33 ili. Nədir bu 33? Naxçıvan gözlərinə dağ olanların qədim diyarı blokadaya saldıqları tarixdən bəri yaşanan illərdir. 100 ilin ən çətin, keşməkeşli və eyni zamanda, qürurverici, dünyanı heyrətə gətirən illəridir.
Bu, bir faktdır ki, blokadanın ilk illəri Naxçıvan üçün çox ağır oldu. Qarabağ problemindən daha çox əziyyət çəkən Naxçıvan, Umummilli Liderimiz Heydər Əliyevin təbirincə desək, “Taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı. Ölkəyə yeganə quru yolla çıxış olan dəmir yolunun fəaliyyətinin dayandırılması, hava yolunda problemlərin yaradılması, naxçıvanlıların paytaxtla və Vətənin başqa bölgələri ilə əlaqələrinin tamamilə kəsilməsi muxtar respublikanı hərbi blokadaya məruz qoydu. Elektrik və təbii qaz xətlərinin ermənilər tərəfindən qırılıb-dağıdılması nəticəsində Naxçıvan işıqsız və qazsız qaldı. Ərzaq qıtlığı yarandı.
Yadımdadır, blokadanın ilk illəri muxtar respublikada yağ, qənd, çay, əsasən də, çörək qıtlığı insanları, necə deyərlər, imtahana çəkirdi. Saatlarla çörək növbələri yaranırdı. Qışda soyuqdan qorunmaq üçün camaat əlacsız qalıb həyətlərindəki meyvə ağaclarını belə, doğrayıb yandırırdılar. Bununla Naxçıvan iqtisadi blokada həyatını yaşamağa məcbur edilmişdi. Elektrik enerjisinin olmaması televiziya vasitəsilə ölkə xəbərlərinin izlənməsinə, dəmir yolunun bağlanması Naxçıvana dövri mətbuatın gətirilməsinə çətinlik yaratmışdı. Bununla da əhali siyasi və informasiya blokadasına alınmışdı.
“Şərqin qapısı”nı Ulu Öndər xilas etdi
Yuxarıda sadalananlar Naxçıvana ermənilər tərəfindən blokadanın bütün növlərinin tətbiqini təsdiq edən faktlardır. Artıq 33 ildir ki, Naxçıvan blokada şəraitində yaşayır. Blokadanın ilk illəri ermənilər, yəqin ki, hərtərəfli blokada ilə Naxçıvanın “taleyinin” üstündən bir xətt çəkdiklərini düşünür, bununla gündən-günə Naxçıvanın zəifləyəcəyini, tənəzzül edəcəyini, bu qədim diyara asanlıqla yiyələnib torpaqlarına qatacaqlarını, “Şərqin qapısı”nın sahibi olacaqlarını xəyal edirdilər.
Ümummilli Liderimiz Heydər Əliyev blokadanın ən ağır günlərində Naxçıvana gəldi. Bu gəliş erməniləri çox məyus etdi. Naxçıvana blokadanın bütün növlərini tətbiq edib nəticəsini səbirsizliklə gözləyənlər üçün, təbii ki, Ulu Öndərin Naxçıvana gəlməsi heç də yaxşı bir xəbər ola bilməzdi. Söz yox ki, onlar yaxşı başa düşürdülər ki, dahi şəxsiyyət naxçıvanlıların çıxış yolu olacaqdır.
Bu, həqiqətən də, belə oldu. Ulu Öndər naxçıvanlılarla birlikdə qaranlıq gecələrdə çıraq işığında əyləşdi, çıraq işığında Naxçıvanı labüd vəziyyətdən çıxarmaq üçün qərarlar verdi. Soyuq otaqlarda gecələməli oldu. Lakin bütün bunlar müvəqqəti çətinliklər idi. Çünki qarşıda Naxçıvanın dünya tarixinin səhifələrinə düşəcək blokadalı-inkişaflı, inkişaflı-intibahlı günləri başlayırdı. Ermənilər, yəqin, düşünməyibmiş ki, bizim başqa qonşularımız da var, həm də onlarla müqayisə olunmayan qonşularımız. Bizim siyasi aləmdə sözü keçərli şəxsiyyətimiz var. Və onun siyasi addımları ilə Naxçıvan çıxış yolunu tapacaqdır.
Beləliklə, labüd olan yolların hər birindən böyük siyasi bacarıqla istifadə edən Ulu Öndər Naxçıvanın blokadasını yara bildi. Muxtar respublikanın elektrik enerjisi və ərzaqla təmin olunması istiqamətində qonşu Türkiyə və İran ilə razılıq əldə edildi. Elektrik enerjisi fasilələrlə verilsə də, ərzaq insanların tələbatından az olsa da, əsas məsələ onların mənəvi sarsıntısının aradan qaldırılması, bir sözlə, yaşamaları oldu.
2021-ci ilin 10 mayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı dövlətimizin başçısı Azərbaycan televiziyasına verdiyi müsahibədə 1990-cı ilin Naxçıvanı ilə bağlı dəyərli fikirlərini ifadə etmişdir: ...O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün. Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.
Blokada Naxçıvanı düşmənə meydan oxudu
İllər ötdükcə Naxçıvan məhv olmaması, yaşaması ilə düşmənin gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkənin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı. Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.
Bütün bunlar həm də blokadanın ilk illərində burada gələcək üçün blokada və inkişaf mərhələsinin qığılcımları idi. Zamanın hökmü, diktəsi tarixə növbəti bir yeniliyi bəxş etməkdə idi ki, bu barədə ermənilər düşünə belə, bilməzdilər. Bu yenilik blokada ilə inkişafın illər sonra tarixin səhifələrinə həkk olunması idi. Və bu yenilik ondan ibarət idi ki, blokada ilə inkişaf sözləri tarixin heç bir dönəmində bir araya gəlməmiş, qoşa səslənməmişdi.
20 ildə 16 dəfə
Ulu Öndərimizin bir arzusu vardı: “İstəyirəm mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Müstəqillik illərinin hər anında bu sözlər başlıca məqsəd olub və muxtar respublikanın ötən 20 il ərzində hərtərəfli inkişafı sırf bu prinsipin bəhrəsidir. Görülən bütün işlər Ümummilli Liderimizin istəklərini həyata keçirməkdən qaynaqlanıb.
Böyük qürurla söyləyə bilərik ki, dövlətimizin bütün bölgələrimiz kimi, Naxçıvan Muxtar Rerspublikasına da göstərdiyi diqqət və qayğı nəticəsində Naxçıvanın son 20 illik tarixinə bu ifadələr həkk olub: inkişaf.
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə 16 dəfə muxtar respublikaya səfər edib, Onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahələri və hərbi təyinatlı obyektlər istifadəyə verilib.
Dövlətimizin başçısının rəhbərliyi ilə müxtəlif istiqamətləri əhatə edən Dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında da bütün sahələrin inkişafına geniş imkanlar açıb. 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16 dəfə, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 13 dəfə artıb. Muxtar respublikada 183 elm və təhsil ocağı, 304 mədəniyyət obyekti, 217 səhiyyə obyekti, 23 idman obyekti, 327 inzibati bina, 1089 istehsal və xidmət sahəsi tikilərək, 155 elm və təhsil ocağı, 178 mədəniyyət obyekti, 59 səhiyyə obyekti, 23 idman obyekti, 254 inzibati bina, 2218 kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 78 mindən artıq yeni iş yerləri açılıb.
Naxçıvan bu gün dünyanın ən inkişaf etmiş regionları sırasındadır. Lakin bir fərq var: Naxçıvan bu intibaha blokada şəraitində nail olub. Deməli, məqsəd və prinsip olan yerdə blokada belə, əngəl yarada bilmirmiş.
Ötən 20 ildə muxtar respublikada elektroenergetika infrastrukturunun müasirləşdirilməsi, təbii qaz təchizatı, alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələrin reallaşdırılması enerji təhlükəsizliyini təmin edib. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2020-ci ildə bu göstərici 9-a çatdırılıb. Bir zamanlar enerji idxal edən Naxçıvan artıq enerji ixrac edən bir diyara çevrilib. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi isə yaşayış məntəqələrini tam qazlaşdırıb.
Yeni Dövlət Proqramı Naxçıvanın daha da inkişafına hesablanıb
2004-cü ildən etibarən qəbul edilmiş 4 dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı inkişafın yeni mərhələsinə hesablanmışıdr. Dövlət proqramının sosial sfera üzrə əhəmiyyətli hesab olunacaq məqsədləri içərisində təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər olduqca əhəmiyyətli olacaqdır. Bu istiqamətlər üzrə kadr hazırlığının diqqətdə saxlanılmasına da diqqət göstərilməkdədir.
Dövlət Proqramında eyni zamanda, “ASAN xidmət”, “DOST” və digər mərkəzlərin fəaliyyətə başlaması və bu istiqamətdə dövlət xidmətlərinə əlçatanlığın təmin olunmasından, təbii ehtiyatlar hesabına hasilat sənayesinin perspektivliliyinin artırılmasından, xammala etibar etmiş olan yeni sənaye sahələrinin yaradılmasından, mövcud olanların fəaliyyətinin daha da gücləndirilməsindən, həmçinin, ayrı-ayrı sahələrdə güzəştlərin tətbiqinin nəzərdə tutulduğu sənaye zonasının yaradılmasından ibarət olan dayanıqlı sosial-iqtisadi inkişaf mühitinin təşəkkülü hədəflənmişdir.
Proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir. Xarici və yerli investorların Naxçıvana səfəri muxtar respublikanın iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.
Dövlət Proqramının ümumi məqsədi davamlı iqtisadi artımın təmin olunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
Zəngəzur dəhlizi Naxçıvana gedən yolları açacaq
Dövlətimizin başçısı 2021-ci ildə Naxçıvana səfəri çərçivəsində Azərbaycan televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar deyirdi: - Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.
Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.
O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın.
Beləliklə, yeni iqtisadi reallıqlar müstəvisində Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələdə əhalinin rifah göstəricilərinə, məşğulluq təminatının gücləndirilməsinə, muxtar respublika əhalisi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi arasında ikitərəfli ticarət münasibətlərinin inkişaf perspektivlərinə də təminat yaradılmış olacaq.
***
Bugünkü Naxçıvan Ümummilli Liderimizin başladığı siyasətin dövlətimizin uğurla davam etdirməsinin təntənəsidir. Beşminillik tarixə malik olan qədim yurd yüzillik muxtariyyəti ilə bütövlükdə varlığını qoruyan, məğrurluğunu nümayiş etdirən qədim Azərbaycan torpağıdır. Ötən bir əsrin bir qərinəsini blokada şəraitində yaşaması da bu məğrurluğa əsla xələl gətirə bilmədi.
Bayramın mübarək, Naxçıvan! Zəfərli Azərbaycanın qarşısında açılan yeni dövr sənə gələn yolların açılmasını, Qarabağ və Şərqi Zəngəzur kimi anan Azərbaycana qovuşmağını tezliklə reallaşdıracaq.
Mətanət Məmmədova
“Səs”qəzeti