04 may, 2026
Paylaş:

Naxçıvan kitabxana əməkdaşları Respublika Gənclər Kitabxanasında qonaq olublar

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarının əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.

Səmimi və peşəkar mühitdə keçirilən görüşdə müasir kitabxana işinin inkişafına yönəlmiş fikir və təcrübə mübadiləsi aparılmışdır.

Görüşün əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl kitabxana modellərinin öyrənilməsi və müasir texnologiyaların tətbiqi sahəsində əldə olunan yeniliklərin paylaşılması idi. Bu mənada Gənclər Kitabxanası öz çoxşaxəli fəaliyyəti və innovativ yanaşmaları ilə qonaqlarda dərin təəssürat yaratdı.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, eləcə də Naxçıvan şəhər, Şərur, Ordubad və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları kitabxananın iş prinsipi ilə yaxından tanış olaraq xidmət şöbəsinin fəaliyyət mexanizmini əyani şəkildə izlədilər. Oxuculara göstərilən xidmətin çevikliyi, informasiya resurslarına çıxış imkanlarının genişliyi və xidmət şöbəsində tətbiq edilən KOHA Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin “Kitab verilişi” və “İstifadəçilər” modulları xüsusi maraq doğurdu.

Qonaqlara kitabxanada hazırlanan metodiki materiallar, tətbiq edilən elektron xidmətlər, rəqəmsal resursların idarə olunması haqqında geniş məlumat verildi.

Görüş çərçivəsində iştirakçılar kitabxanada tətbiq edilən müasir texnologiyalarla tanış olmaqla yanaşı, Süni İntellekt vasitəsilə hazırlanmış materialların yaradılma prosesi haqqında da ətraflı məlumat əldə etdilər. Bu isə kitabxana işinin artıq ənənəvi çərçivələrdən çıxaraq innovasiya müstəvisinə keçdiyini bir daha nümayiş etdirdi.

Görüş  zamanı qonaqlar kitabxananın zəngin fondu ilə də yaxından tanış oldular. Xüsusilə depozitar fondun nadir nüsxələri, Brayl əlifbası ilə çap olunmuş nəşrlər böyük maraqla qarşılandı. Bu, kitabxananın inklüzivlik prinsiplərinə sadiqliyini və hər bir oxucu üçün əlçatanlıq yaratmaq istiqamətində gördüyü işlərin əhəmiyyətini bir daha vurğuladı.

Kitabxananın direktoru Aslan Cəfərov görüş zamanı bu cür tədbirlərin sadəcə tanışlıq xarakteri daşımadığını, eyni zamanda kitabxanalar arasında etimadın möhkəmlənməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və ortaq inkişafın təmin olunmasına xidmət etdiyini bildirdi. O müasir dövrdə kitabxanaların ənənəvi funksiyalarla kifayətlənməyərək, cəmiyyətin intellektual inkişafına töhfə verən, innovativ yanaşmaları tətbiq edən mühüm mərkəzlərə çevrildiyini və bu baxımdan qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.  Sonda direktor  bu görüşün yeni layihələrin və ortaq təşəbbüslərin başlanğıcı olacağını, kitabxanaçılıq sahəsində birgə fəaliyyətin inkişafına töhfə verəcəyinə inandığını bildirdi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()