Naxçıvan "yaşıl enerji"nin mərkəzinə çevrilir
Prezidentin dəstəyi ilə muxtar respublikada energetika sektoru qlobal innovasiyalara uyğun təkmilləşdirilir
Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə evsahibliyi əlahiddə rəmzi məna daşıyır. COP tədbirləri iqtisadi-siyasi qüdrəti olan, bu qlobal platformanın məntiqinə uyğun siyasət aparan ölkələrdə keçirilir.
Yaşıl dünya naminə "yaşıl enerji"
Gündən-günə daha da çirklənən dünyada təmiz mühiti qorumaq məqsədilə Azərbaycan öz üzərinə mühüm vəzifə götürüb. Karbon emissiyasının azaldılması üçün Azərbaycan ciddi addımlar atır. Bu istiqamətdə "yaşıl enerji" əhəmiyyətli rol oynayır. Azərbaycanda ümumi enerji istehsalında "yaşıl enerji"nin payı 14 faizdir. Naxçıvan Muxtar Respublikasında isə bu rəqəm təqribən 50 faizdir.
Naxçıvan Muxtar Respublikasında bir gündə 130 000 kubmetr həcmində təbii qaza qənaət edilir. Məsələn, oktyabrın 11-də muxtar respublikanın 947 508 kv/saat elektrik enerjisinə tələbatı tam "yaşıl enerji" hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu kimi uğurların əldə edilməsi muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadəyə səbəb olacaq. Son illərdə qurulan alternativ və bərpaolunan enerji stansiyaları bunun bariz nümunəsidir.
Müasir dünyada enerji resursları siyasi-iqtisadi güc amilinə çevrilir. Bu kontekstdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Amma elə enerji istehsalına nail olmalıyıq ki, ətraf mühitə zərər vurmasın. Azərbaycan bu istiqamətdə mühüm siyasət aparır. COP29 kimi əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi də buna misadır.
Azərbaycanın, o cümlədən onun bir hissəsi olan Naxçıvanın dünya "yaşıl enerji"sinə ciddi töhfələri var. Prezident İlham Əliyev dünya energetika sektorunda strateji düşüncə sahibi kimi qəbul olunur. Onun aparıcı ölkələrin rəhbərləri və dünyanın nüfuzlu enerji şirkətlərinin təmsilçiləri ilə davamlı müzaikrələri bu sahədə mühüm əhəmiyyət daşıyır.
Azərbaycan adətən neft ölkəsi kimi tanınır. Xeyli Avropa ölkəsini neft və qaz ilə təchiz edən ölkəmiz həmişə bu qitə üçün etibarlı tərəfdaş olub. Hətta ən çətin vaxtlarda belə Azərbaycan Avropanın enerji təminatında tərəddüd etməyib.
Ümumiyyətlə, ölkəmiz bütün beynəlxalq müqavilələrə sadiqdir. Paris sazişinin tələbinə görə 2030-cu ilə qədər ölkəmizdə "yaşıl enerji"nin payı 30 faizə çatdırılacaq.
Azərbaycan xüsusilə də energetika sektorunda uğurlu investisiya siyasəti aparır. Ölkəmizin xarici şirkətlətlə əməkdaşlıqda böyük təcrübəsi formalaşıb.
Naxçıvanda enerji istehsalında yeni imkanlar
Prezident İlham Əliyev enerji siyasətində xarici investorlarla əməkdaşlığı əhəmiyyətli hesab edir. Naxçıvanda dünya enerji nəhənglərindən Total Energies, Czech Engineering, Nobel Energy, Masdar, ACWA Power, China Energy, Notus və digər şirkətlərlə "yaşıl enerji" layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir. Bu istiqamət üzrə yol xəritəsi hazırlanır.
Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir məqam da vardır: Günəşli saatların çoxluğuna görə Naxçıvan dünyada əhəmiyyətli yerlərdən birini tutur.
Muxtar respublikada 2 İES, 5 SES, 3 GES, 1 KES, 1 Hibrid stansiya mövcuddur. Bunların ümumi generasiya gücü 244.8 MVt təşkil edir. Muxtar respublikanın Azərbaycanla quru əlaqəsi olmadığı üçün İran ilə bu sahədə sinxron rejimdə işləyir. Eyni zamanda Türkiyə ilə 100 MVt ötürmə gücü olan xətlər mövcuddur. Bu xətlər vasitəsilə enerji ixracı üçün Türkiyə tərəfi ilə müzakirələr yekunlaşıb. Yaxınlarda xətlərin istismarı üçün müqavilə bağlanacağı gözlənilir.
Ərazicə kiçik olan Naxçıvanda böyük enerji layihələri planlaşdırılır. Stansiyaların mövcud 244.8 MVt-lıq generasiya gücünü yaxın illərdə 1500 MVt-a çatdırmaq mükün olacaq. Bu o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaqdır.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda bu istiqamət üzrə aşağıdakı tədbirlər nəzərdə tutulur: Alternativ və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi; dövlət-özəl tərəfdaşlığı ilə yeni enerji layihələrinin həyata keçirilməsi; yeni istilik elektrik stansiyasının tikintisi.
Dövlət proqramına əsasən "yaşıl enerji" istehsalı üçün 7992 ha ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi bir neçə layihə üzrə "Texniki-iqtisadi əsaslandırma"lar təhlil edilir. Stansiyaların tikinti prosesinin başlanmasına az qalıb. COP29 tədbirinə qədər stansiyaların təməlatma mərasiminin olacağı planlaşdırılır. Bəzi şirkətlərə "yaşıl enerji" istehsalı üçün dövət tərəfindən 1000 ha ərazi ayrılıb.
Göründüyü kimi, Naxçıvanda energetika sektorunda ciddi investisiya imkanları mövcuddur. Naxçıvanın "yaşıl enerji" konsepsiyası, bölgənin enerji sektorunda yeni bir dövrün başlanğıcıdır. Bu konsepsiya gələcək nəsillər üçün daha yaşıl və təmiz mühit yaratmaq üçün önəmli addımdır. Bu məqsədlərə nail olmaq üçün, dövlət və özəl sektorlar birgə səylər göstərirlər.
Tural Murtuzəliyev
“Azərbaycan” qəzeti