“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 iyul 2019-cu il tarixdə görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa keçirildi.
Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb dövrünün görkəmli mütəfəkkiri, şair, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsiminin yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından danışdı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edən İmadəddin Nəsiminin mürəkkəb yaradıcılıq yolu keçməsi, yaradıcılığa aşiqanə şerlərlə başlayıb sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazması mövzusunda çıxış etdi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, nəsimişünas alim Zəkulla Bayramlı “Nəsiminin həyat və yaradıcılığı, özündən sonrakı Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda məruzə etdi.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, kitabxananın şöbə müdiri Yeganə Qarayeva çıxışlarında Nəsiminin bədii yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında rolunu xüsusi qeyd etdilər.
Azərbaycan Dövlət Milli Konservatoriyasının tələbəsi Arzu Məmmədova Nəsiminin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa etdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı Nəsiminin “Etməgil”, “İstəməz” qəzəllərini söylədi.
Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.
Tədbir boyu Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş edildi.
Dəyirmi masanın sonunda “Məndə sığar iki cahan” adlı kitab sərgisinə baxış keçirildi.
