06 avqust, 2025
Paylaş:

Nostradamus

Öz kəhanətləri və ölüm tarixini bilməyi ilə tanınan dünyaşöhrətli öncəgörücü fransız əczaçı və kimyagər Nostradamus... Doğulduğu gündən bu günə qədər sirli  sandıq kimi dünyanın maraq dairəsinə salan bu adamın müharibələrdən  tutmuş yanğınlar, yoluxucu xəstəliklər, təbii fəlakətlərə qədər gələcəklə bağlı verdiyi proqnozların bir çoxunun doğru çıxdığı iddia edilir. Bəs kim idi o əslində? Həqiqətənmi dünyada baş verəcək bütün hadisələrdən xəbərdar idi?

Əsl adı Mişel de Notrdam olan Nostradamus  16-cı əsrdə yaşayan astroloq, kahin, münəccimdir. Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qrupa ayırmaq olar. Peyğəmbərlər gələcək haqqında məlumat veriblər və  dedikləri eynilə düz çıxıb.  Allah göndərdiyi peyğəmbərlərə gələcək haqqında xəbərləri bildirib. Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Bu açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb, şöhrətə yiyələnib və maddi mənfəətlər əldə ediblər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə olunub. Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Erik Russel  kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: "Avropalı astroloqlar gələcəkdə baş verəcək hər hansı bir daşqından xəbər verərək: "Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq", - deyirlər. Hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur. Lakin zamanın axarı bu açıq yalanı da silir və untdurur. Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və "planetlərin balıq bürcündə bir yerə gələcəyi" sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər". Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn, onlar "filan tarixdə filan insan öldürüləcək" deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət  göstərici olur və uzun müddət unudulmur. Hadisə baş vermədiyi zaman isə bu yalan qısa müddətdə unudulub gedir. Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70-i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyətini bir çox insan bacara bilər. Nostradamus özünün gələcəklə bağlı xəbərlərində "müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini" bildirir.  Çarles Vard onun haqqında belə deyir: "Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini də o özü yandırıb!".

Nostaradamus qeyri-müəyyən, ikimənalı, hər bir şərhə açıq sözlər deməkdə usta olub. Bernard Capın fikrincə, o  öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu.

Deyilənə görə, guya Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonrakı Napoleona bəstəboy demişdi. Sonrakı 300 ilin zalımı isə Hister adını verdiyi Hitler olmuşdu.  Görücü Böyük Britaniyadan da bəhs edir. Hərçənd Böyük Britaniya onun ölümündən 152 il sonra yaranmışdı.  O, eləcə də özündən 210 il sonra yaranmış ABŞ dövlətindən də söz açmışdı. Guya Nostradamus öz ölümünün də dəqiq tarixini bilirmiş. Deyilənə görə, 62 yaşlı görücü bir gün əvvəl  qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək "məni sabah diri görməyəcəksiniz" deyibmiş. Səhəri gün onu laboratoriyasında ölü halda tapıblar.

Qısası, Nostradamus sadəcə bir fırıldaqçıdır. Onun şəxsiyyətinin müəmması yaşadığı dövrdən indiyə qədər hələ də davam edir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()