21 yanvar, 2025
Paylaş:

Odri Hepbern

"Bir tərəfim həmişə uşaq kimi qaldı. Amma bir tərəfdən də, uşaq yaşlarımda böyüdüm. Çünki gənc vaxtımda qorxu və kədərlə tanış oldum...". Belə demişdi Hollivudun agent aktrisası Odri Hepbern. "Milyonu necə oğurlamaq olar" filmindəki Nikol obrazı ilə tamaşaçılarının qəlbini ovsunlamağı bacaran bu aktrisa yaşadığı çətinliklərə baxmayaraq, bütün zamanların ən gözəl qadını olaraq qaldı... Təkcə aktrisa kimi deyil, həm də stil ikonası, gözəllik şahzadəsi kimi yaddaşlara həkk olan bu xanımın tək bir baxışı üçün milyonlarla kişi milyonlarını qurban verərdi…

Belçikanın Brüssel şəhərində anadan olan aktrisanın anası hollandiyalı, atası isə varlı ingilis bankiri idi. Atası zamanının çox hissəsini ölkə xaricində keçirsə də, evdə olduğu vaxtlarda anası ilə mübahisə edərdi. Evdəki davalardan uzaqlaşmaq istəyən Odrinin gün keçdikcə içinə qapandığını hiss edən anası, özgüvənini bərpa etməsi üçün onu Londona internat məktəbinə yollayır. Çox keçmir ki, atası ailəni tərk edir. Odri bundan daha çox sarsılır. Psixologiyası pozulan qızcığazın tək çıxış yolu baletə getmək olur. Çünkü balet onun sevdiyi idman növlərindən biri, hətta birincisi idi. İllər keçsə də, o, atasının onları tərk etməsini qəbul edə bilmirdi.

İkinci Dünya müharibəsi başlayan zaman anası ilə birlikdə Hollandiyaya köçürlər. Ancaq Almaniya ordusu Hollandiyanı da işğal etdikdən sonra Odri "Hollandiya Müqavimət Təşkilatı" üçün işləməyə başlayır. İlk aktyorluq qabiliyyətini təşkilat üçün gizli mesajlar daşıyan bir agent olaraq sərgiləyir. Müharibə bitdikdən sonra yenə balet məktəbində dərslərini davam etmək üçün Londona yola düşür. Rəqs qabiliyyətini müharibə zamanı itirdiyinin fərqinə varan Odri yaxşı bir balerina olmayacağını anlayır və teatr səhnələrində rol almağa başlayır.

Ardından Hollivuddan ona "Roman Holiday" adlı film üçün baş rol təklifi gəlir. Bir şahzadənin həyatını canlandırdığı bu film sayəsində ilin ən yaxşı aktrisası mükafatını qazanır. Hollivudun film dünyasına sürətlə və təsirli bir giriş edən Odri qısa zamanda ən məşhur aktrisalardan birinə çevrilir. Gözəlliyi ilə də kişilərin ağlını başından alan aktrisanın sevgi macəraları günü-gündən çoxalır. İlk eşq həyatı elə səhnə yoldaşı Villiam Holden ilə başlayır. Lakin bu sevgi çox uzun sürmür. Hər zaman evlənib, övlad sahibi olmağı arzu edən Odri Holdenin xəstə olduğunu, uşağı olmayacağını bilən kimi ondan ayrılır. Aktrisanın ilk evliliyi tədbirlərin birində tanış olduğu rejissor Mel Ferrer ilə baş tutur. Qısa müddət sonra övlad sahibi olan aktrisanın nəhayət arzusu gerçəkləşir. Lakin onlar yola gedə bilmədikləri üçün çox keçmir ki, boşanırlar. Aktrisanın ikinci evliliyi italyan psixoloqla olur. Bir il sonra ikinci həyat yoldaşından da övlad sahibi olan Odri özünü xoşbəxt hiss edir. Lakin bu evlilik də çox çəkmir. Buna səbəb isə həyat yoldaşının onu başqa qadınlarla aldatması olur. Yaşadığı uğursuz evliliklərdən sonra bir daha evlənməyə tərəddüd edən, həmişə gerçək eşqi axtaran Odri bir gün nəhayət onu tapır: Robert Woldersi.

Robert də eynilə onun kimi çətin həyat yaşamış, müharibə zamanlarında bir neçə ölkə dəyişmişdi. Ona görə də onlar bir-birini anlaya bilirdi. Müharibədə yaşadığı ağır günləri unutmayan Odri Hollivuddan ayrılıb, ikinci bir kariyerini qurmağa başlayır. UNICEF üzvü olan Odri həyatının son beş ilində köməyə ehtiyacı olan insanların həyatını xilas etməklə məşğul olur.

Aktrisa 63 yaşında ağciyər xərçəngindən vəfat edib. Lakin aradan illər keçməsinə baxmayaraq, dünyanın bir çox qadınları onun yaşadıqlarından ilham alır. Çünkü o, yaşadığı sıxıntılara baxmayaraq, güclü qala bilməyi bacarmışdı...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()