Ofeliya Aslan
Onun adı çəkiləndə ağıla ilk olaraq "Hicran" tamaşası, "Çarliston" obrazı gəlir. Dəlisov, çılğın, şən xarakterə malik aktrisanın yaratdığı obrazlar həyatı ilə tamam ziddiyyət təşkil edir. Söhbət 71 illik ömründə dadmadığı ağrı, yaşamadığı faciə qalmayan, qeybdən səslər eşidən, əri tərəfindən xəyanət edilən və aldadılıb ruhi xəstəxanaya aparılan görkəmli aktrisa Ofeliya Aslandan gedir...
Aktrisa Bakının Saray kəndində, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı idi. Rza Əfqanlı əslən Güney Azərbaycandan olsa da bütün həyatı Bakı ilə bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolu isə elə əvvəldən rəssamlıqdan keçib. Cütlük dəfələrlə ayrılıb, sonra yenidən barışıb. Amma bir-birilərini böyük sevgiylə seviblər. Bütün bunlara baxmayaraq, ömürlərini ayrı başa vurublar. Çox güman ki, elə bu da qızlarının - Ofeliya Aslanın taleyinə təsir göstərib...
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirən Ofelya xanım təhsilini başa vurduqdan sonra Kukla Teatrına təyinat alır. Həyatına yön verən də elə bu addım olur. Bəlkə də elə teatra yox, faciəsinə doğru addımlamağa başlayır... Günün birində onunla eyni fakültəni bitirmiş Səyavuş Aslan Kukla Teatrına gəlir. Hələ üzünü görmədiyi Ofeliya Aslanın səsinə heyran olan aktyor tamaşadan sonra kulisə gedir. Beləcə tanış olurlar. Münasibətləri addım-addım irəliləyir. Bir il sonra Səyavuş Ofeliyaya hisslərini açır... evlənirlər...
Deyilənə görə, cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin tapşırığı ilə ona teatrın paltar sexindən bəylik kostyumu verilib. Bu izdivacdan cütlüyün Çingiz və Eldar adlı iki oğlu dünyaya gəlib. Bir müddət sonra onların arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir və boşanırlar. Şayiələrə görə, onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. O, teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Ərinin onu aldatmasından xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Beləcə bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...
Ofeliya xanım bütün bunları belə xatırlayırdı: "...Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək... Orada professorla görüşdüm, bir neçə gündən sonra isə hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram". Deyilənə görə, onlar ayrılsalar da, Ofeliya xanım çox vaxt keçmiş həyat yoldaşının qayğısına qalıb, yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib...
Ofeliya xanım çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-biriləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta "Hicran" tamaşasında oynayanda da küsülü olublar.
Səyavuş Aslan Ofeliya xanım haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Hətta o, dəfələrlə peşman olduğunu dilə gətirib. Deyilənə görə, sonralar ona başqası ilə evlənmək təklif edilsə də, razı olmayıb. Deyib ki, mən başqası ilə evlənsəm, qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.
Ofeliya xanım 71 yaşında ürəktutması səbəbindən dünyadan köçdü. Özü kimi susqun, unudulmuş Çəmbərəkənd qəbiristanlığını özünə son mənzil seçdi. Vida mərasimində hamıdan çox göz yaşı axıdan da Səyavuş Aslan oldu. Onun xəstəliyi həm də buna görə lap ağırlaşdı. 3 il sonra, 77 yaşında o da bu dünyaya vida etdi. Bəlkə də indi onlar bir yerdədirlər, bu dünyada heç vaxt tapa bilmədikləri rahatlığı orada tapıblar, nə bilmək olar...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.