Orta məktəb şagirdləri Kitabxanada qonaq oldu
Novruz bayramı ərəfəsində Mirələkbərov İbrahim adına 153 saylı tam orta məktəbin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Balaca məktəblilər üçün burada Bahar bayramını simvolizə edən personajların iştirakı ilə şənlik təşkil edilib. Kitabxananın direktoru Aslan Cəfərov məktəbin müəllimi – Zinyət Əmirovanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Milli-mədəni dəyərləri, xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri özündə əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruz bayramının bu gün azad olunmuş torpaqlarımızda təntənə ilə qeyd olunduğunu böyük qurur hissi ilə dilə gətirib. Məktəbilərin sinif rəhbəri Zinyət Samir insanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını, hər bir məktəblinin öz tarixini, keçmişini, mədəniyyətini, ədəbiyyatını bilməli və bu işdə onlara kitabların və mütaliənin böyük yardımçı olacağını söyləyərək, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə edib.
Tədbirdə balaca məktəblilər üçün yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi irsini özündə əks etdirən Novruz bayramına həsr edilən videomaterial nümayiş etdirilib, qurama, rəssamlıq, keramika üzərindən məşğələlər təşkil edilib. Şagirdlərin söylədikləri şerlər, hazırladıqları əl işləri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb, kitabxana tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.














