Pal Erdöş
"Qəbirdə dincəlməyə çox vaxtım olacaq...". Belə deyərdi ona bir az dincəlməyi təklif edən dostlarına XX əsrin ən görkəmli riyaziyyatçılarından olan Pal Erdöş... Axı onun üçün riyaziyyatdan vaz keçmək "ölmək" demək idi. Bütün ömrünü elmə həsr edən bu dahinin həyatda ən çox zövq aldığı məşğuliyyətinin qəhvə və rəqəmlər olduğunu söyləsək yəqin ki, yanılmarıq. Bəlkə də elə bu səbəbdən tanınmış riyaziyyatçı Alfred Renyi onu "qəhvəni teoremə çevirən maşın" adlandırmışdı...
Budapeştdə (o dövrdə Avstriya-Macarıstan) doğulan riyaziyyatçı yəhudi əsilli ailənin sağ qalan yeganə övladı idi. Belə ki, ondan daha əvvəl doğulan iki bacısı körpə ikən qızılcadan ölmüşdü. Hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət ali məktəb müəllimi işləmişdilər. İrsən valideynlərindən keçən riyazi qabiliyət Palda çox erkən yaşında özünü göstərmişdi. Belə ki, hələ dörd yaşında ikən o beynində dörd tərtibli rəqəmlər üzərində vurma əməliyyatını həll etməklə hər kəsi təəccübləndirməyi bacarırdı.
Bu dahi şəxsiyyət elmə bəxş etdiyi töhfələrlə yanaşı, özünəməxsus vərdişləri ilə də yaddaşlarda qalıb. Belə ki, riyaziyyatçı yuxuya getməmək üçün qəhvə və amfetaminlərdən (sakitləşdirici maddələr) istifadə edirmiş. Bu yolla o, iyirmi saat işləyə bilirmiş. Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdöş bir ay amfetaminsiz qalmağa razı olur və mərci udur. Lakin dostuna şikayət edərək söyləyir ki, "Məni amfetaminsiz qoyaraq, sən riyaziyyata bir zərbə vurmuş oldun".
Həyatı boyu heç vaxt evlənməyən alim bunun səbəbini bütün diqqətini işinə cəmləməsi ilə əlaqələndirib. Qeyri-adi şəxsiyyətə sahib olan riyaziyyatçının özünəməxsus danışıq tərzi də var idi. Belə ki, alim uşaqları "epsilon", qadınları "rəis", kişiləri isə "qul" adlandırırdı. Riyaziyyatla məşğul olmayanları isə "ölü insanlar" adlandırmışdı.
Onun nə daimi yaşadığı bir evi, nə də ki, zövq aldığı bir hobbisi var idi. Elə bu səbəbdən də bütün əşyalarını bir cüt çamadanda saxlayırdı. Bir sözlə, alimin həyatı da bir neçə saat yatmaq, yemək, içməklə keçib. Ən əsası isə riyaziyyatsız keçən bir anı belə olmayıb. Sözün əsl mənasında, özünü elmə fəda edən alim 83 yaşında ürək çatışmazlığı səbəbindən həyatla vidalaşıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.