"Pantürkçü" eston - Birinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə (II hissə)
1937-ci ilin yanvarında həbs edilən professor Bəkir Çobanzadənin dindirilməsi zamanı da İnstitut direktoru və alim kimi A.Zifeld diqqətdən kənarda qalmamışdı. Çobanzadə həmkarı ilə münasibətlərindən bəhs edərkən demişdi: "Müsavatçılarla razılıq əsasında mən akademik Samoyloviçin Cəmiyyətinin (ATTC nəzərdə tutulur - V.Q.) Türkologiya seksiyasının sədri seçildim. Cəmiyyət əsas etibarı ilə pantürkçü ideyaların təbliği istiqamətində işləyirdi. Cəmiyyət sədrinin müavini Zifeldin bu məsələdən yaxşı xəbəri vardı. Zifeld özünün də pantürkist olduğunu tanışlığmızın ilk günü mənə demişdi. Arslan Muradlı təxəllüsü ilə pantürkçü "İttihad və Tərəqqi"nin mərkəzi orqanı olan "Türk Yurdu" jurnalı ilə əməkdaşlıq etdiyini bildirmişdi. Mənim Azərbaycanı Öyrənmə Cəmiyyəti xətti ilə nəşr olunan, bu və ya digər şəkildə pantürkçülük təbliğ edən kitablarıma bir qayda olaraq o, rəy verirdi və əsas pantürkçü fikirlərimlə tam razı idi. 1926-cı ildə Zifeld Təşkilat Bürosunun üzvü kimi Birinci Türkoloji qurultayın hazırlanıb keçirilməsində bilavasitə iştirak etmişdi. Pantürkçü əksinqilabçı nümayəndələrin etirafına görə, qurultayda dinlənən pantürkçü məruzələr, tezislər ona yaxşı məlum idi, əvvəlcədən baxıb bəyənmişdi. Pantürkçü istiqamətini ört-basdır etmək üçün sonradan akademik Marrın yafəti nəzəriyyəsinə qoşulmuşdu. Dediklərim onun elmi fəaliyyəti ilə də öz təsdiqini tapır. Zifeld müxtəlif texniki üsullardan istifadə edərək mahiyyət etibarı ilə yenidən pantürkçü fikirlərinə qayıtmışdır. Zifeldin "Uralo-Altaika", "Türkoloji etüdlər" əsərləri sözlərimə parlaq nümunə ola bilər. Eyni işi mən də tatar dilinə münasibətdə həyata keçirmişəm". 1937-ci ildə bu tipli ifadələrin necə alındığı bilindiyindən onların yenidən təhlilinə, nəyin doğru, nəyin isə xilas, yaxud növbəti işgəncədən can qurtarmaq üçün özünə və həmkarıma atılmış böhtan olduğunu araşdırılmasına xüsusi lüzum görmürəm.
Bakı Universitetinin professoru, tarixçi-alim Qaziz Qubaydullin isə sorğu-sual zamanı həmkarının bu sözlərini "xatırlamışdı": "Şərq adamının komminizmə yolu adətən belə olur: əvvəl o, yerli miqyasda millətçiyə çevrilir, sonra isə pantürkçülük və panturançılıqdan keçərək nəhayət, beynəlmiləlçi kimi üzə çıxır".
Təbii ki, belə "daşdan keçən" ifadələrdən sonra həbs artıq qaçılmaz idi. NKVD əməkdaşları "Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 25 saylı binanın 4-cü mənzilində yaşayan, 1889-cu ildə Estoniyanın Revel şəhərində doğulmuş Artur Rudolfoviç Zifeldin" dalınca 1938-ci il fevralın 11-də gəldilər. Üç gün sonra doldurulmuş "Həbs olunan şəxsin anketi" adlı 1570 nömrəli sənəddə (bu həm də məhbusun identifikasiya nömrəsi idi) peşə və ixtisası "tarixçi-professor" kimi göstərilmişdi. "İş yeri, vəzifəsi və məşğuliyyət növü" qrafasında "EA Azərbaycan Filialında qədim Şərq tarixi üzrə məsləhətçi-professoru" olduğu bildirilirdi. Sosial mənşəyi əsnaf, hazırkı və inqilaba qədərki sosial vəziyyəti isə "qulluqçu" kimi qeyd olunmuşdu. Ali təhsil aldığı, 1915-ci ildən ÜİK(b) üzvü olduğu təsdiq edilirdi. Bakı şəhər milis idarəsinin verdiyi 5 illik etibarlılıq müddətinə malik pasportun daşıyıcısı olması, ehtiyat hərbi qulluqçu kimi Bakı şəhər hərbi komissarlığında qeydiyyata alınması, ağqvardiyaçı dəstələrdə və sovet rejiminə qarşı mübarizə aparan bandalarda, habelə dövlət əleyhinə üsyanlarda iştirak etmədiyi, sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmadığı, cinayət məsuliyyətinə cəlb edilmədiyi haqdakı ənənəvi bilgilər də trafaret xarakterli sənəddə öz əksini tapmışdı. "Ailə tərkibi" qrafasında 35 yaşlı xanımı Sara Xovanskayanın (1904) və 11 yaşlı qızı Uraltayın (1927) adları qeyd olunmuşdu. Azərbaycan SSR Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi idarəsinin 4-cü şöbəsi tərəfindən həbs edilib idarənin həbsxanasında saxlanması ilə bağlı qeyd sənədin müvafiq bölümündə əksini tapmışdı. "Məhbusun imzası" qrafasındakı həyəcan və əsəbilikdən uzaq aydın, oxunaqlı xətt Artur Zifeldin baş verənlərə bəlkə adi anlaşılmazlıq kimi yanaşdığını, ya da daxilən belə bir sonuca əvvəldən hazır olduğunu düşünməyə əsas verir.
Bir neçə gündən sonra irəli sürülən ittiham isə məsələnin sadədil, bir qədər də əhlikef Artur Rudolfoviçin düşündüyündən qat-qat ciddi olduğunu göstərdi. Sənəddə deyilirdi: "Zifeld Artur Rudolfoviç. Dil və Ədəbiyyat İnstitutunun direktoru. Baxışlarına görə pantürkçüdür. İmperialist savaşına (I Dünya müharibəsi) qədər Türkiyədə çıxan "Türk Ordu" (mətndə belə gedib, əslində "Türk Yurdu" olmalıdır - V.Q.) jurnalında Simumyaqi təxəllüsü ilə iştirak edib. Ural-Altay xalqlarının Turan adlı vahid dövlətdə birləşməsi fikrini dəstəkləyib. 1930-cu ildə çap olunan "Ural-Altayka" (müstəntiqin məsələyə bələdlik dərəcəsi!!!) əsərində panturanizm prinsiplərini ortaya qoyub. Xalid Səid Xocayevə Mahmud Kaşqarskinin pantürkist təbliğat nümunəsi olan üç cildlik "Türk dili məcmuəsi" ("Divani lüğət-it-türk"- V.Q.) əsərinin tərcümə olunmasının təşkilinə yardım göstərib. Bu, 1934-1936-cı illərə aiddir. İnstitutu zibilləyib".
Göründüyü kimi, onu, keçmiş müavini Qulam Bağırovu, direktor vəzifəsində Zifeldi əvəz etmiş İdris Həsənovu və bütün filialın elmi katibi, tanınmış kimyaçı alim Cəfər Kazımovu daha çox "ziyankarlıqda" təqsirləndirirdilər. Amma təbii ki, bu, heç bir halda Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına münasibətdə pantürkçülüklə bağlı siyasi xarakterli ittihamları gündəlikdən tam şəkildə çıxarmamışdı. İstintaqın fikrincə, bu məsələdə A.Zifeld-Simumyaqi əksəriyyəti artıq həyatda olmayan həmkarlarının ifadələri ilə kifayət qədər ifşa olunmuşdu.
Maraqlıdır ki, azərbaycanlı ziyalıların "işi" bir qayda olaraq erməni, yəhudi, rus müstəntiqlərə tapşırıldığı halda A.Zifeldin istintaqını azərbaycanlı çekist Mustafayev və rus həmkarı Dranişnikov aparmışdı. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin arxivində saxlanan Pr.22326 saylı "istintaq işindən" də göründüyü kimi, müttəhimin milliyyətcə eston olması (həmin dövrdə Estoniya burjua respublikası idi və SSRİ-nin düşməni sayılırdı), eser-menşevik keçmişi xüsusi xidmət orqanlarına maraqlı görünməmişdi. Lenini şəxsən tanıması, aralarındakı əməkdaşlıq da diqqəti çəkməmişdi. Bu "mühüm fakt" yalnız günahsız müqəssirə bəraət verildiyi zaman yada düşmüşdü.
İstintaq, eləcə də sonrakı bəraət prosesində A.Zifeldin bacarıqlı alim, lakin yarıtmaz rəhbər və təşkilatçı olduğu dəfələrlə vurğulanmışdı. Məsələn, "yaxşı alimdir, amma pis idarəçi və təşkilatçıdır" (Q.Bağırov), "biz Zifeldin təşkilatı məsələlərdə çox naşı olduğunu bilirdik" (S.Tevosov), "insan kimi yumşaq xarakteli idi, tez inanırdı, heç kimi incitməməyə çalışırdı. İnzibatçı kimi zəif idi, əsasən elmlə məşğul olur, İnstitutun təsərrüfat həyatı ilə az maraqlanırdı" (A.Klimov). Təbii ki, sadalananlar insanı nəinki ən şirin nemət olan həyatdan məhrum etməyə, hətta həbsə atmağa da əsas vermirdi. Amma necə deyərlər, bayırda 1937-ci il idi...
A.R.Zifeld-Simumyaqinin məhkəmə istintaqı və zindan həyatı barəsində F.Aşninin kitabında geniş məlumat verildiyindən burada təkrara ehtiyac görmürəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, qatı pantürkçü olması ilə bağlı irəli sürülən ittihamları qətiyyətlə rədd etmişdi. Daha doğrusu, 1924-cü ilə qədər bu ideya cərəyanına böyük maraq göstərdiyini, sonradan isə uzaqlaşdığını boynuna almışdı. Görünür, üstəlik, müstəntiqlərin işin incəliyinə bələd olmadığını bildiyindən Ural-Altay nəzəriyyəsinə marağını pantürkçülüyə qarşı mübarizə kimi qələmə vermişdi. Amma işgəncə qarşısında da (həbsxanada anfas və profildən çəkilmiş şəkillər bunu aydın göstərir) "pantürkçü təşkilata" mənsubluğunu etiraf etməmişdi. İttiham aktında bu məqam, eyni zamanda özünü təqsirli bilməməsi qeyd olunsa da, 1931-ci ildə "pantürkçü B.Çobanzadəni qanadı altına alması" xüsusi vurğulanmışdı.
Müəyyən mənada A.Zifeldin bəxti gətirmişdi. 1939-cu ilin mayında, ona hökm elan olunanda NKVD-də artıq başqa qaydalar hökm sürürdü. Ölkəni vahimə altında saxlayan "qorxunc cırtdan" - Nikolay Yejov vəzifədən uzaqlaşdırılıb yüz minlərlə günahsız insanı göndərdiyi məlum ünvana yola salınmışdı. Beriyanın gəlişi ilə qanunçuluq təmin olunmasa da, müəyyən yumşalma yaranmışdı. Nəticədə bir il əvvəl üçlüyün qərarı ilə bəlkə də "ən yüksək cəzaya" layiq görünməsi şübhə doğurmayan Artur Zifeld 8 illiyinə həbs düşərgəsinə göndərilmişdi. Xüsusi müşavirə 6 iyun 1939-cu il tarixli iclasında hökmü təsdiq etmişdi.
Amma məhbusun bu cəzanın heç yarım ilini çəkməyə də gücü çatmadı. 1939-cu il dekabrın 6-da Kolımada, həbs düşərgəsində öldü. Həkim arayışında ölüm səbəbi kimi "qocalıq halsızlığı və orqanizmin gücünün tükənməsi" göstərilmişdi...
Vilayət Quliyev,
“525-ci qəzet”