Pele
Futboldan söhbət düşəndə ilk növbədə göz önünə milyonların kumirinə çevrilən futbolçular gəlir. Və təbii ki, onlardan biri, bəlkə də elə birincisi "Futbol kralı" titulunu qazanmış Peledir...
Əsl adı Edson Arantes do Nasimento olan Pele çox kasıb bir ailədə dünyaya göz açıb. Atası əyalət komandasında çox da tanınmayan futbolçu olub. Buna baxmayaraq, balaca Edson həmyaşıdlarının yanında futbolçu oğlu olmağı ilə fəxr edib və ona elə gəlib ki, atası güclü oyunçudur.
Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşayan Pele valideynlərinə maddi cəhətdən kömək etmək üçün çəkməçi emalatxanasında işləyib. Həyətdə futbol oynamağı sevən balaca Edson dəfələrlə topla evin pəncərələrini sındırıb və anası həmişə buna görə onu danlayıb. Sonradan bunu xoş xatirə kimi xatırlayan Pele var-dövlət sahibi olanda anasına son dərəcə yaraşıqlı və dəbdəbəli villa alıb.
İlk dəfə uşaq futbol turnirində Pele iştirak edə bilməyib. Buna səbəb isə valideynlərinin ona butsi almağa pulunun olmaması idi. Yoxsulluq içində böyüyən Pele ailəsinin ona əsl futbol topu almağa imkanı olmadığı zamanlarda köhnə tullantılar doldurulmuş corabla məşq edib. Gənc yaşlarda çayxanalarda qulluqçu işləməklə, ayaqqabı parıldatmaqla, kinoteatrlardan kənarda qovrulmuş fıstıq satmaqla əlavə pul qazanıb. Ayaqqabı ala bilmədiyi üçün tez-tez ayaqyalın oynadığından dostları yaratdıqları futbol komandasının adını "Ayaqqabısızlar" qoyub.
Edsonu uşaqlıqdan Pele çağırıblar. Bu ləqəbin ona necə verilməsini futbolçu özü də xatırlamır. Dövlət başçılarının çoxu Peleyə qarşı böyük rəğbət bəsləyib. Onlardan bəziləri "Futbol kralı" ilə şəkil çəkdirməkdən zövq alıb. İran şahı isə xüsusilə Pelenin azarkeşi olub. Hətta o, Peleni qarşılamaq üçün üç saat hava limanında böyük həvəslə futbolçunu gözləyib. Əfsanəvi futbolçu dünyada yeganə oyunçudur ki, 3 dəfə dünya çempionu titulunu qazanıb. Jurnalistlər "Futbol kralı"na ikinci Pele dünyaya gələcəkmi sualını verəndə o, çox sadə bir cümlə ilə belə cavab verib: "Mənim atam və anam uşaq istehsalını dayandırıblar".
O, özünü aktyor kimi kino sahəsində də sınayıb. "Futbol kralı" 1981-ci ildə "Qələbə" filminə çəkilib. Filmdə Pelenin tərəf müqabili Silvester Stalonin olub. Bundan əlavə, Pelenin adı bir çox ticarət markalarında istifadə olunaraq uğur qazanıb.
Pele üç dəfə evlənib, bu izdivaclardan beş övladı dünyaya gəlib. Futbolçunun macəraları və qeyri-qanuni uşaqları haqqında şayiələr dolaşsa da, deyilənlərlə bağlı heç bir dəlil yoxdur. 82 yaşında vəfat edən Pele ömrünün son illərində bud sümüyündən əməliyyat olunub və əlil arabasına möhtac qalıb. Ölümünə daxili orqanların çoxsaylı çatışmazlığı və kolon xərçənginin ağırlaşması səbəb olub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.